

Ülviyyə Hacıbəyova- 65
Bu dəfə sizə nəcib, kübar, çox istedadlı, incə ruhlu bir xanım haqqında söhbət açmaq istəyirəm. Təsəvvür edin ki, o, 3 yaşında pianoda ifa etməyə, 5 yaşından yazıb oxumağa başlayıb və ilk musiqi əsərini 6 yaşında olarkən yazıb. Xalq artisti, əməkdar incəsənət xadimi, mahir pianoçu, bəstəkar, professor Ülviyyə Vaqif qızı Hacıbəyovanı deyirəm. O, 9 iyun 1960-cı ildə Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində alıb. 1983-cü ildə isə indiki Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə başa vurub. 1986-cı ildə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs alaraq, təcrübə keçib. Pedaqoji fəaliyyətinə isə 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb. Hazırda Bakı Musiqi Akademiyasında fortepiano kafedrasının professorudur...
Deyir ki:- “Mənim ilham mənbəyim Azərbaycandır. Xalqımı, onun hər bir nümayəndəsini hədsiz dərəcədə, səmimi qəlbdən sevirəm. Məndə sevgi hissi boldur. Bir yerə səfərə gedəndə də, vətənim üçün çox darıxıram. İnanın ki, orada bir gün də olsa belə, artıq qala bilmirəm, vətənə dönürəm. Mənim sevgim pataloji sevgidir...”
O, 1985-ci ildən xalq artisti Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. Onun haqqında Azərbaycan Telefilm tərəfindən "Ülviyyənin mahnıları" adlı film də çəkilib. Bu film Bakı və Moskva televiziyalarında nümayiş etdirilib. O, Çövdət Hacıyev Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların əsərlərini redaktə edərək ilk dəfə ifa edib. Alman musiqisindən ibarət "İthaf" disk yazısının, "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan bəstəkarlarının arxivdən tapılmış əsərləri", həmçinin 15 diskdən ibarət olan, 143 Azərbaycan bəstəkarının 1000-dən çox əsərini əhatə edən "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası"nın ifaçısıdır. Bu siyahıya "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən", "Azərbaycan bəstəkarlarının antologiyası" diskləri də daxildir. Bundan əlavə, o, bir sıra mahnılar və piano əsərlərinin, piano üçün işləmələrin, eyni zamanda 30-dan artıq elmi məqalənin, "Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası", "Xalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığında", üç cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası layihəsi çərçivəsində piano üçün yazılmış əsərlərin ifaçılıq problemləri", "İsmayıl Hacıbəyov" adlı kitabların müəllifidir. Bunlarla yanaşı Ülviyyə xanım, 3 cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası" not kitablarının tərtibçi redaktorudur...
“İnsan ilham almağı, gözəlliyi görməyi bacarmalıdır. Mənə görə, hər şeydə gözəlliyi görə bilən insanlar xoşbəxt, hər şeydə pis axtaran insanlar isə yazıq adamlardır. Mən insanlarda yaxşılıq etmək bacarığını və Allaha inamı yüksək qiymətləndirirəm. Çünki Allaha inamı olan adam pis əməllərə əl atmaz”- söyləyir.
Atası ədəbiyyatçı olub. Hətta filologiya üzrə ilk dərsliyi də o, ərsəyə gətirib. Ülviyyə xanım ailədə üç bacı olublar. Anası onlara uşaqlıqdan zəhmətkeşliyi, səliqə-səhmana öyrədin. Odur ki, çox zəhmətkeş xanımdır. Zəhmətə uşaqlıqdan alışıb. Hər gün atası işə gedəndən sonra onun iş masasını yığışdırıb səliqəyə salmaq ona tapşırılırdı. Bu da onun zəhmətkeş böyüməsində mühüm rol oynayıb...
Deyir ki:- “Atam hər gün yazı masasına qeyd kağızlarında zəhmətlə bağlı bir bir kəlam yazıb qoyurdu. Məsələn, istedad zəhmət çəkməyəndə korşalır...”
Yüksək enerjisi var- necə deyərlər, gecəsini gündüzünə qatıb çalışmaqdan çəkinmir. Yumor hissi yüksəkdir, həyata sevinc hisləri ilə baxmağı bacarır. Şən xarakterə sahibdir. Praktik zəkası var. Sürətli düşünə və sürətlə də iş görə bilir. Cazibədar xanımdır. Həm fiziki, həm də zehni olaraq, daim aktivdir. Eyni zamanda hər mövzuya maraq göstərir. Hərəkətli yaşamaqdan xoşu gəlir. Ağıllı və biliklidir. Onu qaşqabaqlı görmək çətindir. İncə zarafatı, deyib gülməyi xoşlayır. Yüksək zövqü və mədəniyyəti var. Rəvan nitq qabiliyyəti özünü ifadə etməkdə ona yardımçı olur. Davamlı olaraq oxuyub öyrənməyə meyillidir. Əmr almaqdan xoşu gəlmir. Ondan nəyisə təkidlə yox, xahiş etməklə almaq olar. Bir sözlə, çox zərif və incə xarakterli xanımdır...
İyunun 9-u xalq artisti Ülviyyə xanımın 65 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu