“Türkdilli ölkələrin əməkdaşlıq səviyyəsi labüd mərhələləri adlamalıdır” Hadisə

“Türkdilli ölkələrin əməkdaşlıq səviyyəsi labüd mərhələləri adlamalıdır”

Arzu Nağıyev: "Bundan sonra daha böyük əməkdaşlıq layihələrindən danışmaq olar"

"Bir soy–kökə, dil qrupuna, adət və ənənələrə məxsus olan cəmiyyətlərin və onların nümayəndələrinin birliyi kimi sülhün bərqərar olmasında, inkişafda, iqtisadi, hərbi və digər sahələrdə ancaq müsbət töhfə verə bilər". Bunu politoloq Arzu Nağıyev türkdilli ölkələrin Avropa Birliyi modelində iqtisadi, siyasi, mədəni və hərbi birliklərinin yarana biləcəyi xəbərlərinə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, bu ideyalar çoxformatlı xarakter daşıyır. Üstəlik müxtəlif formatlarda türkdilli ölkələrin rəsmi dövlət qurumları da bir-biri ilə əməkdaşlıqlarını inkişaf etdirirlər: "Bu ideya zaman-zaman ortaya gəlib və hər dəfə siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən müxtəlif maneələrlə rastlaşaraq baş tutmayıb. Lakin bununla belə müxtəlif formatlarda baş tutan ideyalar da olub. Yəni müxtəlif nazirliklər, qeyri-hökumət təşkilatları, fondlar, şuralar səviyyəsində əməkdaşlıq yaranıb. Məsələn, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasını göstərmək olar. Bu, əsasən türk ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Qurum 2009-cu ilin oktyabrın 3-də, Naxçıvanda yaradılıb. Təmsil olunan ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Bura əsasən Dövlət başçıları şurası, Xarici işlər nazirləri şurası, Böyük Məmurlar Komitəsi, Ağsaqqallar Şurası, Parlament Assambleyası (TürkPA)-Bakı, Türk Akademiyası-Astana, Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəsi olan TÜRKSOY-a daxildir. Nizamnaməyə uyğun olaraq ildə bir dəfə ölkə başçıları rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır. Xarici işlər nazirləri il ərzində yığıncaqlar keçirir, məclis başçıları və məclis heyətləri isə Bakıda toplanır".
Arzu Nağıyev deyib ki, türdilli ölkələrin əməkdaşlıq səviyyəsi hələlik labüd mərhələləri adlamalıdır. Bundan sonra daha böyük əməkdaşlıq layihələrindən danışmaq olar. Politoloqun sözlərinə görə, bu yolda Türk Şurası və Türkdilli ölkələrin və toplumların Media Birliyinin üzərinə də böyük yük düşür:
"Türk Şurasının baş katibi vəzifəsinə üç illik müddətinə təqaüdçü səfir Halil Akıncı seçilib. Baş katib İstanbulda fəaliyyət göstərir. Mərkəzlər kimi İstanbul, Bakı və Astanadır. Bölgüyə əsasən Bakı Parlament Assambleyasının mərkəzi, Astana isə Türk Akademiyasının, İstanbul inzibati mərkəzi sayılır. Vahid bayraq da var. Bundan başqa, fəaliyyət göstərən qurumlardan biri də Türkdilli Ölkələrin və Toplumların Media Birliyidir. Bu təşkilatın da forumu keçirilib və Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan və Kosovadan nümayəndələr iştirak ediblər. Məlumdur ki, belə birliklərin olması ölkəmiz, dövlətçiliyimiz üçün, bir soy–kökə, dil qrupuna, adət və ənənələrə məxsus olan cəmiyyətlərin və onların nümayəndələrinin birliyi kimi sülhün bərqərar olmasında, cəmiyyətin inkişafında, iqtisadi, hərbi və digər sahələrdə ancaq müsbət töhfə verə bilər".
Xatırladaq ki, Türkiyə mətbuatında türdilli ölkələrin vahid Turan ordusunun, eləcə də türk soylu dövlətlərin mədəni və iqtisadi birliyinin yaradılacağı haqda xəbərlər yayılıb.

Əli