Messi Argentina Futbol Assosiasiyasından adının kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb edəcək İdman

Messi Argentina Futbol Assosiasiyasından adının kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb edəcək

“İnter Mayami” klubunun futbolçusu Lionel Messi Argentina Futbol Assosiasiyasından (AFA) adının, fotosunun və görüntülərinin kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

İddiaya görə, futbolçunun hüquqşünasları tərəfindən hazırlanmış rəsmi sənəd AFA-nın baş ofisinə göndəriləcək. Sənəddə assosiasiyadan Messinin adından, fotolarından və digər audiovizual materiallarından kommersiya məqsədilə istifadə etməmək tələb olunur.

Bildirilir ki, “Qızıl top”un səkkizqat mükafatçısı bu qərarı Argentina Futbol Assosiasiyasının ətrafında yaranmış maliyyə qalmaqalları, eləcə də qurumun Messinin kommersiya tərəfdaşları ilə fikir ayrılıqları ilə əlaqədardır. Messi öz imicinin Argentina futbolunun rəhbərliyi ilə əlaqələndirilməsini istəmir. Bu vəziyyətin futbolçunun beynəlxalq sponsorlarla münasibətlərinə mənfi təsir göstərə biləcəyi də vurğulanır.

Messinin narazılığına səbəb AFA-nın Argentina pivə markasına onun fotosunu pivə şüşələrinin üzərində yerləşdirməyə icazə verməsi olub. Halbuki futbolçunun ABŞ-nin pivə istehsalçılarından biri ilə reklam müqaviləsi var.

Qeyd edək ki, Messi Argentina millisinin heyətində 2008-ci ildə Olimpiya çempionu, 2022-ci ildə dünya çempionu olub. O, həmçinin 2021-ci və 2025-ci illərdə Amerika Kubokunun qalibi adını qazanıb.

39 yaşlı hücumçu Argentina millisində keçirdiyi 208 oyunda 126 qol vuraraq bu göstəricilər üzrə rekord sahibidir. Oktyabrın 6-da Benin yığması ilə keçirilən və 3:0 hesabı ilə başa çatan qarşılaşma onun milli komandada vida matçı olub.