Serialların səpdiyi toxumlar... Hadisə

Serialların səpdiyi toxumlar...

Arzu Şirinova

Hər zaman belə olub, indi də belədir-gənclərimizin böyük əksəriyyəti özlərini teleserial qəhrəmanlarına bənzətməyə çalışırlar. Bəzən bu hallar ifrata gətirib çıxarır və nəticə də arzuolunmaz hadisələrə yol açır. Günümüzdə kanallarımızın efirindəki əcnəbi teleserialların əksəriyyəti isə bayalığıyla fərqlənirlər. Bu teleserialların bir çoxuna baxanda belə təəssürat yaranır ki, dünyada yeganə problem "eşq məsələsi"dir, elə Azərbaycanda da başqa dərd-sər yoxdur, gələcəkdə də sadəcə, adını çəkdiyimiz problem gündəmdə olacaq.
...Azərbaycanda milli seriallarımızın çəkilişi üçün hər bir televiziya kanalına az da olsa vəsait ayrılıb. Mənimlə razılaşarsınız ki, hələlik ortaya sambalı nəsə qoya bilməyiblər. Çünki çəkilmiş seriallar elə ilk bölümündən tamaşaçını ram edə bilmirsə, deməli onun bütün mənalarda keyfiyyətindən danışmağa dəyməz. Mütəxəssiz olmasam da bilirəm ki, kino sənətin bir növüdür. Amma kütləvi informasiya vasitələri kimi bu sənətin də "sarı" növləri, yəni psevdosənət nümunələri var. Bir çox hallarda seriallar həmin nümunələri özündə əks etdirir. Sovetlər dönəmində də ekranlara bir sıra teleseriallar çıxıb. Məsələn, bu sırada "Baharın 17 anı", "Kölgələr günorta yox olur" teleseriallarının adını çəkmək olar. Bu filmlərin nümayişi zamanı cinayət göstəriciləri sıfra düşüb, çünki hər kəs o kinolara baxıb. Bu filmlərin həm tərbiyəvi, həm estetik əhəmiyyəti olub. Eyni zamanda, teleserialı ərsəyə gətirənlər kino sənətindən uzaqlaşmayıblar. Amma indi telekanallarımızda efirə çıxan teleserialların tam əksəriyyəti qarışıq sənətləri özündə cəmləşdirən ziyanlı nümunələrdir. İlk növbədə milli, mənəvi, əxlaqi dəyərlərə vurulan bir zərbədir. Mənim fikrimcə, ən pis o deyil ki, bu filmlər göstərilir və cəmiyyət də ona baxır. Ən pisi odur ki, bu, qəsdən hər hansı bir toplumun, etnosun mənəvi kefiyyətlərinə, əxlaqi dəyərlərinə qarşı düşünülmüş siyasətdir. Ümumiyyətlə, televiziya estetikasında çox böyük güc var, televiziya hər bir evin qonağıdır. Bu gün telekanalların efirinə çıxan əksəriyyət bayağı əcnəbi teleseriallar isə çağırılmamış qonaqlardır. Çağırılmamış qonaq da istədiyi fəsadı törədə bilər. Bu teleserialların əksəriyyəti bizim əxlaqımıza, milli-mənəvi dəyərlərimizə, xalqın təhtəlşüuruna düşünülmüş şəkildə vurulan zərbələr kimi qəbul olunmalıdır.
Həmin teleseriallarda eşqin özü də təhrif olunmuş formada verilir. Yəni açıq-saçıqlıq əsas götürülür. Bu da bizim mental şüurumuza ziddir. Əsrlərlə formalaşmış əxlaqi dəyərlərini, öz mentalitetini müəyyənləşdirmiş bir xalq üçün bundan böyük zərbə ola bilməz. Gənclərin tərbiyəsi, onların dünya duyumu yad təsirlər vasitəsiylə dəyişilirsə, biz artıq telekanallardan və filmlərin özündən də daha çox bunun nə üçün edilməsi barədə fikirləşməliyik. Əsrlər boyu mənliyini, mental şüurunu saxlamış millətin qan nizamına edilən təsir onu dəyişdirəcək. Biz onu çox da gözləməyəcəyik, gözümüzün qabağında baş alıb gedən küçələrdəki səviyyəsizlik, mədəniyyətsizlik bir çox hallarda bunu göstərir. Deməli, seriallar vasitəsiylə səpilən toxum cücərir.