Top mərmisinin dalğası məni minanın üstünə tulladı - Qəhrəman istehkamçı - FOTO Hadisə

Top mərmisinin dalğası məni minanın üstünə tulladı - Qəhrəman istehkamçı - FOTO

Müharibənin ən qızğın yerində yanlarına top mərmisi düşür və dalğa onu minanın üstünə tullayır. Bir ayağını itirsə belə döyüş yoldaşlarının irəliləyə bilməsi üçün ərazidəki minaları təmizləyir. Söhbət Vətən müharibəsi qazisi, qəhrəman leytenant Bəkir Əsgərzadədən gedir.

Trend xəbər verir ki, Əsgərzadə Bəkir Zakir oğlu 1995-ci il fevral ayının 20-də Qax rayonunun Zərnə kəndində anadan olub.

Hələ orta məktəbdə oxuyarkən hərbi sahəyə böyük marağı olan qəhrəmanımız sonradan təhsilini də bu istiqamətdə davam etdirir. Belə ki, 2009-cu ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir. 2012-ci ildə buranı bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Mühəndis istehkamçı ixtisası üzrə təhsilini tamamlayan Bəkir Əsgərzadə 2016-cı ilin iyun ayının 23-də leytenant hərbi rütbəsi alaraq ordu sıralarında xidmətə başlayır:

"Vətən müharibəsi başlayan zaman N saylı hərbi hissədə mühəndis xidmət rəisi vəzifəsində xidmət edirdim. Bizi qruplara bölüb təlimatlara uyğun olaraq istiqamətlər üzrə göndərdilər. Bizim qrup 13 nəfərdən ibarət idi. Mən mühəndis istehkamçı olduğum üçün döyüş tapşırığım ərazilərdəki mina sahələrindən keçidləri açaraq kəşfiyyat qruplarının düşmən mövqelərinə keçməsini təmin etmək idi.

Vətən müharibəsi zamanı Talış kəndi, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə davam edirdi və biz təyinatlara uyğun şəkildə irəliləyirdik. Döyüş tapşırığını yerinə yetirən zaman yaxınlığımıza top mərmisi atıldı. Ətrafa saçılan qəlpələr bədənimə doldu. Mərminin dalğası isə məni minanın üzərinə tulladı. Mina partladı və ayağımı qopardı. Döyüş yoldaşlarımdan xeyli aralı düşdüm və öz-özümə ilkin yardım etməli oldum. Ayağımı bağladım ki, qanaxma dayansın. Mən yaralananda qarşıda təmizlənməli olan üç cərgə minalanmış sahə var idi. Yaralı halda sürünə-sürünə onları təmizlədim ki, döyüş yoldaşlarımızın irəliləməsi üçün yol açım. Bizim qrupun hərbçiləri qarşıya keçərək düşmən mövqelərinə doğru irəlilədilər. Mən yaralı halda 3 saat ərazidə qaldım. Daha sonra təxliyə edildim”.

Bəkir Əsgərzadə daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reabilitasiyaya cəlb olunub:

"15 gün davam edən müalicələrdən sonra ən müasir texnologiya ilə hazırlanmış protezlə təmin olunacağım bildirildi. Ölçülər götürüldü və müvafiq zaman çərçivəsində protezlə təmin olundum. Əvvəl çəlik vasitəsilə narahat şəkildə gəzirdimsə, indi protezin köməyi ilə çəliksiz, tam sərbəst hərəkət edə bilirəm. Hətta yüngül şəkildə qaçmağı da bacarıram. Yeriyərkən kənardan ayağımda protez olduğu hiss olunmur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Xətai Rayon İcra Hakimiyyətində icra başçısı Rafiq Quliyevin göstərişinə uyğun olaraq böyük məsləhətçi vəzifəsinə təyin olunmuşam. Hərbçilərimizə, qazilərimizə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm".