Pentaqon "Patriot" raketləri üçün xammal çatışmazlığı ilə üzləşib Dünya

Pentaqon "Patriot" raketləri üçün xammal çatışmazlığı ilə üzləşib

Pentaqon karbonlaşdırılmış viskoz qıtlığı ilə üzləşib və bu səbəbdən "Patriot" kompleksləri üçün zenit raketlərinin istehsalını sürətlə artıra bilmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2026-cı ilin əvvəlində ABŞ Müdafiə Nazirliyinin rəsmisi raket istehsalı üçün həyati əhəmiyyət kəsb edən bu materialın amerikalı tədarükçüsü ilə görüş keçirərək həcmlərin artırılmasını tələb edib. Lakin məlum olub ki, şirkət bunu edə bilmir, çünki o, xammalı yalnız Kanzas ştatındakı "Park Aerospace" zavodunda emal edir, karbonlaşdırılmış viskozun özü isə yalnız Fransada "ArianeGroup" şirkəti tərəfindən istehsal olunur.

"Park Aerospace"in rəhbəri Brayan Şor nəşrə müsahibəsində qeyd edib ki, fransız tərəfdaşa təzyiq göstərmək nəticə verməyəcək və buna cavab olaraq onlar əməkdaşlığı dayandıra bilərlər. Onun sözlərinə görə, Pentaqon nümayəndələri tədarük həcmlərinin artırılması tələbi ilə "ArianeGroup" rəhbərliyi ilə danışıqlar aparıblar. Lakin şirkətdən bildirilib ki, fransız hərbçiləri də daxil olmaqla digər prioritet müştərilərə zərər vurmadan ABŞ-yə tədarükü artırmaq mümkün deyil.

Məryəm Quliyeva