Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı Hadisə

Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı

Cümə günü 26.04.1946-cı il tarixində axşam saat 5.30-da Azərbaycan milli radio stansiyası rəsmi surətdə açıldı. Bu təntənəli açılış mərasimi xalqımızın odlu alqışları içərisində dövlət teatrında təşkil olundu. Milli hökumətimizin Baş naziri cənab Pişəvərinin xəstəliyi olduğuna görə radio Milli Məclis rəisi cənab Şəbüstərinin vasirəsilə açıldı. Aşağıda cənab Şəbüstərinin açılış münasibəilə söylədiyi nitq dərc olunur. Bu nitq 4 başqa dildə, kürd, fars, rus, fransız dillərində də bütün dünyaya verildi. Mərasimin proqramı xalqımızın sevincli və gurultulu alqışları ilə saat 8-də sona yetişdi.
Əziz həmvətənər və hörmətli eşidənlər!
Azərbaycan Milli Hökumətinin yeni bir parlaq nailiyyətini sizə xəbər verməklə özümü çox xöşbəxt hesab edirəm. Millətlər ömründə çox qısa sayılan 4 aylıq bir müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif həyati sahələrdə əldə etdiyi nailiyyətlər qəhrəman xalqımızın iftixarla dolu tarixində qızıl xətt ilə yazılacaqdır. Misli görünməmiş bir əmniyyət yatamaq, iqtisadi böhranların qabağını almaq, işsizlik əleyhinə müvəffəqiyyətlə mübarizə aparmaq, həqiqi xalq maarifini genişləndirmək, səhiyyəni təmim vermək, pulsuz və əvəzsiz olaraq kəndlilər arasında xalisə yerlərinin (dövlət torpaqlarının – red.) bölünməsini əməli etmək, azadlığı və milli dövlətimizi müdafiə etmək üçün qüdrətli milli qoşun yaratmaq Milli hökumətimizin bu qısa müddətdə əldə etdiyi nailiyyətlərin bir hissəsini təşkil edə bilər.
Habelə milli radio stansiyasının təsis edilib işə salınması Milli hökumətin böyük dəyərə malik olan işlərindəndir. Mən çox şadam ki, bu gün milli radiomuzun rəsmi açılış mərasimi xalqımızın müxtəlif təbəqələrinin hüzurunda əmələ gəlir, Azərbaycan milli radiosunun təsisi ilə xalqımızın həyatında yeni bir mərhələ başlanır. Çünki bu radio xalq maarifini genişlənməkdə, ictiami rəyi işıqlandırmaqda, təlim və tərbiyə yolu ilə millətimizin əsasını möhkəmləndirməkdə və bütün təbəqələri ölkənin və və dünyanın vəziyyəti ilə tanış etməkdə böyük bir rol oynayacaqdır. Biz bu qüdrətli silahdan layiqincə istifadə edərək ana dilimizdə səsimizi bütün azad və mədəni dünyanın qulağına çatdırıb bütün dünyaya öz milli istəklərimizi və müvəffəqiyyətlərimizi elan etmək üçün imkan əldə edəcəyik.
Yeri gəlmişkən, iftixar və şərəflə öz vətənlərinə dönən qəhrəman Qızıl ordunya Azərbaycan xalqına hədiyyə etdiyi bu unudulmaz yadigara görə səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm. Qəhrəman Qızıl ordu bəşəriyyət xilaskarı və demokratiya hamisinə layiq olan tərzdə tarixi missiyasını şərəflə yerinə yetirib nəinki yalnız öz vətənini qəhrəmancasına müdafiə etdi, eyni zamanda faşist istilaçılarının əli ilə aradan getməkdə olan dünya mədəniyyətini də xilas etdi.
Qəhrəman Qızıl ordu İranın istiqlaliyyətini hifz etdi və misli görünməmiş qəhrəmanlıqlar sayəsində faşist işğalçılarının əziz vətənimizə qədəm qoymasına mane oldu. İndi ki, xilaskar qızıl ordu məmləkətimizi tərk etməkdədir, onlara ürəkdən “xoş gəldiniz” deyərək öz səmimi və pak duyğularımızı təqdim edib və nəcib sovet xalqlarının səadətini arzu edirəm.
Qızıl ordunun yadigarı olan Təbriz radio stansiyası azadlıq, demokraya, müdafiə, nicat və mətanət nümunəsi olan sovet xalqlarının qəhrəman oğullarının xatirələrini əbədi olaraq Azərbaycan xalqıın ürəyində hifz edəcəkdir. Bir dəfə daha Təbriz radio stansiyasının rəsmi açılışı münasibətilə qəhrəman və rəşid Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə