

Qazaxıstan prezidenti konstitusiyaya dəyişiklikləri açıqlayıb
Ağbənd-Kəlalə körpüsünün tikintisi bu ilin sonunadək başa çatacaq
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astara-Rəşt dəmiryoluna birgə baxış keçiriblər
“Azərbaycanda tekstil sənayesinin ənənələri var. Yəni sovetlər dönəmində Bakıda, Sumqayıtda, Gəncədə tekstil fabrikləri fəaliyyət göstərib. Amma həmin fabriklərin texnologiyası artıq köhnəlib və keçid dövründə o fabriklərin işləməsi, inkişaf etməsi təmin edilə bilmədi. Lakin hazırda Azərbaycanın həmin potensialı qalmaqdadır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O qeyd edib ki, tekstil sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycanda potensial var: “Azərbaycanda təbii xammal ehtiyatları kifayət qədərdir. Ölkədə pambıq, ipək istehsal olunur, fermerlərimiz baramaçılıqla məşğuldurlar. Eyni zamanda, yun, dəri istehsalı kifayət qədərdir. Yəni bunlar hamısı tekstil sənayesinin inkişafı üçün potensialdır. Ancaq bu potensialı reallaşdırmaqdan ötrü ölkəyə müasir texnologiyalar gəlməlidir və bu müasir texnologiyaları ölkədə tətbiq etmək lazımdır”.
A.Nəsirli eləcə də diqqətə çatdırıb ki, artıq Azərbaycanda Orta Dəhlizin inkişaf etdirilməsindən söhbət gedir: “Ölkədə şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri fəaliyyət göstərir. Bu nəqliyyat dəhlizləri də həmin məhsulların ixrac potensialını reallaşdırmaq üçün münbit şərait yaradır. Hazırda Azərbaycanda tekstil məhsulları dünyada brendləşməsə də artıq ixracatımız var. MDB ölkələrinə, Türkiyəyə və digər ölkələrə az da olsa tekstil məhsullarının ixracatı var və ölkədə hökumətin də bu sahəyə dəstək vermək meyilləri güclüdür. Çünki pambıq ölkədə strateji məhsul elan edilib. Hələ də bu, qüvvədədir. İpəkçiliyin, baramaçılığın inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Bu sahə də inkişaf etdirilir. Yəni hökumət xammal bazasını möhkəmləndirmək istiqamətində tədbirlər görüb. Əgər bu sahəni inkişaf etdirmək istəyən sahibkarlar sinfi ortaya çıxacaqsa, hökumət yəqin ki, onlara da dəstək verəcək”.
Röya İsrafilova