Azərbaycan-Hindistan mədəni əməkdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib Mədəniyyət

Azərbaycan-Hindistan mədəni əməkdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri Adil Kərimli Hindistanın ölkəmizdəki səfiri Abhay Kumar ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə səfir kimi fəaliyyətə başlaması münasibətilə Abhay Kumarı təbrik edən nazir ona uğurlar arzulayıb. Adil Kərimli deyib ki, Azərbaycan ilə Hindistan arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəni mübadilənin təşviqi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Abhay Kumar səmimi qəbula görə təşəkkür edib, ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında və yeni əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasında maraqlı olduğunu vurğulayıb. Diplomat eyni zamanda Hindistanın mədəni irsinin, kino sənəti və mətbəx mədəniyyətinin təbliğinə yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Hindistan mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.