“Su azalır, risk artır” Gündəm

“Su azalır, risk artır”

"Bu gün dünyanı narahat edən ən ciddi problemlərdən biri iqlim dəyişmələridir. Qlobal istiləşmə artıq ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olub və canlı aləmin davamlılığı üçün təhlükə yaradır".

Bunu “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun fikirlərinə görə, Qeyri-sabit hava şəraiti, quraqlıq, qış mövsümündə qarın yağmaması, bulaqların və çayların quruması indi həm dünyada, həm də Azərbaycanda tez-tez rast gəlinən hallardır: "Son 100 ildə ölkəmizdə orta illik temperatur 0,4–1,3 dərəcə artıb. Bu da təbiətdə balansın pozulmasına gətirib çıxarır. İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxış imkanlarını məhdudlaşdırır, aclıq, yoxsulluq və sosial gərginlik yaradır.Bu proses həmçinin miqrasiyanın artmasına, xəstəliklərin çoxalmasına və sosial-iqtisadi risklərin dərinləşməsinə səbəb olur.Azərbaycanın coğrafi mövqeyi ölkəni su təminatı baxımından daha da həssas vəziyyətə salır.Su ehtiyatlarımızın 70 faizindən çoxu transsərhəd çaylar hesabına formalaşır. Kür və Araz çayları, eləcə də onların qolları ölkəmizə Gürcüstan və Ermənistan ərazilərindən daxil olur. Bu ölkələrdə su ehtiyatlarının kortəbii istifadəsi və yeni su anbarlarının tikilməsi Azərbaycana gələn suyun miqdarını azaldır. Nəticədə ölkəmizin həm içməli, həm də təsərrüfat suyu ilə təminatında ciddi problemlər yaranır .Xüsusilə Kür çayında müşahidə edilən azalma və çirklənmə səviyyəsi narahatlıq doğurur.
Təkcə Gürcüstan ərazisindən Kür çayına üç milyon kubmetrə qədər çirkab su axıdılır. Çay sularında zərərli üzvi maddələrin miqdarı normadan 20 dəfə, neft məhsulları 330 dəfə, digər kimyəvi elementlər isə 10 dəfə çoxdur. Bu, həm ekosistemə, həm də insanların sağlamlığına birbaşa təhlükədir.”

O əlavə edib ki, hazırda Kür çayı hövzəsində yerləşən şəhər və rayonlarda kanalizasiya və sutəmizləyici qurğuların yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Bununla belə, iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq üçün daha sistemli tədbirlərə ehtiyac var:
“Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm və səhiyyə sektorları iqlim dəyişikliyinə qarşı ən həssas sahələrdir. Bu sahələrdə dayanıqlı inkişaf tədbirləri görülməzsə, ölkənin ekoloji və sosial sabitliyi üçün böyük risklər yarana bilər.Azərbaycan artıq sosial və iqtisadi inkişafı, eləcə də yoxsulluğun azaldılmasını prioritet istiqamət kimi müəyyən edib, lakin bu hədəflərə çatmaq üçün ekoloji təhlükəsizlik məsələsi dövlət siyasətinin mərkəzində olmalıdır. Su ehtiyatlarının qorunması, qənaətli istifadənin təşviqi və regional əməkdaşlığın gücləndirilməsi gələcək nəsillərin təhlükəsizliyi üçün vacibdir".

Günel Elxan