“Rusiya faktoru Ermənistanın suverenliyinə təhdiddir”
17 Fevral 22:09

İşğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir.
Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Füzuli rayonunda beynəlxalq hava limanının inşası, yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur.
“Bu, xüsusən də Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir, yeni imkanlar yaradacaq. Qarabağın incisi sayılan və mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı çoxdur. Füzulidə hava limanının inşa edilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getsinlər. Şuşa və digər şəhərlərimizi ziyarət edə bilsinlər”.
Vüqar Bayramovun sözlərinə görə, Füzulidə hava limanının inşası Qarabağa gələn turistlərin sayına müsbət təsir göstərəcək.
“Hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar baxımından vacib hesab olunur. İşğaldan azad edilən ərazilərimizin sənaye potensialını nəzərə alsaq, orada istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından bu layihə vacibdir. Füzuli rayonu həm də Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqları üzərindədir. Yaxın gələcəkdə Naxçıvan dəhlizinin istifadəyə verilməsindən sonra hava limanı həm də nəqliyyat qovşağı olaraq böyük əhəmiyyətə malik olacaq. Naxçıvan dəhlizi istifadəyə veriləndən sonra onun beynəlxalq nəqliyyat, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya edilməsi müzakirə olunacaq məsələlərdəndir. Nəticə etibarı ilə hava limanı həm də Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli və rentabelli istifadəsinə imkan verəcək”.
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə deyib ki, Füzulidə Beynəlxalq Hava Limanının inşası olduqca mühüm əhəmiyyət kəsb edən bir qərardır və bu qərarın verilməsində bir sıra mühüm aspektlər nəzərə alınıb: “Əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Füzuli rayonu İranla sərhəddə yerləşir. Füzuli rayonunun işğalı nəticəsində Horadiz-Aslandüz sərhəd-keçid məntəqəsi bağlanmışdı. Artıq məntəqənin yenidən fəaliyyət göstərməsinə heç bir maneə yoxdur və Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın logistik imkanlarını genişləndirə bilər. Bu isə bölgənin iqtisadi imkanlarının genişlənməsi baxımından vacib amildir. Başqa bir mühüm aspekt təhlükəsizlik məsələsidir. Məlum olduğu kimi Xankəndində hazırda yalnız etnik ermənilər yaşayırlar. Azərbaycanlı məcburi köçkünlərin qayıdışından sonra da bu ərazidəki demoqrafik vəziyyət ciddi şəkildə dəyişməyəcək. Onillər ərzində düşüncələri ultramillətçi, faşist ideologiyası ilə zəhərlənmiş ermənilərin yeni və qanuni şəraitə uyğunlaşması bir o qədər də asan olmayacaq. Qarşılıqlı etimadın bərpası üçün illər lazım gələcək. Amma bölgənin iqtisadi inkişafını, turizm sektorunu, səneyini, azad ticarəti təmin etməkl üçün beynəlxalq hava limanının yaxın bir neçə ilə ərzində açılmasına ehtiyac var. Məhz bu baxımdan, beynəlxalq hava limanının Füzulidə açılması təhlükəsizlik baxımından daha önəmlidir. Və zamanla Füzuli və Ağdam rayonlarının bütövlükdə Azərbaycanın Qarabağ bölgəsinin əsas iqtisadi-sənaye, təhsil və logistika mərkəzlərinə çevrilməsi bütün aspektlərdən məqsədəuyğundur. Yəni Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Füzuli və Ağdam ölkəmizin iqtisadi paytaxtına çevrilməlidir. Bu və ifadə etmədiyim digər amilləri diqqətə alsaq, Füzuli rayonu beynəlxalq ahava limanının inşası və fəaliyyəti üçün ən uğurlu və ən doğru seçim sayılmalıdır”.