12:40
301
Omanla hər iki oyun bizim üçün çox maraqlı və faydalı oldu. İlk matçda topsuz oyunda müəyyən çətinliklər gördük. İkinci qarşılaşmada bəzi dəyişikliklər etdik və bu, daha effektiv pressinq qurmağımıza imkan verdi. Hücum planımızda da müəyyən düzəlişlər etdik. Ümumilikdə nəticələrdən razıyam, amma oyun baxımından hələ çox işləməliyik. İstəyirik ki, futbolçularımız meydanda tələb etdiyimiz hərəkətləri tam yerinə yetirsinlər. Bunun üçün isə zamana ehtiyacımız var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyubov deyib.
O bildirib ki, təlim-məşq toplanışı daha çox futbolçunu yaxından tanımaq baxımından əhəmiyyət daşıyıb: “Bütün futbolçular haqqında bizə lazım olan məlumatları topladıq. İndi öz oyun fəlsəfəmizlə futbolçuların potensialı arasında düzgün balansı tapmaq daha asan olacaq. “Şimal” komandasından ilk dəfə yığmaya dəvət alan Niyazi Osmanovu bir ildir izləyirdik, onun bütün oyunlarına baxmışıq. Ümumiyyətlə, I Liqada çıxış edən bütün futbolçular diqqətimizdədir və siyahımızda yer alırlar. Niyaziyə gəlincə, onu hücumçu mövqeyində oynatmağa qərar verdik. Çünki hücumları tamamlamaq və topsuz oyunda düzgün hərəkət etmək baxımından yaxşı potensiala malik olduğunu düşünürük. Bizim üçün vacibdir ki, futbolçular öz klublarında düzgün inkişaf etsinlər. Belə olan halda millidə bizim də işimiz daha asan olacaq”.
Rəşad Eyubov komanda üzvlərinin etimadını qazandığına inamını ifadə edib: “Bunu demək bir qədər çətindir. Mən U-21 millisinə çox yaxşı bir məşqçidən sonra gəldim. Bizim üçün əsas məsələlərdən biri futbolçuların oyun fəlsəfəmizə inanması idi. Düşünürəm ki, komandanın etimadını qazana bilmişik”.