Böyük Britaniya xalqlarının yas mərasimi ilə bağlı adətləri Mədəniyyət

Böyük Britaniya xalqlarının yas mərasimi ilə bağlı adətləri

Hər bir xalqın doğum və toy mərasimləri olduğu kimi, yas mərasimləri də var. Yas mərasimlərində ölən şəxsin axirətə gedişini asanlaşdırmaq, ruhuna kömək etmək, ailə üzvlərinə, yaxınlarına dəstək olmaq, onların psixoloji vəziyyətlərinə yardım etmək kimi rituallar icra olunur. Böyük Britaniya xalqlarının folklorunda yas mərasimi ilə bağlı bir çox adət-ənənələr, inanclar var. Bu inanclardan bir çoxunda əşya, heyvan, bitki və ya insan dav¬ranışları müşahidə edilərək ölüm haqqında öncədən xəbər verilir. Xristianların yasla bağlı adət-ənənələrində insan öləndə ölən şəxs tabuta qoyu¬laraq kilsəyə aparılır, onun ruhunu şad etmək üçün keşiş tərəfindən moizə oxunur, ölən şəxsin yaxın qohumları onun haqqında xoş sözlər deyirlər. Sonra yas mərasimi qəbiristanlıqda davam edir və sona çatır.
Mənbələrdə ölüm öncəsi, ölüm anı, bir sözlə, yas mərasimləri ilə bağlı bir çox inanclar, adət-ənənələr var. Onlardan bir neçəsinə nəzər yetirək: Orta əsrlərdə Böyük Britaniyanın bir çox əyalətlərində yas mərasimində, adətən, aşağıdakı sözlər istifadə olunurdu: "Gözəl insanlar, gördüyünüz kimi, bu hadisə bizim üçün bir güzgüdür". Bu sözlərlə insanlara ölüm xatırladılır, onları ibrət almağa çağırırdılar. Matəm günlərində çalınan kilsə zəngləri ölən şəxsə hörmət əlaməti kimi qiymətləndirilirdi. Bu adətin ortaya çıxmasının səbəbi qədim bir inancdır. Belə ki, bu inanca görə, kilsə zəngləri çalınanda ölən şəxsin ətrafındakı pis ruhlar qovulur, onun ruhu dincəlir. Elə buna görə də qədim zamanlarda kilsə zəngləri "soul bell" ("qəlb zəngi") adlandırılırdı. Bu ifadə Şekspirin "IV Henri" əsərində də var.
Ölümlə bağlı inancların birində qeyd olunur ki, əgər şəhərin zəngli saatı kilsə zəngləri ilə eyni vaxtda çalarsa, o həftə başqa bir adam da öləcək (Bekinqemşir qraflığı). Nortamberlend və Daremdə olan inanclara görə, kilsə zəngi bir dəfə çalsa, tezliklə daha iki dəfə çalına bilər (daha iki nəfər ölə bilər). Yas mərasimlərinin bir ritualı da dəfnə dəvətlə bağlıdır. Şərqi Yorkşir qraflığın¬da dəfn mərasimlərinə dəvət bir və ya iki qadın tərəfindən icra olunurdu. Dəvət edən şəxslər bütün qonşu, qohum, dost və tanışlara ölüm haqqında xəbər verər və onları dəfn mərasiminə dəvət edərdilər. Belə "dəvət" hörmət əlaməti sayılırdı, əgər kimsə qəs¬dən, ya da təsadüfən dəfn mərasiminə dəvət edilməsə idi, bu, uzunmüddətli incik¬liyə səbəb olurdu. Qaynaqlarda dəfn mərasimlərinə dəvətin başqa formaları da var. Məsələn, Şimali İngiltərədə dəfn mərasiminə dəvət edən şəxslər mütləq başlarına qara ipək şərf bağlayar, özləri ilə açar götürərdilər. Dəvət edənlər heç zaman qapını öz cəftəsi ilə vurmazdılar. Qapı yalnız açarla döyülərdi. Heşeme vilayətində isə dəfn mərasiminə dəvət kilsənin zəng vuranı tərəfindən icra olunurdu.
Böyük Britaniya xalqlarında yas mərasimi ilə bağlı önəmli rituallardan biri də ölən şəxsə münasibətlə bağlıdır. Uelsdə yaşayan insanlar belə hesab edirdilər ki, əgər ölən şəxsin yataq dəstləri tez bir zamanda yuyulmasa, o, qəbirdə rahatlıq tapa bilməyəcək. Bu inanca Şimali İngiltərədə də rast gəlmək olar.İnsanlar bir şəxsin öldüyünə əmin olmaq üçün onun ağzına güzgü, quş lələyi tuturdular, bəzi yerlərdə saman çöpündən də istifadə olunurdu. (Qeyd etmək lazımdır ki, Azərbaycanda bir şəxsin öldüyünü təsbit etmək üçün güzgünü onun üzünə yaxınlaşdırırlar).
Orta əsrlərdə Şimali-Şərqi Şotlandiyada bir çox evlərdə xüsusi deşici dəmir alət saxlanılırdı. Əgər ailədən bir şəxs vəfat etsə, o zaman həmin əşya ilə evdə olan ərzaqlar deşilirdi. Onlar belə düşünürdülər ki, bunu etməsələr, qidanın, ərzaq məhsullarının keyfiyyəti itər, onlar üçün önəmli olan viskinin rəngi dəyişər, bu da xoş əlamət sayılmırdı. Dar qraflığında belə bir adət var idi: Vəfat etmiş insanın qohumları, qonşuları yas mərasimi olan evə daxil olduqda, adətən, sevgi və hörmət əlaməti olaraq meyidə əl vurardılar. Bu toxunmanın mənası o idi ki, onlar ölən adama kin bəsləmir və ona rəhmət diləyirlər.
Tarixçi və folklorşünasların tədqiqinə görə, bu adətin kökü iki yüz il bundan əvvələ gedib çıxır. Belə ki yaralanaraq öldürülən adamın bədəninə onu öldürənin əli dəyərkən həmin yaradan qan axsa, belə hesab olunurdu ki, qisas alınmalıdır. Edinburqun Ali Məhkəməsi belə qanaxmanı sübut kimi qiymətləndirirdi, orta əsrlərdə isə ingilis hakimiyyətində bu dəlil rəsmi olaraq qəbul edilirdi. Meyit olan otaqda səhərə qədər şam yandırılardı. Vəfat edən şəxsin yaxın dostları onu səhərə qədər yalnız qoymazdılar. Adamlar inanırdılar ki, can verən adamın yatağına kilsə tozu səpilsə, o, ağrı, əzab-əziyyət çəkmədən dünyasını dəyişər. Qədim ingilis inancına görə, meyidi aparan gəmi hər zaman təhlükə ilə qarşılaşa bilər. Bualyaj le Qyun "Travels" ("Səyahətlər") adlı əsərində (1657) qeyd edir ki, gəminin kapitanı bu əsərin müəllifindən özü ilə götürdüyü yüklərin arasında mumiya və ya ona bənzər bir şey olduğunu soruşmuşdur. Bunun səbəbi odur ki, inanca görə, ruhsuz olan şeylər gəminin sürətinə təsir göstərir.
Qədim inanca görə, əgər meyidin bədən istiliyi uzun müddət davam etsə, həmin ailədən başqa bir adam da öləcək. İnanca görə, meyit bazar günü dəfn edilməsə, həftə sonuna qədər ailədən başqa birinin ölümü də gözlənilirdi. Qədim ingilislərin inancına görə, meyidin aparıldığı sahə də önəmlidir, belə ki, bu inanca görə, meyidin aparıldığı sahə xeyir-bərəkətini, məhsuldarlığını itirər. Dəfn edilməyə aparılan meyidi görərkən ona yaxınlaşmaq, şlyapa və ya papağını çıxartmaq, onu müşayiət etmək zəruridir. Belə bir qədim inanc da var ki, vəfat edən şəxsin yanına ölü doğulan uşaq qoyulsa, o, cənnətə gedəcək. İngilislərin qəbiristanlıqla bağlı inancları da var. Belə ki, onların inancında qəbiristanlığın cənub tərəfi ən müqəddəs yer hesab olunurdu. Qəbiristanlığın şimal tərəfində isə ölü doğulmuş körpələr və intihar edən şəxslər dəfn olunurdular. Bu inanc cənub küləyinin yandırıcı olması ilə bağlı idi. Daha bir inanca görə, meyit heç zaman kilsəyə yeni salınmış yolla aparılmaz.
Aberden və Devonşir qraflığında yaşayan insanların inancına görə, qəbiristanlıqda dəfn olunacaq ilk insanı şeytan öz yanına aparır. Eyni inanc şotlandlarda da var. Bu inanca sahib olan insanlar yeni qəbiristanlıqda öz yaxınlarının dəfninə icazə vermirdilər. Şotlandlar onlardan olmayan birinin ölməsini gözləyirdilər. Belə bir şəxs ölən kimi onu yeni qəbiristanlıqda dəfn edirdilər. Biz bu inancın izlərini almanlarda da görürük. Almanlar yeni qəbiristanlıqda öncə it və ya donuz basdırırdılar. Qeyd edək ki, Azərbaycan xalqında da yeni qəbiristanlıqda ilk dəfn olunan şəxsə mənfi münasibət var. Adamlar belə düşünürlər ki, o şəxs hər kəsi öz yanına aparacaq.
Qədim ingilislərdə "dəfn daşı" var idi, həmin daş qəbiristanlığın tam ortasına yerləşdirilirdi. Meyit daşın ətrafında Günəşin hərəkətinə uyğun hərəkət etdirilirdi, belə düşünülürdü ki, bu hərəkət şeytanın vəfat edən insanın qəlbini rahat buraxacağına səbəb olacaq. Adətən, qədim dövrlərdə qəbirlər şərqdən qərbə doğru qazılırdı. İndiki dövrlərə qədər gəlib çatmış bir inanc da var ki, qəbiristanlıq torpağı əkilib becərilməz, əgər kim əkib-becərsə, onun böyük övladı vəfat edər. Böyük Britaniyanın sərhədyanı qraflıqlarında belə bir inanc var idi ki, yas mərasimlərində iştirak edən hansı şəxsin üzünə Günəş şüası düşsə, növbəti yas mərasimi onun üçün olacaq və o qəbiristanlıqda dəfn ediləcək. Başqa bir inanca görə, yas mərasimində ölü sahibinin evinin qapısı bağlansa, tezliklə o evin sakinləri arasında dava-dalaş olacaq.
Böyük Britaniyada yaşayan xalqların dəfn mərasimi ilə bağlı inancları da var. Məsələn, meyit qəbirə qoyularkən yağış yağsa, bu ölən insana göylərin dua etdiyi anlamına gəlirdi. Xalqın inancına görə, dəfn edilmiş insan məzardan çıxarılaraq başqa yerdə dəfn edilsə, onun ailə üzvlərinə ölüm gələr (Norfolk, Lester və Nortqempton qraflıqları). Dorsetşirdə yaşayan insanlar belə düşünürdülər ki, əgər əkiz olan insanlardan biri ölsə, onun əzələləri yumşalmasa, o zaman digər tayın ölümünü gözləmək lazımdır. Həmin qraflıqda başqa bir inanc da vardır ki, əgər meyidin gözləri çətinliklə bağlansa, bu o deməkdir ki, o çətin bağlanan gözlər başqa bir insanın ölümünü gözləyir. Ona görə də ölən insanın yaxınları çalışırdılar ki, meyidin ətrafında onun gözlərini bağlayacaq adam olsun.
Qədim ingilis inancında ölən insana hansı rəngdə paltar geyindirilməsinin də önəmi var. Məsələn, ölən insana ağ rəngli köynək geyindirilməsi onun günahlardan təmizlənməsi anlamını daşıyır. İngilis adətlərinə görə, ölən insan zəngin olsa, onun meyidi xüsusi qiymətli ağacdan hazırlanmış tabuta qoyulurdu, əgər kasıb olsa, onu kilsənin hazırladığı adi tabuta qoyurdular. Qədim zamanlarda İrlandiyanın bir neçə bölgəsində meyidi qəbirə qoyarkən yanına şam, xırda pul və bir qədər şərab qoyurdular. Bu inanca görə, məzarda yatan insan onların köməyi ilə ölümü daha asan qarşılaya bilərdi.
Qərbi Şotlandiyada isə qəbirə şam, qızıl qəpik, çəkic və tərəzi qoyurdular. Bir insan öləndə onun yanında mütləq şam yandırardılar, onlar inanırdılar ki, şam yandırsalar, cin və şeytanlar ölən adamın ruhuna yaxın düşməyəcəklər. Əgər yanan şamın fitilinin ətrafında mum yığılsa idi, bu o ailədə ölüm olacağının əlaməti sayılırdı. Şam yanarkən mavi və ya göy rəngli alov görünsə idi, bu, ölümün yaxında olacağının işarəsi sayılırdı. Meyit evdən çıxarılarkən yaşlı bir adama bir çörək, bir dolu bakal pivə və xırda pul verilirdi ki, ölən şəxsin günahları tez və asan bağışlansın. Taitidə belə bir adət var idi ki, ölüm döşəyində olan şəxsin yanına kahin dəvət olunur, o, müxtəlif dualar edərək Allaha yalvarır ki, həmin xəstənin canını rahatlıqla alsın.
Qədim ingilis xalqları arasında belə məşhur bir adət var idi, onlar düşünürdülər ki, meyit qəbirə qoyulmazdan əvvəl onun əynində olan paltarların bütün düyünləri açılmalıdır. Əgər dul qadın yenidən ailə qurmaq istəyirsə, ölmüş ərinin dəfn paltarının bütün düyünlərini qəbir bağlanmazdan əvvəl açmalı idi, bu, onun gələcək həyatını bütün çətinliklərdən qoruyacaq əlamət sayılırdı. Hebrid adalarında yaşayan insanlar inanırlar ki, meyidin daşındığı xərəklər dəfndən sonra mütləq yandırılmalıdır, əgər xərəklər yandırılsa, cin və şeytanlar başqa insanlara ziyan vura bilməyəcəklər. Ən geniş yayılmış inanclardan biri də budur ki, meyid taxta döşəmənin üzərinə köndələn şəkildə qoyulmalıdır. Əgər meyit taxta döşəmə üzərində köndələn şəkildə qoyularsa, bu zaman ruh bədəni tərk etməz...

Vəfa İbrahimova
filologiya üzrə fəlsəfə doktoru, dosent