
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan dili haqqında çox vacib və incə məqamlara toxunması soydaşlarımız olan İraq türkmanlarını bir daha gündəmə gətirir. Cənab Prezidentin qeyd etdiyi 50 milyonluq azərbaycanlıların 3 milyondan çoxu İraqda yaşayır və Azərbaycan türkcəsində danışır. Lakin yığıncaqda da deyildiyi kimi, Azərbaycan dili bir çox yerlərdə olduğu kimi Türkmanelidə məişət səviyyəsindən yuxarı qalxa bilmir. Ədəbi dilləri Türkiyə türkcəsi olan türkmanlar danışıq dili olaraq Azərbaycan türkcəsindən istifadə edirlər. İraqın rəsmi dövlət dilinin ərəb dili olmasını və türkmanlarla, demək olar ki, iç-içə yaşayan kürdlərin hər yerdə öz dillərindən istifadə etməsini nəzərə alsaq, türkmanların ana dili üçün kifayət qədər təhlükənin yarandığını görməmək qeyri-mümkündür.
Tarixin müxtəlif dövrlərində Azərbaycan köçərək İraqda məskunlaşan soydaşlarımız bu ərazilərdə zəngin ədəbi-mədəni irs yaratmağa nail olmuşlar. Onların folkloru Azərbaycan folklorunun önəmli bir hissəsidir. Zamanla meydana gələn və bölgə xüsusiyyətləri kimi xarakterizə olunan cüzi fərqləri nəzərə almasaq, İraq-Türkman şifahi xalq ədəbiyyatı, onun müxtəlif janrları Azərbaycan folkloru ilə tam şəkildə eyniyyət təşkil edir. Doğma Azərbaycan türkcəsində yaranan xoyratlar bizim bayatılar kimi xalqın həsrət duyğularını, ana vətənə bağlılığını və yurd sevgisini ehtiva edir:
Əslim Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Kəsilib gələn gedən
Yoxsa yollar bağlıdır?
Hər aylar,
Hər həftələr, hər aylar.
Qul qardaşım Bağdaddan
Gəncə deyib haraylar.
Bağdad yolu Gəncədi,
Yolu pəncə, pəncədi.
Demə sizdən irağam
Bu sevda ölüncədi və s.
Onlarla bu cür misallar göstərmək olar ki, İraq türkmanları doğma ana dilində Azərbaycan olan sevgilərini xoyratlarında hansı şəkildə əks etdiriblər. Təbii ki, bütün bunlar qan yaddaşından, genetik bağlılıqdan və ortaq tarixi keçmişdən xəbər verir. Təkcə xoyratlar deyil, şirin Kərkük ləhcəsində yaranan nağıllar, lətifələr, dastanlar da Azərbaycan xalqının təfəkkürünün qədim Mesapotamiya torpaqlarında yaranan ən qiymətli məhsullarıdır. “Evlərinin önü yonca”, “Bu gələn yar olaydı”, “O yana döndər məni”, “Bu qala daşlı qala” və s. xalq mahnılarını eşidərkən hər bir naxçıvanlıda, qarabağlıda, bakılıda hansı hisslər yaranırsa, kərküklüdə, ərbillidə, telafərlidə də eyni duyğular baş qaldırır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanı bizi nə qədər cuşa gətirirsə, türkman soydaşlarımızın da qanını bir o qədər coşdurur.
Dahi Məhəmməd Füzuli də öz əsərlərini İraqda məhz Azərbaycan türkcəsində yazıb yaradırdı. Onun təsiri təkcə XVI əsr Bağdad ədəbi mühitinə deyil, bu gün də şeiriyyatla məşğul olan hər bir türkman şairinin yaradıcılığında hiss olunur. Türkmanlar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan İmadəddin Nəsimini, Cahanşah Həqiqini, Qazi Bürhanəddini, Əbdülqədir Marağayini, Şah İsmayıl Xətayini, Əhdi Bağdadini, Ruhi Bağdadini və digərlərini öz sənətkarları hesab edirlər və bunda yerdən göyə qədər haqlıdırlar. Sözsüz ki, bunun başlıca səbəbi dildir. Adını çəkdiyimiz şairlərin İraq türkmanları tərəfindən özününkü kimi qəbul edilməsi ilk növbədə dil amili ilə bağlıdır. Təsadüfi deyil ki, İraq türkmanlarının böyük alimi Əta Tərzibaşı bütün türk dünyası üçün ortaq dilin məhz Azərbaycan türkcəsində “Dədə Qorqud” dastanının dili ola biləcəyini xüsusi şəkildə vurğulayırdı.
Böyük bir coğrafi ərazidə yayılan Azərbaycan türkcəsi Kərkükdə, Mosulda, Ərbildə, Tuzxurmatuda, Kifridə, Diyalədə yaşayan hər bir türkmanın doğma dilidir. Ana laylasından ata nəsihətinə qədər hər kəlməni onlar bu dildə eşidir, bu dildə dil açır, Füzulini bu dildə oxuyub əzbərləyirlər. Əsirlərdir yad təsirlərə baxmayaraq türkmanlar öz dillərini, Azərbaycan dilinin Kərkük şivəsini qoruyub saxlamağı bacarıblar. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq Azərbaycan dili hələ də İraqda eşidilməkdədir. Lakin bu nə qədər çəkəcək? Bu qədər ciddi təsirlərə davam gətirmək mümkün olacaqmı? Əslində bu sualların cavabı var. Cavab odur ki, müstəqil və güclü Azərbaycan dövləti həm İraqda yaşayan soydaşlarına, həm də doğma dilinə sahib çıxmalıdır. Əslində, cənab Prezident də öz çıxışında bu məsələni Azərbaycan alimləri qarşısında prioritet kimi qoydu.
İraq-türkman ləhcəsi, folkloru, ədəbiyyatı, tarixi və s. bağlı elmi müstəvidə müəyyən işlər görülür, tədqiqatlar aparılır. Lakin bunlar kifayət edirmi? Azərbaycanda bu istiqamətdə aparılan elmi işlərin nəticələri İraq türkmanlarına da təqdim olunmalı, Türkmanelidə real işlər görülməldir. Fikrimizcə, İraqda Azərbaycan dilini yaşatmaq üçün bir sıra işlər görmək, ən azından dilimizlə bağlı dərc olunmuş dərslikləri İraq türkmanları arasında yaymaq, ədəbiyyatımızı və mədəniyyətimizi təbliğ etmək və s. bu kimi önəmli layihələri həyata keçirməklə qədim Mesapotamiya torpaqlarında əsrlərdən bəri mövcud olan zəngin Azərbaycan ədəbi-mədəni irsini dirçəltmək və yaşatmaq olar.
Orxan İsayev
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun böyük elmi işçisi