Ana dilinə, Vətən torpağına sonsuz sevgi Mədəniyyət

Ana dilinə, Vətən torpağına sonsuz sevgi


Məsləki həkim olan rus yazıçısı A.P.Çexov "Həkimlik mənim kəbinli arvadım, yazıçılıq isə sevgilim" deyərək, yazıçılığını daha çox sevdiyni bildirmək istəmişdi. Çexovun həkimliyindən çox "sevgilisi" tarixiləşib, onun yaradıcılığının bəlgəsi olub. XX əsrin Azərbaycan klassiklərindən məsləkcə həkim olan Abbas Səhhət isə məsləkini tərcümeyi-halı kimi qiymətləndirmiş, "Məsləkim tərcümeyi-halımdır" yazmaqla həyatının önəmini nədə deyil, nə etdiyində görmüşdü. Müəllim və alim həmkarım, Xanəli Kərimlini bizdən fərqləndirən onun şairliyidir.
Xanəli Kərimlinin "Payız duyğuları" adlı şeirlər kitabını oxuduqca onun mövzularının əlvanlığı, şeirlərində ifadə etdiyi tarix və tarixi həqiqətlər, milli-mənəvi dəyərlərimizə olan doğma münasibət bu şeirlər haqqında söz deməyə, bu şeirləri şərh etməyə haqq qazandırır. Kitaba verilən "Payız duyğuları" adı da düşündürücüdür. Şairin ömrün payız fəslində gördükləri, bildikləri və yazdıqları haqqında öz-özünə hesabatıdır.
"Payız duyğuları" kitabında Xanəli Kərimlinin Azərbaycanın müstəqillyinə qədər yazdığı və müstəqillik günündən günümüzə qədərki dövrünü əhatə edən bir çox şeirlər toplanıb.
Azərbaycanımızın 1991-ci ilə qədər və sonrakı dövrü, bu günü bir tarixi gerçəklikdir. Onun 1992-ci illərdə yazdığı "Necə ki…", 1993-cü ildə yazdığı "Gördüm… görmədim" və b. şeirlərində şair Azərbaycanın zamanla yaşadığı ictimai-siyasi vəziyyətə münasibətini
Çox şeylər gördüm bu yaşımda…
Çox şeylər ilişib qaldı yaddaşımda.
Bu millətin
Ömrünün ahın çağında,
Mühacirət ömrü yaşayan,
Qəlbində əbədi
Vətən nisgili daşıyan,
Şairini də gördüm,
Alimini də.
…Özgələri sevən kimi,
Özümüzü sevəmmədik.
Özgənin milçəyini fil bildik,
Özümüzün dəvəmizə
güvənmədik.
…Qoruya bilmədik,
Vətən adlı minillik əmanəti,
Babalardan qalma ləyaqəti, qeyrəti-
şəklində itirilmiş torpaqlarımızın ağrı-acısını ürək yanğısı ilə ifadə edir.
Ədəbiyyatımızda ayrıca tarixi bir mövzu olan Güney Azərbaycan mövzusu Xanəli Kərimlinin "Payız duyğuları" kitabında bir silsilə təşkil edir.
Tarixi miladdan çox-çox əvvəllərə dayanan Azərbaycan türklərinin torpaqları XIX əsrin əvvəllərində (1813) rus və İran işğalına uğramış tarixi bir talesizlikdən, ikiyə bölünmüş "Şimali Azərbaycan", "Cənubi Azərbaycan" kimi coğrafi adlarla xəritələrdə qeyd olunmağa başlayıb. Quzey Azərbaycan torpaqlarında Çar Rusiyası və Sovet Rusiyasının, Güney Azərbaycan torpaqlarında 1813-cü ildən günümüzə qədər İranın hökmranlıq etməsinə baxmayaraq Bütöv Azərbaycanın ifadəsi olan Vətən mövzusu zəmanənin bütün qadağalarına baxmayaraq, ədəbiyyatımızda Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmmədhüseyn Şəhriyar, Səhənd kimi şairlərin şeirlərində aparıcı ana mövzulardan biri olub, Araz çayı, Heydərbaba dağı, Savalan dağı, Təbriz Vətəninin simvoluna çevrilib. Azərbaycanı "quzey" və "güney" deyə ikiyə ayıran Araz çayı sanki günahkar kimi şeirlərdə ittiham edilmişdi:
Axma, Araz,
Dayan bir az.
Bir ürəyi,
Cəllad kimi,
İki yerə bölmək olmaz –
deyən xalq şairi Süleyman Rüstəm Bütöv Azərbaycan məfhumu üzərində durmuşdu.
Güney Azərbaycana dəfələrlə səfər edən şair Xanəli Kərimlinin "Payız duyğuları" kitabında toplanan şeirlərinin bir qisminin mövzusu da itirilmiş vətən torpaqları haqqındakı acı təəssüratlardır. "Gəzirəm vətəndə itən vətəni", "Niyə qayıdırsan", "A Kür bacım", "Hayıf sənə, Təbriz yolu" itirilmiş vətən torpaqları haqqındakı şeirlərin bir neçəsidir.
Hayınan, küyünən yaşanmaz Vətən,
Ciblərdə sikkə tək daşınmaz Vətən.
Lüt-üryan qadın tək yaşınmaz Vətən,
Gəzirəm "vətəndə" itən Vətəni…
Azərbaycan tarixinin böyük şəxsiyyətləri elm, tarix, mədəniyyət və ədəbiyyatımızın iftixar səhifələrində yer alıblar. Nəsrəddin Tusi, Məmmədəmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Savalan…
Xanəli Kərimlinin Nəsrəddin Tusiyə yazdığı "Sənlə necə dərdləşim…" Cəlil Məmmədquluzadəyə yazdığı "Şükür sənin hüsnünə", "Heykələ xitab", Hüseyn Cavidə yazdığı "Ustad", "Cavid əfəndi", Şəhriyara yazdığı "Aparmağa", "Sual" şeirləri, eləcə də Rəsul Rza ("Qayıda bilsən"), Mirzə İbrahimov ("Şükür ki…"), Məmməd Araz ("Əbədiyyət heykəli"), Xəlil Rza Ulutürk ("Elegiya", "Rəhmət sənə") haqqındakı şeirləri öz bədii mükəmməlliyi ilə seçilir. Marağa şəhərində olarkən Azərbaycanın elm və mədəniyyət sahəsində yetişdirdiyi riyaziyyat, astronom, ədəbiyyat alimi Nəsrəddin Tusiyə yazdığı "Sənlə necə dərdləşim…" şeirində kainatın sirrini zəkası ilə fəth edən cismi torpaq altında, ruhu haqqın yanında olan böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə dərdləşir, böyük alimə olan sevgisini belə ifadə edir:
Səkkiz yüz ildən sonra,
Görüşünə gəlmişəm.
Sən, ey Tusda doğulub,
Marağada yaşayıb,
Bağdadda ölən kişi.
Sevincini, qəmini,
Zamanın sitəmini,
Göylərlə bölən kişi.
Sən fəzilət şahısan,
Elmlər Allahısan.
Şairin "Arximed", "Kolumb", "Şiraza gəlmişəm", "Öz dilimsən" kimi düşündürücü fəlsəfi şeirləri də, kitaba daxil etdiyi tək bircə qəzəli də şeirlərinin poetik kamilliyinin nümunəsidir.
"Hər şairin öz dünyası var" – deyirlər. Xanəli Kərimlinin şeir dünyası kimi. Vətəndaşlıq və biganəlik… Bunlar bir-birinə tam əks olan, bir-birini təkzib edən qeyrət və qeyrətsizlik ifadəsidir demək yerinə düşər.
Şeirlərində "vətəndaş" və "biganə" təzadlarını ustalıqla qələmə alan Xanəli Kərimlinin poeziyasında türklük sevdası, ana dilinə, yaşadığı Vətən torpağına sonsuz sevgi var. Onun şeirləri oxucunu vətən əxlaqı, Azərbaycançılığı milli ideyaya çevirmək, sözə ehtiram ruhu, Allahın göndərdiyi sözləri nurdan süzülüb gələn ərş-əla "bilərək" sözə ehtiyatla yanaşma ciddiyyəti təlqin edir.
Mən sözdən qorxuram –
Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür.

Xanəli Kərimlinin şeirlərində xalqın cilalaya-cilalaya günümüzə qədər gətirdiyi söz uğurlu mənəvi sərvətdir. Ölçüsü-biçisi, hər cür əndazəsi yerində olan bu milli-mənəvi sərvət onun şeirlərində məqamında sərt, məqamında dadlı-duzlu fikirlər ifadə edir. Yaradıcılığındakı uğurları da, bəlkə sözə həssaslıqla, ehtiyatla, sənətkarlıqla yanaşmasıdır.


Maarifə Hacıyeva
professor