“Təcrübə. Düşüncə. Nəticə” adlı sərgi Mədəniyyət

“Təcrübə. Düşüncə. Nəticə” adlı sərgi

Martın 7-də "Artım" layihə məkanında "Təcrübə. Düşüncə. Nəticə" adlı sərgisi açılacaq. "Artım" lab layihəsi çərçivəsində reallaşan sərgidə rəssamlar Günay Əliyeva, Roman Qocayev, Yunis Novruzov, Şəlalə Salamzadə və Sofiya Əhədovanın müxtəlif spektrli instalyasiyaları nümayiş ediləcək. Günay Əliyeva məkana uyğunlaşan "Yola vermə. Yolunu vermə. Azarsan" adlı poetik instalyasiyasında öz həyat prinsip və düşüncələrini bölüşür. Sözün əsl mənasında üç kəlmə ilə ARTIM Lab layihəsində keçdiyi yolu xarakterizə etmək istəyən gənc araşdırmaçı-rəssam əl izlərinin xətləri ilə öz avtobioqrafiyasını təsvir edir.
Roman Qocayevin "Məni var edən şey yoxluğumdur" adlı instalyasiyası şəxsi təcrübədən qaynaqlanır. Rəssam stereotiplər, mental və fiziki dəyərlərin hökm sürdüyü cəmiyyət ideyası ətrafında öz mövqeyini göstərməyə çalışır. İnstalyasiya Qocayevin uşaqlıq təsəvvürlərinin və yetkin yaş təcrübəsinin əsasında ərsəyə gəlib.
Sofiya Əhədovanın "Ksenofobiya xəritəsi" humanizm ideyalarını vurğulayaraq, demoqrafiya xəritəsinin sürətli dəyişməsində rolu olan emiqrasiya və qloballaşma kimi mövzulara də toxunur. Şəlalə Salamzadənin "DIV" (Digital Intelligent Void) instalyasiyası bir-birinə zidd olan xaos və harmoniya ideyalarını əks etdirir. Şəlalə rəqəmsal dövrdən başlayaraq bəşəriyyət tarixini analizə edib, kəskin sistem dəyişiklikləri, kritik situasiyaları, münaqişələrin başlandığından əvvəl insanların adi gündəlik həyat tərzi sürdüyünü və heç nədən xəbərsiz olduqlarını vurğulayır.
Yunis Novruzov Bakı Qız qalasının tarixi, təyinatı və etimologiyasını uzun illər ərzində araşdıraraq, abidənin qədim musiqi aləti olan balabanla əlaqəsini müəyyən edib. Bu qənaətə o, Naxçıvanın Nəsirvaz kəndinin petroqlif-piktoqramları hərflərə böldükdən sonra gəlmişdir. Vizual olaraq analogiyanı kinetik instalyasiya vasitəsilə çatdırmağa çalışan Yunis, hər ikisinin mədəniyyətimizdə qədim tarixə malik olmasını göstərməyə çalışır. Açılış zamanı dəvət olunmuş müstəqil ekspertlər kurator-rəssam Sabina Şıxlinskaya və rəssam Faiq Əhmədin münsifliyi ilə layihənin qalibi seçiləcək. Qalib seçilmiş iştirakçı 2019-cu ildə YARAT-da 6 ay müddətinə rezidentura imkanını əldə edəcək. Sərgi müddətində iştirakçılar tərəfindən ustad dərslər, mühazirələrin keçirilməsi də nəzərdə tutulur.