“Sinovac” vaksininin 97 faizə qədər effektivliyi sübut olunub Hadisə

“Sinovac” vaksininin 97 faizə qədər effektivliyi sübut olunub

Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi, o cümlədən Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Türkiyəyə "CoronaVac" vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb. Azərbaycana yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.

BBC yazır ki, koronavirusa qarşı “Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.

Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.

Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.

Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"-nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur.

Bu, o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.
Sinovac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb.

Yeri gəlmişkən, hələ ötən il İndoneziyanın dövlətə məxsus “Bio Farma” əczaçılıq kompaniyası məlumat yayıb ki, bir ay boyunca klinik sınaqlar aparan qrupumuz “Sinovac” vaksininin 97 faizə qədər effektivlik göstərdiyini qeydə alıb.
İndoneziya Prezidenti Coko Vidodonun sözlərinə görə, vaksinin təhlükəsizliyi bu məsələdə prioritet təşkil edir. İndoneziya ilk mərhələdə Çinin “Sinovac” və “Sinopharm” kompaniyalarının vaksinlərindən istifadə edəcək. Ümumilikdə isə İndoneziya 250 milyon vaksin dozasının tədarükü barədə müqavilə imzalayıb.

Sinqapur da Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.

Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib. 13 apreldə CoronaVac vaksinin tətbiqinə Ukraynada start verilib. Ölkəyə artıq bu vaksinin 215 min dozasının gətirildiyi bildirilir.

Hazırda vaksin Zimbabve, Somali, Cibuti, Benin və Tunis kimi bır sıra Afrika ölkələri tərəfindən də alınıb.

Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.

CoronaVac peyvəndinin tətbiqi 22 ölkədə təsdiq edilib. Daha 7 ölkədə isə onun sınaqları aparılır, bu barədə dünya boyunca vaksinlərə dair məlumatı izləyən covid19.trackvaccines.org saytı bildirir.

Aprel ayına olan məlumata görə, Çində 100 milyondan çox insan ən azı bir doza ilə vaksinasiya olunub.

Cavid