“Azərbaycan elmi qocalıb” Hadisə

“Azərbaycan elmi qocalıb”

Fazil Mustafa: "Belə bir tədbirin keçirilməsinin izahını hələ də tapa bilmirəm"

Fuad Muradov: "Bir çox elm ocaqlarında gənclər üçün stimullaşdırıcı şərait yaradılmır"

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I qurultayı keçirilib.Tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, ABŞ, Rusiya, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak edib. Qurultayda çıxış edən akademiklər Akif Əlizadə, Xoşbəxt Yusifzadə, Əli Abbasov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov çağdaş Azərbaycan elminin inkişaf mexanizmləri barəsində danışıblar.
Qurultayın maraqlı məqamlarından biri də dünyada məşhur Azərbaycan əsilli alim Lütfi Zadənin virtual olaraq çıxışlara qoşulması olub. O, Azərbaycan alimlərini qurultay münasibətilə təbrik edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında "Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri" mövzusunda məruzə ilə çıxışı zamanı bir sıra problemlərdən də söz açıb: "Biz nə qədər keçmişimizlə fəxr etsək də, açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki çıxa bilməyib. Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil". Akif Əlizadə bildirib ki, akademiyada islahatlara başlayaraq hələ qarşıya qoyulan hədəfləri qət edə bilməyib. O qeyd edib ki, elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçməyib. A. Əlizadə əlavə edib ki, akademik elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və yüksək ixtisaslı gənc kadrların qıtlığıdır: "Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq. Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir. Açıq etiraf eləmək lazımdır ki, bizdə hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər".
Akif Əlizadə onu da deyib ki, bəzi hallarda mövcud qanunvericilik bazası elmi fəaliyyət üçün əngəllər yaradır: "Misal üçün, eksperimental işlərin aparılması hansısa cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burda tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Əks halda effektiv elmi işdən söhbət gedə bilməz".
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bu adda tədbirin keçirilməsini absurd sayır: "Belə absurd bir tədbirin keçirilməsinin izahını hələ də tapa bilmirəm. Hansısa müəssisədə alimin özündən başqa onun səlahiyyətli nümayəndəsi necə müəyyən oluna bilər? Başındakı biliyi və təcrübəni köçürəcək səlahiyyətli nümayəndəyə və deyəcək ki, mənim əvəzimdən filan problemi qaldır? Alim, ümumiyyətlə, kimdir? Vəzifə və titul daşıyıcısı olmaqla müəyyənləşirsə, o zaman elə Milli Elmlər Akademiyasının genişləndirilmiş müşavirəsini keçirsinlər və kənardan da nüfuz sahibi hesab etdikləri şəxsləri dəvət etsinlər. Yenə də ixtirası və kəşfləri rəsmi qaydada tanınan alimlərin müşavirəsini təşkil etsəydilər, məqbul saymaq olardı. Bu, müəllimlərin, həkimlərin, qadınların, kişilərin, uşaqların qurultayını keçirmək qədər mənasız bir işdir. Alimləri konkret ixtisaslaşma meyarı ilə hansısa elmi problemin müzakirəsi üçün elmi konfransa dəvət etmək olardı".
Milli Məclisin deputatı Fuad Muradov AMEA prezidenti Akif Əlizadənin alimlərin qurultayında çıxışı zamanı mövcud qanunvericilik bazasının elmi fəaliyyət üçün lazım olmayan əngəllər yartdığı barədə sözlərinə münasibət bildirərkən deyib ki, Azərbaycanda elmi fəaliyyəti tənzimləyəcək kifayət qədər qanunverici baza mövcuddur: "Əgər hörmətli akademikimizin belə bir fikiri olubsa bu daha çox texniki məsələlərə bağlıdır. Mən düşünmürəm ki, elmin inkişafını əngəllədən problemlərdən birincisi cihazların vaxtlı-vaxtında alınması ilə bağlıdır. Dövlətin müəyyən prosedurları var və buna da istər elmi, istərsə dövlət qurumları əməl etməlidir". Deputat qeyd edib ki, hazırda Azərbaycan elmində olan problemlərin bir qismi gənclərin bu sahəyə gələ bilməmələrindədir. "Milli Məclsin son iclasında da demişəm ki, bu gün elmdə olan ən böyük çatışmamazlıqdan biri məhz Elmlər Akademiyasında, oranın institutlarında elmin "qocalması"ı, gənclərin elmə maraq göstərməməsidir. Onun da səbəbləri aydındır: "Bir çox elm ocaqlarında gənclər üçün stimullaşdırıcı şərait yaradılmır. Ona görə də hörmətli akademikin özünün də qeyd etdiyi kimi Elmlər Akademiyasında bu islahatlar daha sürətlə getməli və gənclərimizdə elmə marağı artırmalıdır".
Gənc alimlərin sosial problemləri ilə bağlı məsələlərə toxunan deputat bildirib ki, prezident İlham Əliyev bununla bağlı hər zaman proqramlarında, çıxışılarında, fəaliyyətində bu təbəqəyə lazım olan dəstəyi ifadə edir: "Onu da etiraf etməliyik ki, dövlət büdcəsi yaxud elmə qoyulan sərmayə bu gün özünü doğrultmur. Burada obyektiv və subyektiv səbəblər ola bilər". Fuad Muradov vurğulayıb ki, Azərbaycan elmində ciddi islahatlara ehtiyac var. Gənclərin elmə marağının artması ilə islahatların müsbət nəticələrinə nail olmaq olar.

Əli