Qulam İshaqzai: “Azərbaycan BMT daxilində islahatlara qiymət verən ölkələr sırasına daxil edilib” Hadisə

Qulam İshaqzai: “Azərbaycan BMT daxilində islahatlara qiymət verən ölkələr sırasına daxil edilib”

“Azərbaycan BMT daxilində islahatlara qiymət verən ölkələr sırasına daxil edilib”.

APA-nın məlumatına görə, bunu ölkədə diplomatik fəaliyyətini başa çatdıran BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə deyib.

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu fəaliyyət və gələcək perspektivlər müzakirə edilib.

Komitə sədri Bahar Muradova qeyd edib ki, ötən illər ərzində BMT və onun bir sıra qurumlarının Azərbaycan hökuməti, cəmiyyəti və parlamenti ilə işləri intensiv xarakter daşıyıb və müxtəlif səviyyələrdə mütəmadi görüşlər keçirilib. B. Muradova Q.İsakzainin Azərbaycandakı fəaliyyətini xüsusi qiymətləndirərək, onun BMT nümayəndələri sırasında mühüm nailiyyətlərin əldə edilməsində rolunu qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək qələbə qazanıb: "Siz də əvvəl Azərbaycanda xidmət göstərən digər BMT nümayəndələrindən fərqli olaraq bu tarixi hadisənin şahidi oldunuz və Vətən müharibəsi dövründə həm BMT rəsmisi, həm də humanist bir insan kimi öz dəstəyinizi göstərməyə çalışdınız".

Daha sonra Qulam İshaqzai 5 illik fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə birgə həyata keçirilən vacib tədbirləri xatırladaraq, bu müddət ərzində görülən bütün işlərin mühüm nəticələr verdiyini qeyd edib. O, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluq duyduğunu və bu illərin onun həyatına zənginlik gətirən təcrübə olduğunu vurğulayıb. O, fəaliyyətinin Azərbaycanın torpaqlarını geri qaytardığı vacib bir məqama təsadüf etməsini, bu tarixi anı yaşamasını xüsusilə diqqətə çatdırıb. Ən uzun müddətli fəaliyyət göstərdiyi ölkənin Azərbaycan olduğuna diqqət çəkən BMT rəsmisi bunun ölkəmizə olan xüsusi bağlılığı və marağından irəli gəldiyini qeyd edib.

B. Muradova Komitənin gələcək layihələrdə də BMT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verəcəyini və bu əməkdaşlığın davamlı olacağını qeyd edib.