İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı Mədəniyyət

İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı

UNESCO və BMT-nin Dünya Turizm Təşkilatının (BMDTT) birgə təşkilatçılığı ilə Omanda ikinci Ümumdünya Mədəniyyət və Turizm konfransı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, 70 ölkədən 700-dək qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Konfransda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi konfransda əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir.
Tədbirdə UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Françeko Bandarin, BMDTT-nin baş katibi Taleb Rifai, İslandiyanın birinci xanımı və DTT-nin xüsusi səfiri Eliza Reyd, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas çıxış ediblər. Açılış sessiyasından sonra konfrans öz işinə nazirlərin dialoqu ilə davam edib.
Sessiyada Nazim Səmədov Azərbaycanın turizm sahəsində apardığı islahatlardan, bir sıra ölkələr üçün viza sadələşdirilməsinin tətbiq olunmasından danışıb. O, ixtisaslaşdırılmış turizm üzrə strateji yol xəritəsinin qəbul edildiyini və qeyri-neft sektorunda əsas prioritetlərdən biri kimi turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. "Mədəni turizm sülh və tərəqqi amili kimi" adlı xüsusi sessiyada ölkəmizin sivilizasiyaların qovşağında və qədim İpək Yolu üzərində yerləşdiyini bildirən Nazim Səmədov azərbaycanlıların əsrlərboyu yaşatdığı tolerantlıq ənənələri, Azərbaycanda fərqli dinlərə sitayiş edən müxtəlif etnik qrupların mehriban qonşuluq şəraitində həyat sürdükləri və ölkəmizin mədəni turizm potensialı barəsində ətraflı məlumat verib.
Nazir müavini ölkəmizdə iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin birgə konfranslarının keçirilmə ənənəsinin mövcudluğunu qeyd edərək, 2018-ci ildə UNESCO və DTT-nin rəsmi tərəfdaşı olduğu "Bakı Prosesi"nin 10 illik yubileyinin keçiriləcəyini bildirib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanda həyata keçirilən silsilə tədbirləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.