Adı böyük, özü kiçik olan təşkilatlar... Hadisə

Adı böyük, özü kiçik olan təşkilatlar...

Ucuz reklam və acı gerçəklik

Azərbaycan diasporunda əvvəlki dövrlərə nisbətən təşkilatlanma, inkişaf hiss olunur. Müəyyən uğurlara da imza atılıb. Amma Dağlıq Qarabağ boyda problemi olan Azərbaycan kimi ölkələrin diaspor təşkilatlarının bu səviyyədə olması qaneedici feyil. Bu gün informasiya dünyasında yaşayırıq. Diaspor təşkilatlarımız fəaliyyət göstərdilkləri ölkədə ictimai rəyə təsir edə bilmirsə, işlərini bayramlarda paxlava bişirmək və qurultay keçirməklə bitmiş hesab edirlərsə onda ciddi uğurlardan danışmağa dəyməz.
Haqlarında danışacağımız bəzi Azərbaycan təşkilatları var ki, adları olduqca böyük səsləndiyi halda özlərinin fəaliyyəti demək olar yoxdur və ya effektsizdir.
Bu sıraya konkret olaraq Dünya Azərbaycanlıları Konqresi (DAK), Avropa Azərbaycanlıları Konqresi (AAK), Benilüks Azərbaycanlıları Konqresi (BAK), Latın Azərbaycanlıları Asossiasıyasını (LAA) aid etmək olar. Bu siyahını artırmaq da mümkündür. Biz əsasən bu təşkilatların fəaliyyətini araşdırmağa və qiymətləndirməyə çalışacağıq.
Bunlardan ilk yeri tutanı DAK-dır. Bu təşkilat adından da göründüyü kimi bütün dünya üzrə fəaliyyət göstərməyə iddialıdır. Özünü Bütöv Azərbaycan ideologiyasının daşıyıcısı sayan təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də Güney Azərbaycan hesab olunur.
Xatırladaq ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə təşkilat parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərib. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edib. Sonradan Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək Demoktatik DAK adlandırılıb. Daha sonra isə hər iki qanad yenidən DAK adlandırılıb, birinə Sabir Rüstəmxanlı, digərinə isə Paşa Qəlbinur rəhbərlik edib.
2010-cu ilin dekabr ayının 24-də DAK-ın Almaniyanın Bonn şəhərində keçirilən XI qurultayında yeni rəhbərlik və həmsədrlər seçilib. Amma bu daha ciddi qarşıdurmanın və parçalanmaların əsasını qoyub. Təşkilat yenə də iki adla fəaliyyət göstərib. Birinə Sabir Rüstəmxanlı, digərinə isə Mirəşrəf Fətiyev rəhbərlik edib. Qarşıdurmalar indi də davam edir. DAK-ın bu il keçirilən qurultayından sonra da narazılıqlar səngimir. Təşkilatın sabiq daimi şurasının sədri Əjdər Tağızadə ilə sədr Sabir Rüstəmxanlı arasında olan narazılıq media müstəvisində həll edilməyə çalışılır. Yenə də 2 DAK-ın "fəaliyyət göstərəcəyi" gözlənilir.
Bütün bu ziddiyyətlər, qarşıdurmalar, məhkəmə çəkişmələri mütəmadi olaraq İran mediasında da gündəmə gətirilib. İran mətbuatı hər fürsətdə DAK-ın durumunu tirajlayır. Sanki İran oradakı azərbaycanlılara "Baxın, birlikdən, Azərbaycanın bütövlüyündən danışırlar, amma kiçik bir təşkilatda belə yola getmirlər. Bunlarmı sizi birləşdirəcək?",- deyə mesaj verir...
Təbii ki, İran mediasının bu xəbərləri yayması oradakı milli hərəkata da mənfi təsir edir. Yəni DAK düşdüyü biabırçı durumla nəinki Bütöv Azərbaycan ideologiyasına xidmət etdi, Güneydəki milli hərəkata belə ciddi zərbələr vurdu. Bu proses bu gün də davam edir. Adını milli qoyan və dünya çapında birləşdirici rola malik olduğunu iddia edən qurum əslində zərərli fəaliyyət göstərdi və eyni zamanda, Azərbaycan diasoru arasında narazılıq toxumlarını daha geniş formada səpdi.

"Nə edirlər, nə işlə məşğuldular?"

"Diaspor və Lobbi " Elmi Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Zaur Əliyev deyir ki, biz, informasiya və texnologiya əsrinin ən inkişaf edən dövründə yaşaya-yaşaya hələ də nağıllarla başımızı aldatmağa çalışanları görürük: "Sizin adınızı çəkdiyiniz təşkilatlar sırf kağız üzərində olan və fəaliyyətləri yalnız bəyanat və bahalı konfrans zallarında görüş keçirib protokol hazırlamaqdan ibarətdir. Vəssalam. Bakı son illərdə çoxsaylı beynəlxalq layihələrin mərkəzinə çevrilib. Beynəlxalq Humanitar forumlar, Avrovision, İlk Avropa Oyunları və sairə. Belə uğurların olduğu bir zamanda diasporumuzun dəstəyinə rast gəlmədik. Erməni diasporunun ölkəmizə qarşı apardığı anti təbliğata qarşı nə addımlar atıblar? Demək olar ki heç nə. Amerikada, Avropada Azərbaycanla bağlı müzakirlər zamanı Azərbaycan diasporunun təmsilçiləri nəinki lobbi fəaliyyəti göstərmir, heç səsvermə zamanı da onları tapmaq olmur".
Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresi, Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Latın Amerikası Azərbaycanlıları Assossiasiyası və sair adları özlərinə götürən bu təşkilatların fəaliyyəti qat-qat aşağı səviyyədədir: "Nə edirlər, nə işlə məşğuldular? Bəlkə siz bilirsiniz? Şəxsən 15 ildən çox diaspor sahəsini tədqiq edən bir tədqiqatçı kimi mən heç nə görmürəm. Onlar sadəcə büdcədən pul alıb öz ofislərini saxlamaqla məşğuldular. Hansısa bir seminar, treninq keçiriblərmi? Yaxud hər hansı bir sənədli film çəkiblərmi? Yaxud fəaliyyət göstərdikləri ölkələrin televiziya kanallarında hər hansı bir ciddi polemikada iştriak ediblərmi? Xeyr. Çünki onların heç bir gücü, fəaliyyəti yoxdur. Bu təşkilatların sadəcə üz görünüşü var".
Daha bir adı böyük səslənən təşkilat isə Avropa Azərbaycanlıları Konqresidir (AAK). Bu təşkilatın 2004-cü ilin aprel ayının 17-də Berlin şəhərində təsis konfransı keçirib. Adından da göründüyü kimi, təşkliat bütün Avropa üzrə fəaliyyət göstərməkdə iddialıdır. Amma necə? Bu qurumun Avropada fəaliyyət göstərən təşkilatları koordinasiya etmək gücü bir yana, özünün belə normal, diqqət çəkən, Avropada effektiv fəaliyyəti yoxdur. Sadəcə bütün diaspor təşkilatları üzrə tendensiya halını alan, Azərbaycanın bayram günlərində 10-15 nəfərin yığışıb paxlava yeməkdən, anım günlərində əllərində bayraq tutub şəkil çəldirməkdən, ən yaxşı halda bəyanat yaymaqdan başqa ciddi fəaliyyəti yoxdur.
Benilüks Azərbaycanlıları Konqresi də bu qəbildəndir. Bu təşkilatın yaradılmaqda məqsədi Bünilüks ölkələri üzrə Azərbaycan diaspor təşkilatlarını koordinasiya etməkdir. Amma BAK nəinki bunu bacarır, özü fəaliyyət göstərdiyi Hollandiyada belə ortaya normal fəaliyyət qoya bilmir.

"Dərdləri yeni cəmiyyət qurub özlərinin reklamını aparmaqdır"

Almaniyada fəaliyyət göstərən Köln Azərbaycan Kültür və Dayanışma cəmiyətinin sədri Ufuk Kamal bildirdi ki, birincisi bu cəmiyyətlər xaricdə yaşayan azərbaycanlıların əksəriyyətindən xəbərsiz yaradılıb.
Bu təşkilatlar yaradılarkən 1990-cı illərdə qurulan Avropanın bütün dövlətlərində təməli və gücü olan təşkilatlarla heç bir fikir mübadiləsi aparılmadı. Yenə də proses eyni formada davam edir. Kimsə yeni və fəaliyyətsiz cəmiyyətlər qurmaqdansa bazası, əlaqələri olan təşkilatlara dəstək olub onu inkişaf etdirmək istəmir. Dərdləri yeni cəmiyyət qurub özlərinin reklamını aparmaqdır". AAK-ın qurultandan sonra indiyədək 4 dəfə qurultay keçirdiyini deyən Ufuk Kamal "mən, bu qurumun bir fəaliyyətini görmədim", - deyə vurğuladı: "Nəzərinizə çatdırım ki ciddi problemlərimiz var. Milli məsələlərlə bağlı mitinqlərdə konsertləri çıxmaq şərti ilə 100 nəfər bir yerə yığılmır. Lobbiçilik, diaspor könül işi, vətən, millət sevgisidir. Beşulduzlu otellərdə bəlli bir kəsimi dəvət edərək tədbir keçirmək və ya müəyyən vasitələrlə iş görməklə uğurlara imza atmaq qeyri mümkündür. DAK adlı təşkilat ikiyə bölünüb, AAK Berlində quruldu, indi sadəcə adı var. BAK Hollandiyada qurulduqdan sonra bır sıra problem yarandı. Diaspor təşkilatlarını daha da böldü.
Cəmiyyətlər koordinasiyalı şəkildə fəaliyyət göstərməli, ümummilli məsələlərlə bağlı birlikdə qərar verməli, bərabər çalışmalıdırlar. Ad çəkmək istəmirəm, amma belə fəaliyyət göstərən təşlilatlar ciddi uğurlara imza atıb, nəticələrə nail olublar. Kifayət qədər örnəklər var".
"Diaspor" Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk bildirdi ki, xaricdə adları böyük olub, ancaq fəaliyyətləri olmayan təşkilatlar yalnız Azərbaycanın diaspor siyasətinə uğursuzluqlar gətirməklə məşğuldurlar: "Onlar qarşılarına qoyduqları vəzifələri yerinə yetirməməklə yanaşı, sadəcə bəyanatlar verməkə kifayətlənirlər. Bu isə heç bir faydası və əhəmiyyəti olmayan görüntü xatirinə atılan addımdır. Təbii bunu hər təşkilata şamil etmək olmaz. Azərbaycanın tanıdılmasında xaricdə fəaliyyət göstərən bir çox təşkilatlarımızın böyük əməyi olub. Amma bu gün elə təşkilatlar var ki, onlar fəaliyyətlərini yalnız bayram və s. günləri keçirməklə kifayyətlənirlər. Bu isə, Azərbaycanın xaricdə tanıdılmasına heç bir fayda gətirmir. Artıq hansısa diaspor qurumumuzun adının sonunda konqress gördükdə bu təşkilatın fəaliyyətsiz olduğu anlamına gılir. Fərdi şəkildə insanlar daha çox işlər görürlər. Elə insanlar var ki,onlar bir fərd olaraq yüz konqresdən və təşkilatdan keyfiyyətli işlər ortaya qoyurlar. Sistemli şəkildə ölkəmizi layiqincə təmsil edirlər. Onlar yerli media və qanunverici orqanlarla sıx çalışırlar. Öz adlarının heç bir yerdə çəkilməsini istəmirlər. Artıq ortada gəzib, qıraqda yeyənlərdən imtina etməliyik".
2008-ci ildə ildə isə Meksikanın paytaxtı Mexiko Latın Amerikası Azərbaycanlıları Assosiasiyası (LAAA) təsis edilib. Bu təşkilatın yaradılması ilə bağlı yayılan məlumatda bildirilir: "Assosiasiyanın əsas məqsədi Latın Amerikası ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycanı və azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təmsil etməkdən ibarətdir".
Bu məqsədlə yaradılan adı çəkilən təşkilat nə iş görüb? LAAA bu boyda coğrafiyada necə fəaliyyət göstərir? Bunun mexanizmi necədir? Təbii ki, adından da göründüyü kimi burada bir qeyri ciddilik var və Amerikada fəaliyyət göstərən ciddi təşkilatlar, tanınmış simalar da bunu təsdiqləyirlər.
Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri bildirdi ki, bu təşkilatın fəaliyyəti haqqında bir məlumata malik deyil: "Mən bilmirəm bu təşkilat harada fəaliyyət göstərir, sədri kimdir. Əgər uğurlu fəaliyyəti olsaydı mütləq tanınmış quruma çevrilərdi. İndi hər gün bir təşkilat yaranır".
Güney Azərbaycan Konqresi, Dünya Azərbaycanlıları Milli Birliyi və.s kimi fəaliyyətsiz təşkilatlardan isə ona görə danışmırıq ki, onlar haqlarında danışdığımız qurumlardan fərqli olaraq dəstək görməyiblər.
Göründüyü kimi əslində bu adları böyük olan və kifayət qədər dəstək almış təşkilatlar nəinki təyinatına uyğun fəaliyyət göstərir, hətta kiçik bir dərnəyin belə görməli olduğu işi belə bacarmırlar.
Məsələn, bu təşkilatlara nümunə ola biləcək qurum kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) adını çəkə bilərik. AAC konkret olaraq ortaya nəticə qoyur. Bu təşkilatın fəaliyyəti nəticəsində Avropa ölkələrinin bir sıra siyasiləri, parlamentariləri Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər. Azərbycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləyib, Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə bəyan ediblər. Yuxarıda adlaırnı çəkdiyim təşkilatlar AAC-ın gördüyü işin 10 faizini görsəydi, Azərbaycan dövləti diaspor təşkilatlarından böyük dəstək almış olardı...


Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.