Azərbaycandakı dini konfessiyaların nümayəndələri Xocalı qurbanlarını anıblar Hadisə

Azərbaycandakı dini konfessiyaların nümayəndələri Xocalı qurbanlarını anıblar

Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Xocalı Soyqırımının qurbanları anılıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, QMİ-nin bölgə qazısı Rauf Sərdarov, Sumqayıt şəhərində fəaliyyət göstərən dini konfessiyaların üzvləri - müsəlman dini icmaları, yəhudi dini icması, Molokan ruhani xristian dini icması, Bəhai dini icmasının nümayəndələri iştirak ediblər.

Öncə “Xocalı Soyqırımı” abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycandakı dini konfessiyaların həmrəyliyi, Vətənin mənafeləri naminə sarsılmaz birliyi mövcuddur. Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının anılması ölkəmizdə mövcud olan tolerantlıq və multikultural dəyərlərin bariz nümunəsidir. O da bildirilib ki, Vətən müharibəsində Qələbəmizin qüvvətverici amillərindən biri dövlət-xalq birliyi, ölkəmizdə yaşayan millətlərin və dinlərin nümayəndələrinin dövlət rəhbərinin ətrafında sıx birləşməsidir.

Daha bir anım tədbiri isə Qubada keçirilib. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə qəsəbədə yerləşən "Giləki" sinaqoqunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "XX əsrin faciəsi - Xocalı" adlı anım tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Yurik Naftaliyev, dindarlar və qəsəbə sakinləri iştirak ediblər.

Çıxışlar zamanı Xocalı faciəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, həm yəhudilər, həm də azərbaycanlılar tarixin ayrı-ayrı vaxtlarında soyqırımı aktına məruz qalıblar.

Anım tədbirində sinaqoqun ravvinləri dualar oxuyub.

Cavid