Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib Hadisə

Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib

Dünən Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, istedadlı qələm sahibi professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi ilə bağlı toplantı keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Qulu Məhərrəmli müasir jurnalistikamızda, xüsusən də televiziya sənətində özünəməxsus dəst-xəttilə seçilir. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra onun yeni tipli jurnalistika ənənələrinin formalaşması, televiziya publisistikasının inkişafı sahəsində xidmətləri olub. "Yubilyar jurnalistikanın bir elm sahəsi kimi tədrisinə yeniliklər gətirən dəyərli alimlərimizdəndir. Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü də seçilib. Şuranın işlərində yaxından iştirak edib", - deyən Əflatun Amaşov yubilyar jurnalisti rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. MŞ İdarə Heyətinin üzvləri - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, MŞ sədrinin müavini Umud Rəhimoğlu və başqaları yubilyarın yaradıcılıq yolundan söz açaraq onu təkcə istedadlı jurnalist deyil, eyni zamanda ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərən dəyərli elm xadimi kimi xarakterizə ediblər. Sonda çıxış edən Qulu Məhərrəmli göstərdikləri diqqətə və əməyinə verdikləri qiymətə görə həmkarlarına təşəkkürü bildirib.