Ruhuna türkçülük dəyərləri hopmuş insan... Hadisə

Ruhuna türkçülük dəyərləri hopmuş insan...

Hərdən adama elə gəlir ki, həyat və fəaliyyəti ilə az-çox tanış olduğun insan haqqında yazmaq asandır. Onunla bağlı təəssüratların zənginliyi də yaradıcı əminlik formalaşdırır. Düşüncələr kağız-qələmlə ünsiyyət anına çatanda isə anlayırsan ki, əsas çətinlik bu rəngarənglik içindən hansı həyat boyalarına işıq salmaqda, ömrün hansı çalarlarını seçib qələmə almaqdadır.
Hər insan haqqında ümumi başlanğıc, barəsindəki bütün təəssüratların əks oldunduğu ilkin məqam həmişə tapılır. Bu, müsbət yaxud mənfi məzmunlu bircə kəlmə söz də ola bilər, o insanın fərdi xarakterini, daxili dünyasını üzə çıxaran ani həyat epizodu da, hansısa dəyərlərin assosiasiyası da...

***

İlham İsmayılovun ömür yolu, həyat və fəaliyyəti haqqında yetərincə məlumatlıyam. Haqqında oxumuşam, yaxından tanıyanların onu şəxsiyyət kimi səciyyələndirən səmimi söhbətlərini çox eşitmişəm. Bütün bu fikirlərin hamısını yalnız bir kəlmədə ümumiləşdirərdim: türkçülük dəyərləri ruhuna hopmuş insan...
Bəli, İlham İsmayılov adı mənə həmişə türkçülüyü xatırladıb. Onun şəxsiyyəti bu sözün haləsində canlanıb. Təsəvvürümdəki portreti türkçülük düşüncələri ilə yan-yana dayanıb. Görünür, insanın taleyi, iqbalı da elə budur, adı gələndə təfəkkürdə oyanan ilk kəlmədir, haqqında yaranan ilk fikirdir. Bu iqbalı insan özü seçmir. O, Tanrının müəyyənləşdirdiyi missiya kimi insanın ruhuna dolur, qəlbinə hakim kəsilir.
"Əgər məni Türkçülük və Turançılıq davası ilə məhkum etsəniz, bu, mənim övladlarıma buraxacağım ən böyük miras olar!" - ¬bədii əsərləri ilə türkçülük ideyasının ən böyük carçılarından olan ünlü yazar Hüseyn Nihal Adsıza aid bu fikir türkçülük düşüncəsini, sadəcə maraq, ideya kimi yox, bir insanın taleyi, iqbalı, həyat missiyası kimi yaşayanların onlara belə bir qismət yazmış Tanrıya sədaqət andıdır. Tam əminliklə demək olar ki, bu andı içmişlər sırasında İlham İsmayılov da var.

***

İnsan ömrü həqiqət axtarışlarında keçir. Hərə axtardığı həqiqəti ömrün hansısa bir dönəmində tapır. Uzun ömür yaşamasına rəğmən, həqiqətin kandarına belə yaxınlaşa bilməyib dünyadan sadəcə həyatın, ömrün faniliyi həqiqəti ilə köçənlər də az olmur. Türkçülük ideologiyasının banilərindən sayılan Ziya Göyalp yeniyetmə ikən onu hətta intihara belə sövq etmiş həqiqət axtarışlarını öz xatirələrində illər sonra belə yada salacaqdı: "Üzvi heç bir xəstəliyim, ictimai heç bir sıxıntım yox idi. Bütün iztirablarımın mənbəyi fəlsəfi düşüncələrim idi. O zaman "Həqiqəti-kübra" adını verdiyim böyük həqiqəti tapa bilsəm, heç bir dərdimin olmayacağına əmin idim. Ancaq bunu hansı səmtdə axtarmalıydım? O vaxt bir "İxtilal şərqisi" ("Üsyan nəğməsi") yazarkən qələmimdən fırlayan başqa bir misra da onun səmtini göstərdi: "Əmanətdir bu gün bizə namusu millətin! Ən böyük məfkurə də millət və azadlıq məfkurələriydi".
İlham İsmayılovun həyat kitabını vərəqlədikcə, fəaliyyəti ilə daha yaxından tanış olduqca onun öz həqiqətini yaşının erkən çağlarından tapdığına, bu hədəfə inamla irəlilədiyinə bir daha əmin oluram. Onun öz həmfikirləri ilə birgə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini yaratması da, türkçülük ideyasını çağdaş dünyamızda da toplum üçün aydın bir istiqamət kimi nişan verən Əli bəy Hüseynzadə misalı aydınlarımızın mənəvi irsinin təbliğindən ötrü müvafiq qurumlarla əməkdaşlıq şəraitində keçirdiyi tədbirlər də, iş adamı kimi uğurlu fəaliyyəti də, xeyriyyəçiliyi də, Azərbaycan ziyalısı olaraq milli davamızda göstərdiyi fədakarlıqlar da millət və azadlıq məfkurəsinə xidmətdir.
İlham İsmayılovun bu ideya yolunda yaratdığı örnəkləri, onun Vətənə, yurda, türk ulusuna təmənnasız sevgisini sərgiləyən çox faktları ard-arda sıralamaq olar:
- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2008-ci ildə Gəncə və Bakıda Beynəlxalq Akademik Tibb Toplantısının təşkili...
- 2008-2009-cu il sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 və 91 illiyi şərəfinə silsilə tədbirlərin düzənlənməsi, Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlalı uğrunda apardığı döyüşlərin tam mənzərəsini yaratmağa imkan verən "Nuru Paşa" sənədli-tarixi filminin çəkilişi...
- 2009-cu ilin oktyabrında ATXƏM-in dəvəti ilə İstanbuldakı "Azeri Kültür Evi" dərnəyinin üzvlərindən, türk iş adamlarından, tarixçilərdən, sənət adamlarından ibarət böyük bir nümayəndə heyətinin bir həftəlik Azərbaycana səfərinin təşkili. Eyni zamanda Türkiyə-Ermənistan arasında protokolların imzalanması və sərhədlərin açılması ilə bağlı məsələlərin gündəmə gəldiyi bir dönəmdə ATXƏM-in rəhbərliyinin Ankaraya işgüzar səfər edərək keçirdiyi görüşlər, erməni açılımı ilə bağlı Azərbaycanın mövqeyinin Türkiyə ictimayyətinin diqqətinə çatdırılması.
- Strasburq "Azərbaycan Evi" ilə birgə son illərdə Xocalı faciəsinin ildönümləri ilə bağlı Avropanın siyasi mərkəzləri sayılan Strasburq və Brüssel şəhərlərində silsilə etiraz tədbirlərinin təşkili, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması.
İllər keçdikcə, bu sıraya yeni-yeni faktlar əlavə olunur. Məramımız bu faktları sıralamaq, onların hər biri haqqnda geniş söhbət açmaq deyil. Əslində, tək bir İlham İsmayılov obrazında, belə insanlarn indiki dünyamızda millət üçün nə qədər böyük dəyər kəsb etdiklərinə diqqət çəkmək istəyirəm.

***

Biz millətçilik düşüncəsinin dörd yandan hücuma məruz qalıb get-gedə daha böyük amansızlıqla küncə sıxışdırıldığı bir dönəmə gəlmişik. Bəlkə də, millətçiliyin qədər-qisməti elə həmişə belə olub, kim bilir?! L.Qumilyovun bir zamanlar yazdığı kimi, cəmiyyətin rifahının getdikcə yüksəldiyi, bir çoxlarının qəhrəman döyüşçüdən çox, varlı insan olmağa can atdığı dinc dövrlərdə passionarlar cəmiyyət üçün lazımsız zümrəyə çevrilir. Bir də cəmiyyət hansısa ani təlatümlərlə üzləşəndə, millətin, Vətənin yenidən cəsur döyüşçülərə, sonunu düşünmədən meydana atılan qəhrəmanlara ehtiyacı yarananda anlamağa başlayırsan ki, onlar toplum üçün nə qədər gərəkli imişlər.
Bu mənada İlham İsmayılov kimi insanların xalqın ruhundan gələn passionarlıq enerjisini bütün dövrlərdə yaşatması, bu enerjini intellektual müstəvilərə yönəltməsi, düşüncə meydanında ona yeni ruh verməsi son dərəcə önəmlidir.
Həm də millətçilik, türkçülük düşüncəsini çox adam gündəmə gətirə bilər və bu düşüncəyə xitabın məqsədləri müxtəlif ola bilər. Belə bir dəyərli ideyanın gözdən salınmaması, qaragürühun əlində silaha çevrilməməsi, L.Tolstoyun təbirincə desək, müəyyən naqis zümrələrin son daldalanacağı halına gəlməməsi üçün millətçilik düşüncəsinin mərkəzində İlham İsmayılov kimi nəcib ziyalılar görünməlidir. Necə ki, bu ideya indi də bizim üçün Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi ziyalılarımızın nur heykəlləri ilə dəyərlidir, cəlbedicidir.

***

Biz azad bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İndi hamının müəyyən bir sahədə iş qurub məqsədyönlü fəaliyyəti ilə maddi imkanlar sahibinə çevrilməsi çətin deyil. Zatən çox həmvətənlərimiz bu imkanlardan yetərincə istifadə edə bilir. Çətin olan getdikcə maddiləşən dünyamızda mənəvi dəyərlərə tapınmaq, maddi qazanclarını mənəvi dəyərlərin intişar tapmasına yönəltmək, maddiyatı mənəviyyatın xidmətçisinə çevirməyi bacarmaqdır. Maddi imkanlarnı böyük ürək genişliyi ilə millətin sabahı üçün xərcləməkdir və bununla da Əli Bəy Hüseynzadədən, Ziya Göyalpdan, İsmayıl Qaspıralıdan, Yusif Akçuradan, Əhməd bəy Ağaoğludan və digər milli aydınlarımızdan gələn işığa bələnməkdir. Hər addımında millət üçün faydalı olmağın yollarını düşünüb bu yolları tapmaqdır. İlham İsmayılov da Azərbaycan üçün belə faydalı bir yoldadır.
Bu yolda addımlayan insanlardan hansı regionda doğulduğu, hansı sosial çevrələrə aid olduğu mənasız suallar kimi görünür. Bu qeydlər üzərində işləyərkən müxtəlif şəxslərin İlham İsmayılov haqqında fikirlərini, ürək sözlərini ötəri nəzərdən keçirdik. Burada bütün regionlara, cəmiyyətin bütün sosial çevrlərinə aid insanlar var və bu insanları birləşdirən bir ümumi dəyər öz əxlaqı, Turan sevdası ilə bütün məhəlli yanaşmaların fövqünə ucalmış İlham İsmayılov şəxsiyyətidir.
Dünyaya bir evin övladı kimi göz açıb ömrü ilə bütöv bir ulusun övladına çevrilmiş bir insanın nəcibliyi, xeyirxahlığı, səmimiliyi, vətənpərvərliyi, tələbkarlığı, işgüzarlığıdır.

***

Şagird ikən dərsliyimizdə ünlü rus yazıçısı Boris Nikolayeviç Polevoyun "Əsl insan haqqında" povestindən bir parça verilmişdi. Sonralar əl yetən yerlərdə nə qədər axtarsam da, bu povesti bütöv halda tapıb oxumaq fürsəti yetişmədi və indi də bu fürsəti oxucu qisməti kimi gələcək günlərə saxlayıram. Amma Boris Polevoyun yaratdığı Aleksey Meresyev obrazı həmişə yaddaşımdadır.
Hansı sahəni, hansı düşüncəni təmsil etməsindən asılı olmayaraq bütün ömrünü inandığı ideyaya, bağlandığı məqsədə həsr edən, bu yolda yorulmaq nədir bilməyən, öz məqsədlərinə çatan insanlar mənə həmişə o igid hərbi təyyarəçinin obrazını xatırladır. Ömrünün 55-ci pilləsinə qədəm qoyan İlham İsmayılovu da mənim nəzərimdə öz məqsədlərinə doğru bu cür prinsipiallıq və əzmkarlıqla irəliləyən bir irfan sahibidir.

Samir ELMANOĞLU,
filologiya elmləri üzrə fəlsəfə doktoru