

“Azərbaycan, Türkiyə, Pakistan liderlərinin Zirvə görüşü bütün dünyaya olduqca önəmli mesajdır. Xüsusilə də bu Zirvə görüşünün Azərbaycanın işğaldan azad olunmuş Şərqi Zəngəzur bölgəsində keçirilməsi daha böyük əhəmiyyət daşıyır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloqun sözlərinə görə, üç qardaş ölkə bütün dünyaya mesaj verdilər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və hər bir dövlət, yəni həm Azərbaycan, həm Pakistan, həm də Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış edirlər və hər hansı təhlükəyə qarşı eyni mövqedən müqavimət hərəkatına da hazırdırlar: “Bütün dünya üç qardaş ölkənin strateji müttəfiqliyinin növbəti dəfə şahidi oldu. Eyni zamanda, Pakistanın düşmənləri də, Türkiyənin düşmənləri də və Azərbaycanın düşmənləri də üç qardaş ölkənin vahid güc mərkəzi olaraq qlobal məkanda siyasi iradə mərkəzi kimi öz mövqeyini diqtə etmək qabiliyyətini növbəti dəfə müşahidə etmiş oldu. Təbii ki, bütün bunlar yaxın gələcəkdə hər üç ölkənin strateji müttəfiqliyinin qlobal məkanda göstərəcəyi təsiri ortaya çıxarmağa başlayacaq. Bu baxımdan hesab etmək olar ki, üç qardaş artıq bütün dünya üçün olduqca ciddi strateji müttəfiqlik örnəyidir və bu örnək qarşısında rəqib dövlətlər hesablaşmaq məcburiyyətində qalacaqlar”.
Röya İsrafilova