“Tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar” Hadisə

“Tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar”

Modul tipli xəstəxanalarda çalışan tibb bacıları xəstələri COVID-19-a görə evdə müalicə edirlər. Bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib.
Onun sözlərinə görə, son günlər ev şəraitində müayinə etdiyi COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır: "15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar. Xəstələrə deyirlər ki, "Biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar, biz hamısını bilirik, biz ağır xəstələri dirildirik". Xəstələr də inanır, canlarını tibb bacılarına etibar edirlər. Müayinə etdiyim xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, tibb bacısı isə deyib ki, "Narahat olmayın, COVID-də əlamətlər belə olur".
Vüqar Cavadzadənin sözlərinə görə, ehtiyac olmadığı halda xəstənin vena daxilinə infuziyalar yeridilir:
"Digər tərəfdən isə testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən deksametazon, antibiotik və s. kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar isə kalsium-qlükonat, Essensiale, Riboksin, Aktovegindir. Bu dərmanları, yəqin, həkimlər də təyin edirlər ki, tibb bacıları da onlara baxıb öyrənirlər. COVID xəstəliyində laxtalanma artdığı halda xəstələrə kalsium-qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin, ölüm rahat olsun. Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə Essensiale vurulur? O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da Aktovegin. Elmi cəhətdən sübuta yetirilmişdir ki, bu dərmanın heç bir effekti yoxdur".
İnfeksionist bildirir ki, digər bir məsələ isə müalicəyə apteklərin müdaxilə etməsidir: "Xəstələr aptekə gedir və deyirlər, evdə COVID xəstəsi var, hansı dərmanlar lazımdır, verin. Aptek işçisi isə yığır bahalı dərmanlardan iki çanta, deyir, vurun xəstəyə, sağalacaq. Xəstə sonda görür ki, vəziyyəti ağırlaşıb, boğulur, onda həkimə müraciət edir. Bu zaman isə çox gec olur.
Həkim baxır, görür ki, xəstənin saturasiyası aşağı düşüb, xəstə ağırlaşıb. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş-işdən keçib. Sonra isə xəstənin yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə, demək olar ki, evdə öldürüb gətiriblər. Amma heç kim etiraf etmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra isə deyirlər ki, "Niyə bu qədər ölüm var?".