Əsl qiş gəlir... Hadisə

Əsl qiş gəlir...

Hökumət qurumları qışa hazırlıqla bağlı problemin olmadığını desələr də, problemlər ola bilər...

Cavid

Qışın tən ortasında olmağımıza baxmayaraq, havalaraın belə isinti keçməsi bizi heç də arxayınlaşdırmasın. Qarşıdan daha soyuq və sərt günlərin gələcəyinə şübhə yoxdur. Soyuqlu, şaxtalı günlərimizin hələ qarşıda olacağından buna hazırlaşmalıyıq. Bunun üçün də ölkə əhalisi kommunal xidmətlərlə bağlı olaraq qışa hazır olmalıdır. Bütün texnika hazır vəziyyətə gətirilməlidir, energetika sistemi yaxşılaşdırılmalıdır. Bir sözlə, soyuq hava şəraitində əhalinin tələbatını ödəyəcək qaz, işıq, istilik təchizatının normada olması, eyni zamanda, yollarda nəqliyyatın hərəkəti üçün problemlərin yaranmaması vacib şərtdir. Artıq noyabrın 15-dən qış mövsümünə start verilib. İstilik, təbii qaz, elektrik enerjisi və digər kommunal təsərrüfat idarələri rəsmən qış rejimində fəaliyyət göstərməyə başlayıb. Amma yaşayış binaları və sosial obyektlərin əksəriyyəti bu il də istilik və qaz təchizatı ilə lazımi səviyyədə təmin olunmayıb. Bakıda qışa hazırlıq işləri hansı səviyyədədir? Görəsən, şəhərimiz qışa hazırdırmı? Soyuq havalarda işığa, qaza olan tələbat artır, binaların isitmə sistemlərinin problemləri yenidən gündəmə gətirilməkdədir. Bakıda yaşayış evlərinin, məktəb, bağça, idarə və digər inzibati binaların istilik sistemi ilə təmin olunmasında işlər nə yerdədir?
Onu da qeyd edək ki, son illər şəhərin mərkəzi rayonlarında elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlər müşahidə olunmasa da, istiliklə bağlı heç də hər şey qaydasında deyil. İstilik mövsümünün başlanmasından yarım ay vaxt keçsə də, buna görə borclarını vaxtlı-vaxtında ödəmiş bir çox sakin hələ də mənzillərindəki batereyaların soyuq olmasından şikayətlənirlər. Yağış,qar yağmaq ehtimalı daha ağır mənzərə ortaya çıxır. Hamı bilir ki, Bakıya leysan yağıbsa, o zaman küçələrdən sel axır, üstəlik yollarda kilometrlərlə uzanan tıxaclar yaranır. Yağış suları şəhərətrafı ərazilərdəki özəl evlərin , eyni zamanda, paytaxtın mərkəzindəki yaşayış binalarının zirzəmilərinə dolur. Bakıda qış çox qarlı keçmirsə belə, onun yağışlı olduğu məlumdur. Bu səbəbdən, kommunal xidmətlər ilk olaraq paytaxtın drenaj sisteminə diqqət yetirməlidirlər.
"Azəristiliktəchizat" ASC-nın sədr müavini İlham Mirzəliyev istər texniki cəhətdən, istərsə də başqa tərəfdən qışa tam hazır olduqlarını deyib. Onun sözlərinə görə, "Azəristiliktəchizat"da kifayt qədər işlər görülür: "Bizim xidmət zonasında olan istehlakçıların təminatında heç bir problem olmayacaq. Təbii ki, fors-major vəziyyətlər istisna olmaqla. Hər tərəfdən qışa tam hazırıq. "Azəristiliktəchizat"ın vəzifəsi ondan ibarətdir ki, enerjini istehsal edib istehlakçıya çatdırsın. İstehlakçı isə yaşayış binası, mənzil, məktəb və digər obyektlər hesab edilir. Biz mənzilin içinə girmirik. Biz binanın girişinə qədər istiliyi çatdırırıq. Mənzilin daxilinə isə mənzil mülkiyyətçiləri cavabdehdir. Yaxud da ki, məktəbin içinə isə balans saxlayıcısı cavabdehdir. Əgər onun radiatorlarında, yəni istilik cihazlarında bir problem və ya axıntı olarsa, bu artıq "Azəristiliktəchizat"ın problemi deyil. Hər bir təşkilat, insan mövsümə, qışa hazırlaşmalıdır. Elə ancaq təchizat müəssisələrinin hazırlığı haqda soruşulur.
Amma istehlakçının özünün mövsümə necə hazırlaşdığı barədə heç kim danışmaq istəmir. Əgər bir binanın blokunun qapısı, pəncərəsi yoxdusa, damı, zirzəmisi pis gündədirsə, görün burada nə qədər enerji itkisi olur. Digər ölkələrin təcrübəsinə baxsaq görərik ki, insanların özləri soyuq havalara necə hazırlaşırlar. Pəncərələrini, qapılarını bərkidir, müəyyən tədbirlər görürlər. Yəni yalnız kommunikasiya sistemlərinin qışa hazırlaşması ilə məsələ bitmir. Biz "Azəristiliktəchizat" olaraq texniki cəhətdən bütün tədbirlərimizi görmüşük. 30-dan çox yeni qazanxana tikilib. 200-dən artıq binanın istilik sistemi bərpa olunub. Ümumilikdə bu il 300-dən artıq layihə işlənib. Bunun effektiv nəticəsinin olması üçün həmin istiliyi alan da müəyyən addım atmalı və tədbirlər görməlidir. Bununla bağlı maarifləndirmə işi aparılmalıdır".
"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev qışa tam hazır olduqlarını deyib: "Azəriqaz" İstehsalat Birliyində yaz aylarında hər il daha əvvəlki payız-qış mövsümünün yekunları müzakirə edilir. Bu il də belə olub. Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar birliyin əmri ilə tədbirlər planı təsdiqlənib. Tədbirlər planı 347 bənddən ibarətdir və may ayından etibarən "Azəriqaz" İstehsalat Birliyinin müvafiq struktur bölmələri və rayon qaz istismarı tərəfindən həmin tədbirlər planına müvafiq olaraq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Yəni ümumilikdə may-sentyabr ayları ərzində 30 min metrdən artıq qaz kəməri təmir olunub, yeni qaz xətləri çəkilib. 5550 metr qaz kəməri dayaqlar üzərinə qaldırılıb. Ümumilikdə 200-dən çox qaz tənzimləyici və siyirtmə quraşdırılıb. Bundan başqa qaz avadanlıqları təftiş olunub. Eyni zamanda "Azəriqaz"ın qəbul nöqtələrində yerləşən ölçü qovşaqlarının yenidən qurulması istiqamətində də işlər aparılıb. Köməkçi xətlər quraşdırılıb, sərfiyyata uyğun qurğular yenilənib, əvəzlənmə işləri aparılıb. Bütün bu tədbirlər planı ilə nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib".
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də qışa tam hazır olduqlarını bildirib: "Qış yaxınlaşır deyə, biz hazırlıqlarımızı görmüşük. Biz istər yay ayları olsun, istərsə də qış ayları çox ciddi yenidənqurma işləri aparırıq. Son bir neçə il ərzində elektriklə bağlı fasilələr yaranan yerləri də nəzərə alaraq çox yüksək səviyyədə yenidənqurma işləri həyata keçirmişik. Bunlara misal olaraq 23 ədəd 110 kilovoltluq, 62 ədəd 35 kilovoltluq yarımstansiya qurmuşuq. Bilirsiniz ki, Bakı küləklər şəhəridir. Ətraf kənd qəsəbələrində özünü izolyasiya edən və müdaxilə olunmayan kabel xətləri çəkilib. Yəni ən son texnologiyalı avadanlıqlarla təmin olunub. Əvvəlki aşağı səviyyəli transfarmatorlar yeniləri ilə əvəz olunması və ilk dəfə olaraq Bakı şəhərində yarımstansiyalar arası dairəvi sxem istifadəyə verilib. Bütün bunların nəticəsi olaraq deyə bilərəm ki, biz qışa tam hazırıq. Ümumiyyətlə qış aylarında cari hazırlıqlar başlanır.
Cari hazırlıqlar nədir? Hər bir rayonda transformatorlara baxış keçirilir ki, görək onların ağlarının dəyişdirilməsinə ehtiyac varmı. Baxış keçiririk görək ki, müəyyən avadanlıqları sıradan çıxıbmı, köhnəlibmi. Bütün bu cari işlərə təftiş deyirlər. Bəzi vaxtlarda bunun nəticəsi olaraq ayda bir dəfə müəyyən vaxtlarda elektrikin verilməsində fasilələr yaranır. Biz çalışırıq ki, bu fasilələrin arası çox olmasın. Ancaq qışa hazırlıqla əlaqədar olaraq bu fasilələr labüddür. Son olaraq da onu qeyd edim ki, elektriklə bağlı haradasa hansısa problem yaranarsa, vətəndaşlar 199 saylı telefon nömrəsinə 24 saat boyunca zəng edib məlumat verə bilərlər. Həmin problem operativ olaraq aradan qaldırılacaq. Elektrik enerjisinə nə qədər tələbat varsa, hamısı yerinə yetiriləcək. Əgər borcu olan abonent varsa, həmin abonentlərin elektrik enerjisi ilə təminatında hansısa problem yarana bilər. Buna görə də onlar vaxtında borclarını ödəməlidirlər".

Cavid