İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat Hadisə

İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat

Bu günlərdə Fransanın Yerevandakı səfiri bildirib ki, Fransa və Rusiya prezidentlərinin telefon danışğı zamanı ATƏT-in MQ çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Lakin biz ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti dövründə heç bir irəliləyişə nail olmamasını və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir addım atılmamasını gördük. Belə olan halda Minsk qrupunun indi hansı səy göstərəcəyi sual doğurur.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini icra etdi və öz ərazi bütövlüyünü bərpa etdi:

“Təbii ki, belə olan halda Minsk qrupunun bu məsələyə köhnə düşüncə ilə yanaşması yolverilməzdir və qəbul edilməzdir. Azərbaycan artıq bölgədə yeni reallıqlar yaradıb və bu yeni reallıqlar eyni zamanda bölgədə uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib. İndi çox kövrək olan sülhə hər hansı bir müdaxilənin edilməsi əlbəttə ki, bu sülhü dağıda bilər.

Yəni, nəzərə alsaq ki, Ermənistanda illər boyu Azərbaycanfobiya və Türkiyəfobiya aşılanıb və xalqımıza qarşı nifət təbliğ olunub, eyni zamanda Ermənistanda olan revanşist qüvvələr xalqı zəhərləyir, hər hansı müdaxilə kövrək sülhün dağılmasına və yeni bir münaqişənin alovlanmasına gətirib çxara bilər.

Bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas yoxdur və artıq Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən 10 noyabr tarixli üçtərəfli bəyanat da imzalanıb. İndiki vəziyyətdə Minsk qrupu yalnız bu bəyanata uyğun olaraq bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi və 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsinə dəstək olar bilər.

Eyni zamanda biz bilirik ki, erməni lobbisi Fransada çox böyük təsir gücünə malikdir və həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövrdə Fransa hakimiyyətinin və parlamentinin ermənipərəst mövqeyini açıq şəkildə gördük. Onlar açıq şəkildə ermənilərə dəstək verirlər və əlbəttə ki, bu mövqe qəbuledilməzdir və belə yanaşmalar heç bir praktik nəticələrə gətirib çıxarmayacaq”.