AMEA-da 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək Hadisə

AMEA-da 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək

Akif Əlizadə: "Bir gənc alimi formalaşdırmaq üçün 10-20 il vaxt tələb olunur"

AMEA-da fəaliyyət göstərən alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulur

Tərlan

AMEA prezidenti, akademik Akif Əlizadə dünən keçirdiyi mətbuat konfransında gənclərin akademiyada fəaliyyəti və onların sosial vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, müasir dövrdə Azərbaycan gəncliyi tamamilə fərqli istiqamətdə inkişaf etməkdədir. Son zamanlar AMEA-da kadr hazırlığı prosesi sürətləndirilib, yüksəkixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib. O, ölkə elmində bir qədər qocalma prosesi getməsinə baxmayaraq, yaxın gələcəkdə müasir gəncliyin uzun illərdir fəaliyyət göstərən qocaman alimlərimizi əvəz edə biləcəyinə inamını ifadə edib: "Bu istiqamətdə mühüm tədbirlər görülsə də qeyd etmək lazımdır ki, yeni kadrlar hazırlamaq olduqca mürəkkəb prosedir - bir gənc alimi formalaşdırmaq üçün 10-20 il vaxt tələb olunur".
Akademik A.Əlizadə qeyd edib ki, ölkə alimlərinin sosial problemləri hər zaman AMEA rəhbərliyinin diqqət mərkəzində olub. Artıq onların çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır. Nəzərdə tutulan tədbirlər cari ilin yanvar-fevral ayında yekunlaşsa, layihə tez bir zamanda həyata keçiriləcək. A.Əlizadə vurğulayıb ki, AMEA-nın hüquqi baxımdan problemləri də həll olunmaqdadır. Belə ki, dövlət başçısı məsələ ilə bağlı yeni nizamnamə imzalayıb. Bu da akademiyanın yeni hüquqi formatda fəaliyyət göstərməsinə imkan verəcək.
Cari ildə alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin nəzərdə tutulduğunu vurğulayan akademik AMEA-ya məxsus yataqxananın ərazisində yeni yaşayış binalarının inşası ilə bağlı məlumat verib. Alim, həmçinin öz çıxışında AMEA-nın məlumat bankının hazırlandığını diqqətə çatdırıb. O, akademiyada irəli sürülən innovativ təkliflərin biznes sektorunda fəaliyyət göstərən mütəxəssislər tərəfindən də qəbul olunduğunu bildirib. Qeyd edib ki, AMEA 2014-cü ildən etibarən büdcədən kənar vəsait əldə etməyə çalışır ki, bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan yaradır. A.Əlizadə bu gün ölkənin biznes nümayəndələri və nüfuzlu təşkliatlarının akademiyaya xüsusi diqqət ayırdığını da nəzərə çatdırıb.
Akif Əlizadə akademiyanın 70 illik yubileyi ilə bağlı Tədbirlər Planının artıq təsdiq edildiyini və tədbirin keçirilməsi ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib. Onun sözlərinə görə, AMEA-nın yubiley mərasiminin təşkili ilə əlaqədar ölkə rəhbərliyinin razılığı da əldə olunub: "Cari ilin aprel ayında AMEA-nın ümumi yığıncağı keçiriləcək və ölkə ictimaiyyəti tədbirlə bağlı görülən mühüm işlər barədə məlumatlandırılacaq. Yubiley tədbirinin noyabr ayında keçirilməsi planlaşdırırlır". 2014-cü ildə AMEA-nın həyatında baş verən mühüm hadisələrdən də söz açan A.Əlizadə ötən ilin fevral ayında Gəncə şəhərində akademiyanın yeni bölməsinin açılmasını xüsusi qeyd edib. Bildirib ki, yeni bölmənin fəaliyyəti Azərbaycan elmi, o cümlədən AMEA-nın inkişafında mühüm rol oynayacaq.
A.Əlizadə, həmçinin son illər elmimizdə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və gənclərin elmə cəlb olunmasını əsas hədəf seçən "Bakı Elm Festivalı - 2014"ün keçirilməsini mühüm elm hadisəsi kimi qiymətləndirib. Festivalın ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını və rezonansa səbəb olduğunu vurğulayan alim gələcəkdə Azərbaycan üzrə Elm Festivalının da keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. AMEA rəhbəri respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I qurultayını da xatırladaraq bu tədbirin AMEA tarixində mühüm əhəmiyyət kəsb etdiyini və xüsusi yer tutduğunu bildirib.
AMEA prezidenti akademiyada magistratura pilləsinin yaradılmasının vacib məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, AMEA-da 2015-ci ilin fevral ayında ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunacaq. Magistraturaya qəbulun aparılması ilə bağlı yeni pilot layihənin AR Təhsil Nazirliyi ilə müzakirə olunduğunu diqqətə çatdıran alim bu istiqamətdə bir neçə vacib meyardan danışıb. AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinin təşkil ediləcəyini bildirib. "Tədris olunacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxil olacaq" - deyə bildirən AMEA prezidenti bu istiqamətlərin Azərbaycan elminin inkişafına xidmət və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə seçildiyini vurğulayıb. Qeyd edib ki, tədris olunacaq ixtisaslar yalnız elmi xarakter daşıyacaq.
Akif Əlizadə mətbuat konfransında çıxışı zamanı bildirib ki, alimlərimizin fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir. "Azərbaycan elminə dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasını gözləməməliyik" söyləyən AMEA rəhbəri alimlər qarşısında vacib bir məsələnin qoyulduğunu diqqətə çatdırıb: "Akademiyada fəaliyyət göstərən gənc tədqiqatçılar özləri yeni gəlir mənbələrini tapmalıdır. Bunun üçün elmi fəaliyyəti gücləndirmək lazımdır. Alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir". Akademik qeyd edib ki, bu da müxtəlif istehsal sahələrinə dair innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsinə gətirib çıxaracaq. A.Əlizadə bu məsələ ilə bağlı konkret təklifləri diqqətə çatdırıb, AMEA-da innovativ şöbələrin sayının artırılmasının da vacibliyini vurğulayıb.