“Misir dünya uşaqlarının gözü ilə” sərgisinin qalibləri mükafatlandırılıb Mədəniyyət

“Misir dünya uşaqlarının gözü ilə” sərgisinin qalibləri mükafatlandırılıb

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Misir dünya uşaqlarının gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş rəssamların mükafatlandırılması mərasimi keçirilib.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1990-cı ildən etibarən keçirilən bu beynəlxalq müsabiqədə hər il 140-dan çox ölkə iştirak edir. "Son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi qürurverici haldır. Müsabiqə qaliblərinin əsərlərindən ibarət kataloqun üz qabığında məhz Azərbaycanın gənc istedadının əsərinin yer alması bu ölkənin dünya mədəniyyəti və incəsənətinə hər zaman töhfə verdiyini bir daha təsdiqləyir".
Mükafatlandırma mərasimində Quba rayon incəsənət məktəbinin direktoru Mirkazım Cəfərov, Abşeron rayon Saray qəsəbəsi incəsənət məktəbinin direktoru Anar Quliyev, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək gənclərə yaradıcılıq uğurları arzulayıblar.
Sonda 5 nəfər qızıl, 5 nəfər gümüş medalla mükafatlandırılıb, 9 nəfərə isə Misir Mədəniyyət Nazirliyinin sertifikatları təqdim edilib.