

Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində Rusiyanın ölkə daxilindəki təxribatlarının qarşısını almaq üçün genişmiqyaslı addımlar atır. Ermənistanın ikinci böyük şəhəri – Gümrünün rusiyapərəst meri Vardan Qukasyanın həbsi bu prosesin tərkib hissəsidir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Məlumdur ki, Moskva Paşinyanın hakimiyyətini zəiflətmək məqsədilə Ermənistan daxilindəki kilsə və siyasi müxalifət vasitəsilə seçkilər zamanı xaos və iğtişaşlar yaratmaq planı qurub. Bu planın mərkəzi isə Gümrü şəhəridir. Şəhərdə Rusiyanın 102-ci hərbi bazası yerləşir və yerli siyasi elita uzun illərdir Kreml yönümlü mövqeləri ilə seçilir" - politoloq deyib.
Onun sözlərinə görə, Paşinyan artıq orduda və təhlükəsizlik strukturlarında Rusiyaya bağlı şəxslərin təmizlənməsi prosesinə start verib. Növbəti mərhələdə hədəfdə Ermənistan Apostol Kilsəsinin baş keşişi, Katolikos II Qaregin və onun yaxın çevrəsi dayanır:
"Gələn il seçkilərə qədər Rusiyayönümlü müxalifət və Kilsə siyasi təsir dairəsindən çıxarılacaq. Bir neçə yepiskopun həbsi və onların istintaqa verdiyi ifadələr II Qaregini hakimiyyət çevrilişi planında iştirakda ittiham edə bilər. Bu isə Kilsənin siyasətə qarışması faktını daha da qabardaraq, II Qaregini istefaya məcbur edəcək əsas yarada bilər.
Paşinyanın əsas məqsədi həm kilsə, həm də siyasi müxalifət vasitəsilə ölkəyə təsir göstərən Rusiyanın “beşinci kolonu”nu tamamilə zərərsizləşdirməkdir. Qeyd edim ki, Apostol Kilsəsi də uzun illərdir Kremlin siyasi maraqları istiqamətində fəaliyyət göstərib.
Ermənistanda baş verənlər proseslər regionda təhlükəsizliyin təmin edilməsində mühüm faktordur. Çünki, Rusiya yönümlü qüvvələrin hakimiyyəti Azərbaycanla sülh prosesini dayandıra bilər".
Cavid