Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı film təqdim edilib Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı film təqdim edilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmi təqdim edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə filarmoniyanın foyesində təşkil olunan Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Filmin təqdimatından sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Heydər Əliyevin sevdiyi əsərlərdən ibarət konsert proqramı təqdim edilib.

İdeya müəllifi və rejissoru Ramil Qasımov olan filmdə Ümummilli Liderin Gəncəylə bağlılığı, incəsənət xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri, həmçinin Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər Əliyevin danılmaz xidmətləri əks olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və Gəncə ziyalıları iştirak ediblər.