Yol polisi sürücülərə xəbərdarlıq edir Hadisə

Yol polisi sürücülərə xəbərdarlıq edir

Operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər cəzalandırılacaq

Azərbaycanda sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Bunu "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, yaşayış məntəqələrində, yəni şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar.
Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir.