Azərbaycanda Gürcüstandakı kimi güclü zəlzələ gözlənilmir - Qurban Yetirmişli Hadisə

Azərbaycanda Gürcüstandakı kimi güclü zəlzələ gözlənilmir - Qurban Yetirmişli

Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, yeraltı təkan Gürcüstanın dağlıq Cavaxeti bölgəsində qeydə alınıb. Zəlzələ dağlıq ərazilərdə baş verdiyi üçün ciddi fəsadlar törətməyib.

Q.Yetirmişli bildirib ki, zəlzələnin episentri Azərbaycanla sərhədə yaxın olduğu üçün qərb rayonlarında - Qazax, Ağstafa, Gədəbəy Gəncə ərazilərində daha çox hiss edilib.

"Azərbaycanda yeraltı təkanlar hər gün qeydə alınır. Buna baxmayaraq ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Təşvişə də ehtiyac yoxdur", - deyə Q. Yetirmişli bildirib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:25-də Gürcüstan ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.