Dədə Qorqud Milli Fondu “Şərq-Qərb” nəşriyyatını mükafatlandırıb Mədəniyyət

Dədə Qorqud Milli Fondu “Şərq-Qərb” nəşriyyatını mükafatlandırıb

Dekabrın 28-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində Dədə Qorqud Milli Fondunun təşkilatçılığı ilə "Azərbaycan dünyası" jurnalının ilin yekunlarına həsr edilən tədbiri keçirilib.
Tədbirdə jurnalın baş redaktoru Eldar İsmayılov çıxış edərək nəşrin əsas hədəflərindən danışıb. Diqqətə çatdırıb ki, "Azərbaycan dünyası" jurnalı beynəlxalq statuslu mətbu orqandır.
Qeyd edilib ki, 1998-ci ildə təsis edilmiş "Azərbaycan dünyası" ölkədə ilk, çoxtirajlı və 3 dildə (Azərbaycan, rus və ingilis) çıxan beynəlxalq jurnaldır. Bu nəşr azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. Jurnalın məqsəd və vəzifələri vətəndaşlıq həmrəyliyinin və beynəlxalq sülhün möhkəmləndirilməsinə yönəldilib, habelə həmvətənlərin birləşməsinə, onların hüquqlarının və ictimai maraqlarının müdafiəsinə, Vətən və türk dünyası ilə əlaqələrinin genişləndirilməsinə istiqamətləndirilib. Onun səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda, ölkədən kənarda (Avropa, Rusiya, MDB ölkələri) yaşayan yurddaşlarımızın siyasi, iqtisadi, İslami və mədəni nailiyyətləri işıqlandırılır.
Vurğulanıb ki, jurnal növbəti illərdə də fəaliyyət dairəsini genişləndirəcək, hədəf götürdüyü istiqamətlərdə çoxsaylı layihələr reallaşdıracaq.
"Şərq-Qərb" nəşriyyatının direktoru Eldar Əliyev və digər çıxış edənlər Dədə Qorqud Milli Fondu və "Azərbaycan dünyası" jurnalının fəaliyyətini yüksək qiymətləndirərək qurumun fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra Dədə Qorqud Milli Fondu tərəfindən "Şərq-Qərb" nəşriyyatının bir sıra əməkdaşlarına diplom və mükafatlar təqdim edilib.