“Dilemma qarşısındayıq” Hadisə

“Dilemma qarşısındayıq”

Təhsil naziri: "Kadr sahəsində problemlərin tam olaraq neçə il sonra aradan qaldırılacağını isə söyləyə bilmərəm"
Mikayıl Cabbarov: "Bəzən çox sürətlə inkişaf etmək yavaş inkişaf etməkdən təhlükəli olur"

"Təhsil sektoru ilə biznes sektoru arasında boşluq var. Bu boşluq aradan götürülməlidir, ancaq dilemma qarşısındayıq". APA-nın verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Sammitində çıxışında söyləyib.
Nazir deyib ki, bir çox məzunlar üçün iş yerləri mövcud deyil: "Əsas məsələ odur ki, biz bunu necə edə bilərik. Burada çeviklik əsasdır. Minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, onlardan yüzlərlə kadr Azərbaycana dönür, iqtisadiyyat və digər sahələrdə işləməyə başlayırlar. Neft Fondu təhsil sahəsində görülən işlərə dəstək verir. Bəs sonra necə olacaq? Xaricdən yüksək səviyyəli kadrlar dəvət olunur ki, Azərbaycanda kadrlar yetişsin. Biz nəyisə dəyişdiririksə, bunun hansısa nazirdən asılı olmadığına əmin olmalıyıq. Biz hər şeydə davamlılığı əsas götürməli, kiminsə edəcəyinə arxayın olmamalıyıq. Biz böyük şirkətlərin imkanlarından yararlanırıq. Kadr sahəsində problemlərin tam olaraq neçə il sonra aradan qaldırılacağını isə söyləyə bilmərəm".
Hazir deyib ki, təhsil sahəsində qarşılaşdıqları əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır. Onun sözlərinə görə, təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi: "İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib".
M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib: "İnanırıq ki, təhsil sahəsindəki islahatların sürəti sistemin dəyişikliyə hazırlığından asılıdır. Bəzən çox sürətlə inkişaf etmək yavaş inkişaf etməkdən təhlükəli olur. Bunu nəzərə almalıyıq".
M.Cabbarov deyib ki, əsas məsələ təhsillə həyatda uğur arasındakı əlaqənin təmin olunmasıdır: "İnsanlar həyatda uğur qazanmaqda təhsil almağın əsas şərt olduğunu görəndə inkişaf geri dönməz olacaq".
Təhsil naziri peşə təhsilindən də danışıb: "Peşə təhsili Azərbaycanda çox vacibdir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var. Almaniya və İsveçrənin peşə təhsili modellərindən istifadə etməyi düşünürük. Ən vacib məsələ məzmundur. Bütün imkanları bir səbətə qoymuruq, bu üsulların özünü necə göstərdiyinə baxmaq istəyirik. Necə olursa olsun, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir".
M.Cabbarov ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın da vacib olduğunu vurğulayıb: "Məsələn, Azərbaycan Diplomatik Akademiyası nüfuzlu ali məktəblərdən biri ilə əməkdaşlıq edir".