Сəmil Quliyev: 31 Mart soyqırımı ermənilərin Azərbaycanda törətdiyi ən dəhşətli faciədir Hadisə

Сəmil Quliyev: 31 Mart soyqırımı ermənilərin Azərbaycanda törətdiyi ən dəhşətli faciədir

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli Fərmanı imzalamasından 23 il keçir. Bu sənədin ermənilər və onların havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əvəzedilməzdir.

Bu fikirləri Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.

1918–ci il 31 Mart soyqırımı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində bütün sahələrdə təbliğat işinin aparıldığını vurğulayan C.Quliyev, burada əsas məqsədin ermənilərin 103 il əvvəl amansız vəhşiliklər törədiyi bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətimizin apardığı siyasətə dəstək olduğunu diqqətə çatdırıb: “31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri–diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.”

Azərbaycanın cənub bölgəsinin də 1918–ci ilin mart–aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qaldığını qeyd edən tarixçi-alim, həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədildiyini, ümumilikdə Lənkəran və ətraf rayonlarda 40–dək yaşayış məntəqəsi yandırılmaqla yerlə–yeksan olunduğunu, 2000–dən çox dinc sakinin qətlə yetirildiyini söyləyib.

C.Quliyev daha sonra deyib: “Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən Stepan Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət idi. Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi.”

Erməni–bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə, eləcə də dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimizədaha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandığını vurğulayan tarixçi-alim fikrini tamamlayıb: “Hər birimiz Ulu Öndərin dediyi kimi, azərbaycanlı olmağımızla fəxr etməli, qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik”.