
Orta əsrlər türk dövlətçilik fikrinin əks olunduğu mənbələrdən biri də Nəsirəddin Tusinin (1201-1274) "Əxlaqi-nasiri" əsəridir. "Əxlaqi-nasiri" Tusi tərəfindən ən azı üç dəfə yenidən işlənib. Birinci dəfə o, 1232-33-cü illərdə Möhtəşəmin təkidi ilə onun adına yazılıb, ikinci dəfə təxminən 21-22 ildən sonra (1254-55-ci illər) ismaillilər darmadağın edildikdən və moğollar hakimiyyət başına keçdikdən sonra, üçüncü dəfə isə Əbdül Əziz Nişaburinin arzusu ilə, təqribən 1272-73-cü illərdə yenidən nəzərdən keçirilib". Əsər adından da göründüyü kimi hər şeydən öncə əxlaq kitabıdır. "Mənəvi təmizliyə, əxlaq saflığına, vicdan billurluğuna son dərəcə böyük əhəmiyyət verən Tusi hər şeydən əvvəl uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə məşğul olmağı, onları düzlüyə, doğruluğa, bir sözlə, vicdanlı olmağa öyrətməyi, sonra isə başqa tərbiyə işləri ilə məşğul olmağı məsləhət verir".
Tusi cəmiyyətin gələcəyini əxlaqi təkamüldə görür. Ona görə də kitabında əsas aparıcı xətt də əxlaq tərbiyəsidir. Kitab müqəddimədən sonra birbaşa "əxlaqın saflaşdırılması haqqında" fəsillə başlanır. Əsərdə "o zaman yunan, ərəb və fars dillərində son dərəcə böyük şöhrət tapmış Əflatun, Ərəstun, İbn-Sina, Qəzali, Biruni kimi alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, "Kəlilə və Dimnə", "Ərdəşir Babəkan", "Ənuşirəvanın vəsiyyətləri" kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından "Siyasətnamə", "Mərzbannamə" kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə "Əxlaqi-nasiri"yə daxil edib". Tusi əsərdə əsas məqsəd kimi cəmiyyətin mənəvi tərbiyəsi məsələsini qoyur. Bu "məqsədə çatmaq, cəmiyyətdə vicdanlı, namuslu, bacarıqlı, xeyirxah, işgüzar adamların tərbiyə edilib hazırlanması üçün, döyülüb-danlamaq da daxil olmaqla bütün üsulların tətbiq edilməsini mümkün hesab edir, lakin tərif, təhsin, mükafat, şirnikləndirmələrə üstünlük verir".
Əsərdə dövlətçilik ənənələrinin təsvirinə və təbliğinə geniş yer verilir. Belə ki, kitabda üçüncü məqalənin dördüncü fəsli "ölkə dolandırmaq siyasəti və şahların xisləti" adlanır. Burada deyilir ki, şah siyasəti iki cür olur: "Birinci - fazilə (fəzilətli) siyasət, buna "imamət" də deyilir. Bunun məqsədi xalqı kamilləşdirmək, nəticəsi də səadətə çatdırmaq olar. İkinci-naqis( nöqsanlı) siyasət, buna zorakılıq da deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik və məzəmmət olar". Cəmiyyətin maddi və mənəvi ehtiyaclarının ödənməsində dövlətin və dövlət başçısının üzərinə böyük vəzifələr qoyulur. Əgər hökmdar fazil siyasət aparsa onda xalqın güzəranı da yaxşı olar. Dövlətçilik üçün xalqın da üzərinə düşən vəzifələr aydınlaşdırılır: "Xalqın xeyri əmin-amanlıq, sakitlik, bir-birinə kömək, dostluq, ədalət, sədaqət, iffət, mehribanlıq və bu kimi işlərdə olar. Xalqın zərəri qarışıqlıq, iztirab, qorxu, vahimə, iğtişaş, dava-dalaş, zülm, əziyyət, paxıllıq, riyakarlıq, xəyanət, təhqir, qeybət və bu kimi işlərdə olar. Hər iki halda camaat gözlərini hökmdara dikər, özlərini onlar kimi aparmağa çalışarlar. Buna görə deyiblər ki, "insanlar ata-babalarından çox şahlarını təqlid edər, keçmişlərin deyil, öz zəmanəsinin adamı olmağa çalışarlar".
Xalq dövlətçilik ənənələrinə görə dövlət başçısı olmağın vacib şərtləri var. Əsərdə bunlar "yeddi xislət" kimi səciyyələndirilib: "Birinci-atalıq. Bu, hər kəsin özünə görə münasibət, xalqın ürəklərinə yol tapmaq, hamıya mehribanlıq göstərmək, hirs və qəzəbini uda bilmək vasitəsi ilə asanlıqla əldə edilə bilər. İkinci-alicənablıq. Bu nəfsani qüvvələri tərbiyə edib saflaşdırdıqdan, "əsəb" qüvvəsini mülayimləşdirdikdən, "şəhvət" qüvvəsini məhv etdikdən sonra əmələ gələr. Üçüncü-mətinlik. Bu, qəti nöqteyi-nəzər, fitri-iradə, dərin mühakimə, ciddi mübahisə, düzgün fikir, böyük təcrübə və keçmişdəkilərin tərcümeyi-hallarından ibrət dərsi götürməklə ələ gələr.
Dördüncü – tam əzm. Buna kişilik əzmi, şahlar əzmi də deyilir. Bu, düzgün rəy tam iradənin birləşməsindən əmələ gələn mürəkkəb bir fəzilətdir. Heç bir fəzilətə sahib olmaq, heç bir rəzilətdən can qurtarmaq bu fəzilətsiz mümkün deyil. Bu fəslin əsas məqsədi də məhz bu fəzilətin məziyyətlərindən danışmaqdır, çünki şahların hamıdan çox buna ehtiyacı var. Beşinci-səbrli olmaq. Bu, ağır və çətin günlərdə, ümidsiz anlarda, çıxılmaz vəziyyətdə davam gətirə bilməyə deyilir, bütün mətləblərin açarı səbrdir deyiblər. Altıncı – var-dövlət. Bu, xalqın malına göz dikməmək və tamah salmamaq üçün lazımdır. Yeddinci – sadiq və əməlisaleh köməkçilər". Digər bir yerdə isə dövlətin tənəzzülünün mənəvi məsələləri diqqətə çəkilir: "Dövlətin inkişafdan dayanması və inhitata uğramasının bir səbəbi də hökmdarların mal toplamağa, sərmayə yığmağa, vəzifə tutmağa aludə olmalarıdır. Dövlət düşkünlüyü get-gedə bunların artmasını tələb edər. Elə ki, öyrəşdilər, adətkərdə oldular (hər halda kəmağıllar tapılar və belə şeylərə rəğbət göstərərlər), bu xasiyyət başqalarına da sirayət etməyə başlayar, onlar da öz əvvəlki təbiətlərini dəyişdirib varlanmağa, müxtəlif yollarla mal toplamağa, eyş-işrətlə məşğul olmağa həvəslənərlər, silahları yerə qoyar, müdafiə qüvvəsini zəiflədər, döyüş vərdişlərini unudar, zəhmətsevərliyi əldən verər, rahatlıq axtaran, yeyib-yatan, ətalət əsiri olan tənbəllərə çevrilərlər. Belə halda zəif bir düşmən də onlara hücum etsə, bu camaatı məğlub etmək onlara asan olar". İdarəçiliyin əsas prinsipləri belə şərh olunur: "Rəiyyəti ədalət, fəzilət və hikmət qanunları əsasında idarə etmək lazımdır. Bədən-təbiətlərin, təbiətlər – nəfsin, nəfs-əqlin sayəsində möhkəmləndiyi kimi, şəhərlərin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə hikmətə bağlıdır". Göründüyü kimi, burada ən mühüm cəhət hikmət sayılır. Bunun üçün müəllif xalq hikmətlərini dövlətçilik işinə səfərbər edir, onların əsasında bu mükəmməl əsəri yazır. Heç şübhəsiz ki, Nəsirəddin Tusi Şərqin müdrik bir şəxsiyyəti idi və onun yazdığı yuzə qədər əsər də xalq yaradıcılığının müdriklik çeşməsindən qaynaqlanır. Əslində o, özünəqədərki əxlaqi dəyərləri və dövlətçilik düşüncələrini bir məcmu halına gətirib, sistemləşdirib və mükəmməl bir əsərə çevirib. Onun Şərqdə və Türk Dünyasında çox geniş yayılmış xalq lətifələrinin qəhrəmanının prototipi olması ehtimalı da təsadüfi deyil. Çünki Tusi Şərqin Farabi, Biruni, İbn Sina, Bəhmənyar kimi dahi mütəfəkkirlərindən biri idi.
Tədqiqatlara görə, "adı dillər əzbəri olan Molla (Xoca) Nəsrəddin mənşəsiz olub bu qədər şöhrətlənə bilməzdi. Bu şöhrətli şəxsin adındakı "Nəsrəddin", şübhəsiz XIII əsrdə Xacə Nəsrəddin Tusidən başqa bir adamla bağlı deyil. Müəllif göstərir ki, Xoca Nəsrəddinə istinad edilən alimlik, məşhurliq, hazırcavablıq və s. bu kimi yüksək sifətlər məhz Xacə Nəsrəddin Tusidə var. O da istedadlı münəccim, ağıllı dövlət xadimi, hazırcavab müəllim, xalqın hörmətini qazanmış alimlər alimi və hikmət sahibi filosof idi. Yalnız belə bir məşhur şəxsiyyət ağızlara düşə bilər və gözəl-gözəl lətifələrin sahibi kimi qələmə verilə bilərdi". Məmmədağa Sultanovun bu fikirləri Təhmasib Fərzəliyev tərəfindən bir daha diqqətə çatdırılır. Oxşar fikirlərə M. Təhmasibin araşdırmalarında da rast gəlinir. Məhz lətifələrin özündən çıxış edən M. Təhmasib yazır: "Bizcə Molla Nəsrəddin lətifələrinin əsası XIII əsrdə onun prototipi olan Mövlanə Xacə Nəsrəddin Tusi ilə əlaqədar olaraq yaranıb".
Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru