Azərbaycan ordusu 2014-cü ildə Hadisə

Azərbaycan ordusu 2014-cü ildə

Emin HƏSƏNLİ,
politoloq, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri

Son 20 ildə davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələrinin inkişafı baxımından 2014-cü il də parlaq göstəricilərlə əlamətdardır. Faktlar və rəqəmlər göstərir ki, Azərbaycan bu il siyasi, iqtisadi, sosial, beynəlxalq münasibətlər kimi vacib istiqamətlərlə yanaşı, ordu quruculuğu və onun gücləndirilməsi sahəsində böyük naliyyətlər qazanıb. İl ərzində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdi ki, bunların arasında birbaşa hərbi sahə ilə əlaqəsi olan "ADEX-2014" müdafiə sənayesi sərgisi ayrıca qeyd olunmalıdır.
Həmçinin başa çatmaqda olan ildə Silahlı Qüvvələrimizdə yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata keçirildi. Diqqət cəlb edən məqamlardan biri də ordu rəhbərliyinin mütəmadi olaraq cəbhə bölgələrinə səfər etməsi, döyüş bölgəsində yerləşən hərbi hissələrin şəraiti, əsgərlərin döyüş hazırlığı ilə yerində tanış olmaları, əmr, tapşırıq və tövsiyələr vermələri idi. İl ərzində mütəmadi keçirilən bu səfərlərin nəticəsi olaraq cəbhə zonasında döyüş tapşırığı icra edən hərbi hissələrin məişət şəraiti daha da yaxşılaşdırıldı, əsgərlərin təlimlər və döyüş növbəsi ilə yanaşı, məişət xarakterli işlərlə məşğul olmalarının miqyası azaldıldı.
Yanvar ayının əvvəllərində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının həyata keçirilməsini təmin etmək məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə hərbi hissələrdən birində səyyar toplantı keçirildi. General-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin qarşısında duran hədəfləri bir daha hərbçilərə xatırlatdı. Müdafiə nazirinin davamlı şəkildə hərbi hissələrə səfər etməsi, hərbi birləşmələrin döyüş hazırlığını yerində yoxlaması hərbçilərin məsuliyyətinin daha artırılmasını təmin edən amillərdəndir. Bu səfərlərin xronologiyasına baxsaq, görərik ki. general-polkovnik Zakir Həsənovun hərbi hissələrə hər gedişi xüsusi əhəmiyyət daşıyıb, səmərəli nəticələr verib. Hələ ilin əvvəlində - yanvarın 23-24-də Hərbi Hava Qüvvələrinin hərbi hissələrinə baş çəkəən nazir orada hərbi aviasiyanın döyüş hazırlığı səviyyəsi ilə tanış olub, müvafiq tapşırıqlar verib. Fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrə, Müdafiə naziri başda olmaqla, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri səfər ediblər, onlar döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşlər keçirib, ön xətdə mövcud vəziyyətlə tanış olublar.
İl ərzində Azərbaycan Silahlı Qüvələri keçirilən bir neçə irimiqyaslı təlimlə diqqəti çəkdi və ölkənin müdafiə qüdrəti barədə layiqincə yüksək təəssürat yaratdı. Belə təlimlərdən biri aprel ayında Naxçıvan Muxtar Respublikasında general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirildi. Muxtar Respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyət və təminatın təşkili, döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrasının yoxlanılması məqsədilə keçirilən təlimlərə odunun şəxsi heyəti, aiasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnika cəlb edilmişdi. Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyevin də müşahidə etdiyi təlimlərdə geniş kontingentdə şəxsi heyət, çox sayda zirehli texnika qatılmışdı.
Qeyd etmək lazımdır ki, ordu birləşmələrinin təlimləri il ərzində davam etdirilib. İyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirildi. Birgə təlimlərdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş verolyotu iştirak edirdi. Ölkə başçısının rəhbərliyi altında keçirilən təlimlərdə ordu bölmələri qarşıya qoyuşmuş tapşırıqları uğurla icra etdilər. Təlim zamanı yüksək peşəkarlıq nümayiş etdirən Silahlı Qüvvələrimizin nümayəndələri bir daha göstərdilər ki, ordumuz Ali Baş Komandanın əmri ilə istənilən zaman işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadır.
İyul-avqust aylarında ermənilər tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi zamanı Azərbaycan Ordusunun düşmənə qətiyyətli cavabı cəmiyyətdə birmənalı şəkildə ruh yüksəlişinə səbəb oldu. Vəziyyətin gərgin olduğu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində xidmət edən hərbi hissələrdə oldular. Cəbhədə keçirilən operativ toplantıda vəziyyət müzakirə olundu və düşmənə xatırladıldı ki, onun təxribatları davam edəcəyi təqdirdə Azərbaycan Ordusu təsirli və sarsıdıcı əks tədbirlər həyata keçirəcək. Həmin toqquşmaların yaşandığı günlərdə Azərbaycan ordusu düşmənin diversiya xarakterli bütün əməliyyat cəhdlərinin qarşısını alaraq onları geri çəkilməyə məcbur etmişdi. O ərəfədə erməni mətbuatında yayılan informasiyalar düşmən ölkənin hakimiyyətinin cəbhədə verdikləri itkiləri necə gizlətməyə çalışdığını, Azərbaycan ordusunun hücuma keçəcəyindən necə qorxduğunu açıq-aydın göstərirdi. Qeyd olunan dövrdə Soçidə aparılan danışıqlarda Rusiya prezidentinin vasitəçiliyi ilə cəbhədə toqquşmaların dayandırılmasına nail olunmasını Ermənistanda necə sevinclə qarşılandığını görmək olardı.
Yaddaqalan hadisələrdən biri də hərbi vəzifəlilərin cəlb olunduğu genişmiqyaslı təlimlərin keçirilməsi idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin təsdiq etdiyi plana uyğun olaraq sentyabrın 13-dən başlayaraq Silahlı Qüvvələrin bütün qoşun növlərinin iştirakı ilə mərhələli qaydada irimiqyaslı əməliyyat-taktiki, komanda-qərargah təlimləri keçirildi. Təlimlərin daha bir maraqlı, və beynəlxalq səviyyədə rezonans yaradan cəhəti burada Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirak etməsi idi. Təlimlərin son mərhələlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri də qoşuldu. Birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Skorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak etdilər. Təlimlər zamanı 10.000 nəfərədək, ehtiyatda olan hərbi vəzifəli şəxs toplanışa cəlb edildi və onlar təlimlərə qatıldılar. Ehtiyatda olan hərbi vəzifəlilərin toplanışa cəlb edilməsi müəyyən zaman ərzində ordudan tərxis olunmuş şəxslərin hərbi bacarıqlarını yoxlamağa, onların yeni silah və hərbi texnika ilə tanış olmalarına şərait yaratdı. Bu kateqoriyadan olan hərbi vəzifəlilərin təlimlərdə iştirakı onların səfərbərlik zamanı müvafiq qanunlara əməletmə göstəricilərini aydınlaşdırmağa da imkan verdi. İrimiqyaslı təlimlər zamanı hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıqla bağlı müxtəlif tədbirlər keçirildi. Təlimlər bir daha sübut etdi ki, səfərbərlik zərurəti yaranarsa, Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün işləri vaxtında koordinasiyalı şəkildə həyata keçirməyə qadirdir.
Düşmənin cəbhə bölgəsində növbəti təxribatı noyabrın 12-də baş verdi. İşğal olunmuş Azərbaycan torpağında təlim keçən düşmən ordusuna məxsus aviasiya 3 gün davamlı olaraq cəbhəyanı zonada təxribat xarakterli uçuşlar həyata keçirmişdi. Düşmən aviasiyasının döyüş mövqelərimizin üzərində uçaraq açıq şəkildə döyüş kursuna keçmə cəhdinə hərbçilərimiz sərrast atəşlə cavab verdilər. Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində düşmən ordusuna məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd göstərən zaman əsgərlərimiz tərəfindən məhv edildi. Öz xislətinə sadiq qalan erməni tərəfi hay-küy qaldıraraq helikopterin dünya birliyi tərəfindən tanınmayan, qondarma "Dağlıq Qarabağ Respublikası"na məxsus olmasını sübut etməyə, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışsa da, istəyinə çata bilmədi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəqiq göstəricilərlə sübut etdi ki, vurulan hərbi helkopter Ermənistan ordusunun Yerevan yaxınlığındakı "Erebuni" hərbi aeroportunda dislokasiya olunan 15-ci helkopter bazasına məxsusdur. Həmçinin faktlarla sübuta yetirildi ki, helikopterdə məhv edilmiş hər üç pilot Ermənistan ordusunda xidmət edirmiş və Ermənistan vətəndaşlarıdır. Bu faktlar Ermənistan tərəfini olduqca çətin vəziyyətə saldı. Çünki işğalçı ölkənin yüksək vəzifəli şəxsləri dəfələrlə bildirmişdilər ki, həmin helkopter və pilotlar Ermənistana deyil, qondarma quruma məxsusdur. Erməni hərbi helikopterinin məhv edilməsi beynəlxalq müstəvidə Dağlıq Qarabağ məsələsinə diqqətin artmasına səbəb oldu. İşğalı ölkə və havadarları Azərbaycan dövlətinin qətiyyətinə, ordusunun gücünə bir daha, özü də kifayət qədər sərt formada şahid oldular. Xocalı aeroportunu açmaq məsələsini dəfələrlə gündəmə gətirən Ermənistan rəhbərliyi başa düşdü ki, belə olan halda Azərbaycan ordusu tərəddüd etmədən tədbirlər görəcək, bunu isə nəticəsi erməni tərəf üçün sarsıdıcı olacaq. Bu hadisə sayəsində beynəlxalq ictimaiyyət, ikili standartlarla Ermənistana havadarlıq edən dairələr artıq bu münaqişənin nə qədər təhlükəli həddə çatdığını da görməyə başladı. Sözügedən hadisənin bizim üçün ən dəyərli cəhəti isə bu oldu ki, erməni hərbi helikopterinin döyüşçülərimiz tərəfindən dəqiq atəşlə məhv edilməsi Azərbaycan xalqında, ölkə ictimaiyyətində ordumuza inamı daha da artırdı, cəmiyyətdə böyük ruh yüksəlişi yaratdı.