Azad edilmiş ərazilərdə tikinti üçün icazələrin verilməsinə böyük məsuliyyətlə yanaşılmalıdır - Memar Hadisə

Azad edilmiş ərazilərdə tikinti üçün icazələrin verilməsinə böyük məsuliyyətlə yanaşılmalıdır - Memar

Yaxın illərdə qarşımızda azad olunmuş ərazilərdə erməni istilaçıları tərəfindən dağıdılmış yüzlərlə şəhər və kəndlərin bərpası kimi böyük bir vəzifə duracaq. Trend-in bu məsələ ilə bağlı suallarını tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev cavablandırıb:

- İşğaldan azad edilmiş rayonlarımız memarlıq baxımından necə bərpa edilməlidir? Onların əvvəlki memarlıq görünüşüi saxlanılmalı, yoxsa yeni bir üsluba üstünlük verilməlidir?

- Bir neçə gün əvvəl internetdə naməlum Bakılı vizualizator həmkarımın Şüşada müasir göydələnlər tikməyi təklif etdiyi videoya baxdım. O, çoxmərtəbəli şüşə binaların fonunda Yuxarı Gövhər Ağa məscidini təsvir etmişdi. Əlbəttə ki, bu ideya ilə qəti razı deyiləm! Bu, qeyri-peşəkarlığın və öz tariximizə hörmətsiz münasibətin əlamətidir. İşğaldan azad edilmiş Qarabağ şəhər və kəndlərində məhz həmin regiona xas olan və tarixən formalaşmış yaşayış tipini, şəhərlərin tarixi mühitini bərpa etmək lazımdır. Mənə elə gəlir ki, yalnız ayrı-ayrı memarlıq abidələri və ya binaların bərpasına yox, azad olunmuş kəndlərin küçələrinin, tikililərinin və mühitinin ümumi xarakterini bərpa etməyə, mərtbələrin sayının saxlanmasına, qədim küçə və məhəllələrin adət etdiyimiz siluet və planlaşdırılmasının qorunmasına nail olmaq lazımdır, gözəl də olsa müasir memarlıq nümunələrini ucaltmağa yox. Biz, azad edilmiş ərazilərdə tikinti üçün icazələrin verilməsinə böyük məsuliyyətlə yanaşmalı və diqqətlə seçim etməli, özünəməxsus diyarımızn gözəlləyinə xələl gətirə bilən şübhəli keyfiyyətli memarlıq layihələrinin icrasına imkan verməməliyik.

Mən özüm də müasir memaram və müasir memarlığın vurğunuyam, lakin onu ağıl və səriştə ilə istifadə edərək tətbiq etmək lazımdır. Əlbəttə ki, tarixi tikili ilə yanaşı müasir bina tikmək olar, lakin o, təşəkkül tapmış sıradan hündür olmamalı, koloristikası ilə konkret tarixi məkanda qəbul edilmiş qammadan fərqlənməməlidir, öz forma və həcmi ilə, ehtimal ki, qəbul edilmiş tarixi memarlıq tipini təkrarlamalıdır. Misal üçün, Amerikada by yaxınlarda inşa edilmiş Mercerburg Academy-nin yeni binası. Müasir bina, müasir memarlıq – lakin, tarixdən təşəkkül tapmış üslub tamamilə saxlanılıb. Və bu, hətta mənim, peşəkar memarın, gözünə dərhal çarpmadı. Əsl memar ustalığı budur! Fasadda yüz il bundan əvvəl olan elementlərin ağılsız mexaniki sürətinin çıxarılması deyil – doğma paytaxtımızda biz bunu hər gün müşahidə edirik. Memarlar məhz bu cür, dəqiq və nəzakətlə, Qarabağ şəhər və kəndlərində təşəkkül tapmış tarixi görünüşə müdaxilə etməlidirlər.

- Bu prosesdə hansı təşkilatlar iştirak etməlidirlər?

- Hansı təşkilat və şirkətlərin bu prosesdə iştirak etmələrindən asılı olmayaraq başlıcası baş verənlərin açıqlığı və şəffaflığıdır, hər bir istedadlı memarın bu prosesdə iştirakı üçün şərait yaradılmasıdır. Fikrimcə, yalnız memarlıq müsahibələri ən peşəkar və yaxşı ideya və layihələri seçməyə imkan verir. Şəhərsalma və memarlıq üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət düşür. Bilirəm ki, onlar bütün vəziyyəti yaxşı başa düşürlər və bərpa edilən ərazilərdə şübhəli keyfiyyətə malik layihələrin icrasına heç zaman yol verməzlər. Ümidvaram ki, bütün qəbul edilmək üçün planlaşdırılan həllər və layihələr mütəxəssislərin və ictimaiyyətin müzakirəsinə çıxarılacaq və bununla cəmiyyət baha başa gələn mənəvi və maddi səhvlərdən müdafiə olunacaq. Bilirsiniz, vaxtilə Azərbaycan memarları nümayəndə heyətləri tərkibində tarixi mühitin bərpası təcrübəsini öyrənmək üçün başqa ölkələrə, o cümlədən ən yaxın qonşu ölkələrə səfər edərdilər – gəlin elə edək ki, artıq onlar bizim bacarığımıza və keçmişimizə məhəbbətimizə heyran olmaq üçün ölkəmizə gəlsinlər, təcrübəmizi mənimsəsinlər.

- Bəs tamamilə dağıdılmış memarlıq abidələrinə nə olacaq?

- Çox müşkül sualdır. Mənə elə gəlir ki, hər bir konkret hala fərdi yanaşmaq, çətin qərarlar qəbul etmək lazımdır. Misal üçün, Şuşadakı rəngli yandırılmış kərpicdən tikilmiş Saatlı məscidi məscidin əsas binası ilə birlikdə tamamilə yer üzündən silinmişdir. Biz onu XVIII əsrdə qəbul edilmiş texnologiyalara əsasən bərpa edə biləcəyikmi? Belə ustalarımız var? Şübhə edirəm. Bəs 1976-cı ildə memar Cəfər Qiyasinin layihəsi üzrə Şuşada tikilmiş məşhur Mineral sular qalereyası? Bu brutal bina betondan geniş istifadə, böyük şüşələnmə səthi kimi öz dövrü üçün yeni olan inşa texnologiyaları ilə maraqlı idi, lakin ətraf landşaftda kobud və yad görünürdü. Necə edək? İndi onu bərpa edək yoxsa yox? Buna görə, mənə elə gəlir ki, belə çətin birmənalı olmayan suallar Qarabağın bərpası üçün cavabdeh olan qurumun rəhbərinin yanında hansısa məşvərət orqanının tərkibindəki mütəxəssislər tərəfindən müzakirə edilməlidir. Və kollegial qərarlar qəbul edilməlidir. Şəxsən mən dağıdılmış memarlıq abidələrinin konservasiyası ideyasının tərəfdarıyam, istisna hallarda onların ən mühümlərinin itirilmiş orijinallara tam uyğun olaraq bərpa edilməsi şərti ilə. Saatlı məscidini yenidən tikmək olar, lakin həmin üslubu mexaniki təkrarlamaqla yox, köhnə tikilinin memarlıq və məkan obrazının saxlanılması ilə onu müasir interpretasiyada verməklə. Həmkarımın yaradıcılığına olan bütün hörmətlə deməliyəm ki, Mineral sular qalereyasını bərpa etmək lazım deyil.

- Ümumiyyətlə, müharibə dövründə tamamilə dağıdılmış şəhər və kəndlərin bərpası üzrə dünya təcrübəsi mövcuddur?

- Əlbəttə ki, böyük və, qeyd etməliyəm ki, birmənalı olmayan təcrübə mövcuddur. Bilirsiniz, müharibənin dağıtdığı şəhərlərin bərpasına olan yanaşmaların vahid bit təsnifatı yoxdur: dağılma dərəcəsi, bərpa işlərinin əhatəsi, müharibədən sonrakı tikinti üsulları və küçələrin yennidən planlaşdırılması kimi müxtəlif amlillərə əsaslanaraq, fərqli alim və tədqiqatçılar bərpa üsullarının iki, üç və ya çox növlərə ayırırlar. Misal üçün, Bakının tarixi mərkəzinin bərpası üzrə dissertasiyam üzərində iş zamanı mən Moskva memarlıq institutunun mərhum professoru Yuri Vladimiroviç Ranninski ilə ünsiyyət saxlayırdım. O, dörd belə istiqamət fərqləndirirdi. Birincisinə o, tikilinin planlaşdırılma sisteminin, binaların həcm-məkan strukturunun, bədii-obraz xaraktristikalarının dürüst təkrarı ilə mümkün qədər dəqiq bərpanı aid edirdi. Onun verdiyi təsnifata əsasən, ikinci istiqamət, qalıq şəklində qalmış binaların yalnız formalarını maksimum dərəcədə bərpa etməyi, dağıntı yerində isə itirilmiş binaların memarlıq formalarını bərpa etməyə heç bir cəhd etmədən onların ölçüləri və konturlarını təkrarlayan həcmləri ucaltmağı təklif edir. Binaların bərpası üçün zəruri sənədlərin çatışmazlığı səbəbindən Almaniyanın Köln şəhərində məhz bu yanaşma istifadə edilmişdi. Bəzən belə metodikanı fasadların müasir interpretasiyası ilə birlikdə istifadə edirlər, sonuncu üstünlük təşkil edən yerdə - bu artıq üçüncü istiqamətdi və Rusiya memarlarının burada yaxşı təcrübələri var. Və, nəhayət, dördüncü istiqamət dağıntılardan azad edilmiş sahələrdə yeni tikililərin yaradılmasını nəzərdə tutur və bu halda əvvəl mövcud olmuş planlaşdırma və mülkkiyyət sərhədləri nəzərə alınmır – müəyyən mərhələdə Almaniyanın Drezden şəhərində bu cür etdilər.
Başqa nəzər nöqtəsi də var, misal üçün İspaniya alimi Karlos İtriaqo dağıdılmış şəhərlərin bərpası üçüç artıq üç strategiya təklif edir: 1 – şəhərin keçmiş irsi ilə dürüst olmağa çalışan strategiyalar; 2 – əksinə, keçmişinə yad olan yeni şəhərin tikilməsi üçün dağıntıları istifadə edən strategiyalar, yəni yeni şəhərlər salınır; və 3 – mövcud irs və arzu edilən modernizasiya arasında kompromis axtaran strategiyalar, yəni emansipasiya edilmiş şəhərlər. Bu yolların hansını seçəcəyimiz – mütəxəssislərin geniş müzakirəsinin mövzusudur.

- Bəs siz özünüz necə düşünürsünüz?

- Bilirsiniz, yenə də misal gətirəcəm: Drezdenin Köhnə şəhərinin düz mərkəzində İntibah dövründə yaranmış və öz memarlıq çiçəklənməsinə barokko dövründə çatmış Noymarkt meydanı yerləşir. 1945-ci ilin bombardmanları zamanı onu və meydanda yerləşən Drezden şəhərinin əsas diqqətəlayiq binası olan Müqəddəs Məryəm Kilsəsini tamamilə dağıtdılar. Təsəvvür edin ki, məşhur kilsənin xarabalıqları, 1990-cı illərdə meydan və binaın bərpası başalayan qədər yarım əsr toxunmaz qaldı. İşlər əsasən rayonun müharibədən əvvəlki görünüşünün bərpasına yönəlmişdi. Bizim üçün ən maraqlısı odur ki, Müqəddəs Məryəm Kilsəsinin yenidən qurulması üzrə işlər üç prinsipə əsaslanırdı. Birinci: o, orijinal materialların istifadəsi və maksimal dərəcədə tikintinin orijinal planına uyğun olaraq bərpa edilməli idi. İkincisi: bu müasir texnologiyaların və mühəndislik və fizika üsullarının köməyi ilə edilməli idi. Üçüncüsü: eyni zamanda binanın XXI əsrdə dinamik istifadəsi üçün zəruri olan tələblərə cavab verməsinə lazımi diqqət ayrılmalı idi. Sonuncu bəndin hesabına yardımçı otaqların, parkinqin və texniki avadanlığın yerləşdirilməsi üçün iki yeraltı mərtəbə peyda oldu. Dağıntıların diqqətli təmizlənməsi gedişində hər bir daş sortlaşdırılmışdı və kompüter proqramının istifadəsilə öz yerə quraşdırılmışdı. Tikinti orijinal texnologiyaların istifadəsilə icra edilirdi, çatışmayan daş bloklar Sakson qumdaşından yenidən kəsilir və əllə emal edilirdi. İndiyə qədər əsl materialı bərpa edilmişdən asanlıqla fərqləndirmək mümkündür – orijinal daşlar yenilərdən daha tünddür – və onu ağartmaq heç kimin ağlına belə gəlməyib. Binanın müasir texnologiyaların tətbiqi və mütləq müasir ehtiyaclara uyğunlaşdırılması variantını mən ən düzgün hesab edirəm.

- Memarlıq abidələrinin bərpası üzrə işlər nə vaxt başlaya bilər?

- Əsası tələsməməkdir. Almanları görürsünüz? Bəzi hallarda yarım əsr gözləyirdilər! Təəssüflər olsun ki, biz bu günə çatmaq üçün uzunmüddətli, otuz illik yol keçmişik və buna görə ərazilərin bərpası üzrə tələsik, keyfiyyətsiz və bacarıqsız işlər aparılmasını istəməzdim. Fürsətdən istifadə edərək bütün memar həmkarlarımdan azad olunmuş ərazilərdə mədəni-tarixi irsimizin bərpası üzrə sifarişlərə məsuliyyətlə yanaşmanı, ən qısa zamanda ən az vasitə hesabına işlərin layihələşdirilməsini və icrasını tələb edən səriştəsiz və bəzən korrupsiyalı sifarişçilərin sözü ilə oturub-durmamağı xahiş etmək istərdim. Cəmiyyət bizim fəaliyyətimizi memarlıq layihəsinin hərtərəfli düşünülməsi, qəbul edilmiş qərarların düzgünlüyü və görülən işlərin keyfiyyəti kimi əsas meyarlara əsasən qiymətləndirəcək.