Bizə bu hisləri yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik – Zəngilanda atasının məzarını ziyarət edən şəhid qızı - FOTO/VİDEO Hadisə

Bizə bu hisləri yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik – Zəngilanda atasının məzarını ziyarət edən şəhid qızı - FOTO/VİDEO

Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfər qazandı və biz keçmiş məcburi köçkünlər öz doğma torpaqlarımıza qovuşduq. Bu əvəzsiz hisləri bizə yaşatdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkürümüzü bildiririk.

Bu sözləri Trend-in Qarabağ büsrosunun çəkiliş qrupuna Birinci Qarabağ müharibəsi zamanı Zəngilanda şəhid olan Nadir İsmayılovun qızı Günel İsmayılova deyib. G.İsmayılova Zəngilanda atasının məzarını taparaq ziyarət edib, ailə üzvləri və yaxınları ilə birlikdə məzarın ətrafını abadlaşdırıb. Prosesdə Trend-in Qarabağ bürosunun çəkiliş qrupu da iştirak edib.

Əvvəlcə təhlükəsizlik məqsədilə ANAMA-nın əməkdaşları qəbiristanlığın ərazisində xüsusi tədbirlər həyata keçirib. Ərazi mina təhlükəsi ilə bağlı yoxlandıqdan sonra məzar ziyarət edilib. Şəhid qızı ata yurdu olan Zəngilana gəlməkdən, o yerləri ziyarət etməkdən və atasının məzarına baş çəkməkdən məmnun qaldığını ifadə edib: “Biz qalib xalqıq, torpaqlarımızı düşməndən geri aldıq və şəhidlərimizin qanı yerdə qalmadı. Bütün bunlara görə Prezident İlham Əliyevə, qəhrəman ordumuza, hərbçilərimizə borcluyuq. Bu gün hislərimi sözlə ifadə edə bilmirəm, heç vaxt unuda bilməyəcəyim sevinc içindəyəm. İndi atamla bərabər bütün şəhidlərimizin ruhu şaddır. Bu, bizlərə rahatlıq verir”.

Trend TV-nin hazırladığı geniş videoreportajı təqdim edirik: