Haçapaça qalmayın! Hadisə

Haçapaça qalmayın!

...Bir neçə gün öncə ölkədəki və ölkə xaricindəki təxribat şəbəkəsinin fəallaşdığını, sifarişçilərindən Brüssel görüşü öncəsi aldıqları təlimatlar əsasında, ən müxtəlif bəhanələrlə üzərimizə yürüdüklərini və prosesin qarşıdurma müstəvisində keçirilməsi üçün daha aqressiv üsullara əl atacaqlarını yazmışdım. Çox gecikmədi və Paşinyanın timsalında erməniliyin edam kötüyündəki alt niyyətlərini ipdən açmaq üçün ən müxtəlif yollara əl atan qlobal maliyyə şəbəkəsinin tör-töküntüləri öncə sosial platformalar, daha sonra isə lokal provakasiyalar üzərindən hərəkətə gətirildilər...
...Əslində bütün bunlar məni təəccübləndirmir. Son 30 ildə dabbaqda gönünə bələd olduqlarımın “çiyərlərinə” çəkdikləri havanan tərkib hissəsini belə mikroelementlərinə kimi bilirəm. Məni təəccübləndirən, siyasi proseslərin dolanbaclarında illərin təcrübəsini qazanmış insanların məqsədyönlü şəkildə yaradılmış emosional mühitin təsiri altına düşmələridir.

Heç kim mələk deyil, bunu yaxşı başa düşürəm. Həmçinin onu da başa düşürəm ki, insan psixologiyası mürəkkəbdir və mühit şəraitin diqtə etdiyi şərtlər altında cinayətkarı qəhrəmana, qəhrəmanı isə ən qatı, ən amansız cinayətkara çevirə bilər. Məhz bu baxımdan, qiymətləndirmələrin konkret əmələ görə özünü bürizə verməsini daha doğru və həm də faydalı hesab edirəm.

Həm birinci, həm də ikinci Qarabağ savaşında ölümün gözünə dik baxan, insan xarakterinin və potensialının ən son və bəlkə də ağlasığmaz imkanlarını nümayiş etdirməyi bacaran, dişiylə, dırnağıyla düşmənə dirəniş göstərən onlarla insan tanıyıram ki, bu gün sıradan bir Azərbaycan vətəndaşı kimi həyatlarına davam edir, qürur duyulası keçmişlərindən sui-istifadə etmələrinə imkan yaratmırlar. Mənə görə, gerçək qəhrəmanlıq gerçək təvəzökarlığın sinonimidir. Daha öncə qeyd etmişdim insan psixologiyasının mürəkkəbliyini... Bax, məhz bu müstəvidən dəyərləndiriləndə ağlıyla, düşüncəsiylə, vücuduyla, hissləriylə tam, bütöv, şəraitdən asılı olmayaraq qəhrəmanlıq nümayiş etdirməyə hazır olan insanlarla, şəraitdən asılı olaraq, özünüqoruma instiktindən, yaxud emosional təsir vasitələrinin basqısı altında, təhtəlşüur olaraq, hansısa prosesin tərkib hissəsinə çevrilənlərin fərqləndirilməsinin tərəfdarıyam.

Elə indi, bu sətirləri yazarkən, təkcə “fit”lə hərəkətə gətirilənlərin deyil, emosional təsir vasitələrinin yükü altında əzilərək, sosial şəbəkələrin kin və aqressiya axını ilə “üzənlərin” əks istiqamətində hərəkət etdiyimi də yaxşı başa düşürəm.

Belə...

Nə olub? Nə özünüzə əl qatmısınız? Hanı sizin jurnalist kimi tərəfsizliyiniz? Hər gün yazılarınızda Qərbdən vutub Şərqdən çıxırsınız, dünyanın nəhəng siyasət adamlarına, texnoloqlarına “dərs” keçirsiniz, amma gözünüzün önündə baş verənlərə gələndə, uzun illərdən bəri faydalandığınız çevrənin maraqları bir yana qalsın, ölkənin mənafeyini də gözünüzün önündə cərəyan edən və kütləviləşməyən tamaşanın müəlliflərinin və oyunçularının pis niyyətlərinə qurban verirsiniz. Budur sizin cəsarətiniz?

Açiq danışacağam: Dünən, Vətənini sevən hər kəsin helikopter qəzasında həlak olan qardaşlarımıza yas saxladığı, gözümüzün içinə kimi yandığımız bir vaxtda paytaxtın mərkəzində təxribata cəhd göstərilməsi, üzərimizə yerimək üçüb marığda dayananlara xidmət, Azərbaycan dövlətinə və xalqına xəyanətdir. Bu xəyanətin başında kimin dayandığından və kimlərin, hansı səbəblərdən və hansı motivlə bu prosesin tərkib hissəsinə çevrildiyindən asılı olmayaraq! Daha öncə də qeyd etmişdim: Qiymətləndirmə konkret əmələ görə aparılmalıdır. Kimlərinsə nə vaxtsa etdiyi xidməti bu gün hadisələri təhlil edərək düzgün nəticə çıxaran, Millətin və Dövlətin mənafeyinə uyğun davranış sərgiləyən insanların başı üzərində “Domokl qılıncı”na çevirmək lazım deyil. Bu gün sərgilənən kütləvi psixoz məntiqindən belə anlaşılır ki, əgər kimsə nə zamansa Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə içtirak edibsə, yaxud əlinə silah alıb şəkil çəkdiribsə, cəbhə bölgəsində ezamiyyətdə olubsa, deməli dövlətə silah qaldıra, kütləvi qətliam törədə, soyğunçuluq edə, milli maraqları emosiyalarına, şəxsi qəzəbinə, aqressiyasına qurban verə bilər... Bu nə düşüncədir?

Ola bilsin ki, kütləvi aqressiya dalğasına qoşulanların bir hissəsi, xüsusilə də gənclər 1992-94-cü illərdə baş verənləri unudublar. Amma mən unutmamışam. Qarabağdan əlisilahlı Bakıya gəlib bazarlarda “rajon” kəsənləri, qızların, gəlinlərin namusuna göz dikənləri, günün günorta çağında soyğunçuluq edənləri yaxşı xatırlayıram. İndi nə edək, ölkəni yenidən həmin dövrə qaytaraq? Dərəbəyliyə, özbaşınalığa, xaosa rəvac verək? Azərbaycan Ordusunun darmadağın etdiyi ermənilər və onların himayədarları bunu istəyirlər. Daha kim istəyir, əlini qaldırsın... Kimin kim olduğundaha aydın görünsün. İt qurddan seçilsin yəni...

Son dəfə “küçəyə” çıxdığında sıradanbir təzyiq səbəbindən qorxudan gözü hədəqəyə çıxan, emosiyalarını ciovlaya bilməyənləri qabağa verib tülkü kimi “yurd”unda, yuvasında gizlənənləri başa düşdük, bu onların xislətidir. Bəs səhərdən axşama kimi “mənəm-mənəm” deyən, sanki dövlətin mənafeyini bunlardan başqa qoruyan yoxmuş kimi hikkəli bir davranış sərgiləyən, ağllı-ağıllı “poz” verib ağzından “dür” tökən modern, yeni, yaxud elə köhnə media, QHT baş, yaxud ayaqbilənləri hardadır? Onlar niyə tülkü kimi mısıblar? Gözləyirlər ki, hadisələr səngisin, yenidən ortalığa çıxıb “intellektul” potensiallarını, ultramədəni rəftarlarını sərgiləsinlər? Bir intellekt ki, dövlətin, xalqın mənafeyini müdafiə etmək cəsarətində və potensialında deyil, tüpürüm o intellektə!

Daha öncə də yazdığım kimi, heç kim mələk deyil. Vaxtilə Rusiya, Gürcüstan, Ukrayna üzərindən ölkəni qarışdırmaq üçün külli miqdarda pul daşıyanlardan bir neçəsi indi Azərbaycandan kənarda, mənbəyi erməni diasporuna gedib çıxan vəsaitlərlə “kanal”, yaxud kanallar açıb üstümüzə kin püskürürlər, qələbəmizi “məğlubiyyət” kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırlar.

Məsuliyyətdən yayınmaq istəyən istənilən şəxs təzyiq vasitəsi kimi ən müxtəlif üsullara əl ata bilər. İndi kimsə aclıq aksiyası keçirirsə və bu aksiyanın təbliğatı ilk gündən, hətta başlamazdan öncə ayrı-ayrı “mərkəz”lərdən sosial şəbəkələr vasitəsilə total bir şəkildə aparılırsa, bu konkret şəxsin ittiham edildiyi əməli törətmədiyi anlamına gəlmir. Hər halda 450 min ABŞ dolları göydən düşməyib. Bu məğləğin hər senti ilə bağlı təkzibolunmaz sübutlar var... Təfərrüatına varmaq istəmirəm. Çünki bütün bunlara ən yaxın zamanlarda bir daha aydınlıq gətiriləcək!

Məlum şəbəkə və ya şəbəkələrin içərisində yer alanlara isə sözüm yoxdur. Amma bəzi “ağıl dəryaları”nı gerçək kimliklərini ortaya qoymağa çağırıram. Ya o yanlıq olun, ya da bu yanlıq. Haçapaça qalmayın!

Elçin Mirzəbəyli