
Venesuelada narkokartellərlə əlaqəli yerüstü hədəflərə zərbə endirmək üçün Konqresin icazəsini almağa məcbur deyil. Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistin müvafiq sualına cavabında deyib. "Deməyə ehtiyac yoxdur. Bu, sübut olunub", - deyə Ağ Ev rəhbəri bildirib. Venesuela-ABŞ münasibətləri iki ölkə tarixində ən kritik mərhələyə qədəm qoyub.
ABŞ-ın bu ölkəni bombalaması və quru qoşunlarının Venesuelaya daxil olması nə qədər realdır?, - sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Politoloq bildirdi ki, ABŞ prezidentinin Venesuela ilə bağlı siyasətində əsas hədəf heç də iddia edildiyi kimi narkokartellərə qarşı mübarizə deyil. İddianın arxasında konkret səbəblər var. Bu uzaq məsafə üçün müəyyən edilmiş bir siyasətdir. Və məsələnin indiki məqamda böyüdülməsi də, məqsədli xarakter daşıyır. 4 ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir və ABŞ ilə AB Rusiyaya qarşı 19 sanksiya paketi tətbiq ediblər.
Hazırda 20-ci sanksiya paketi üzərində müzakirələr davam edir. Lakin ABŞ AB ölkələri üçün alternativ enerji resurslarını hələ də təmin edə bilmədiyi üçün Rusiyanın enerji resurslarından təzyiq aləti kimi istifadəsinin qarşısını ala bilmir. Bu fakt Rusiyanın maksimalist siyasət yürütməsinə səbəb olur.
Rusiyanın mövcud mövqeyi isə Tramp admnistrasiyasının Çinlə bağlı planlarını pozur. İllərdir ki, ABŞ admnistrasiyaları Çin iqtisadiyyatına təsir rıçaqları haqqında düşünürlər. Tramp hakimiyyəti öncəsi elə düşünürdü ki, bu problemin həllini yalnız o, bilir. Problemin həlli yolu isə 24 saata bitirə biləcəyi Rusiya-Ukrayna münahribəsindən dərhal sonra olacaq. Bu özünəinam deyildi, sadəcə özünəvurğunluğun göstəricisi idi. Lakin ən qısa zamanda reallıqla barışmaq məcburiyyətində qaldı.
Münaqişənin həlli uzandıqca AB ölkələrində mərkəzdənqaçma tendensiyaları baş verir. Bu vəziyyət ABŞ prezidenti üçün heç də ürəkaçan deyil. Nə enerji resursları ilə bağlı alternativ müəyyən edilməyib, nə də, təhlükəsizliklə bağlı real addımlar yoxdur. Əksinə qısnamalar və gömrük taariflərindən təzyiq aləti kimi istifadələr bu tendensiyanı daha da sürətləndirir. Tramp yaxşı bilir ki, Venesuela Rusiya enerji resurslarını əvəz edə biləcək imkanlardadır. ABŞ prezidenti əsıində ikili gəlir əldə etmək istəyindədir.
Birinci ABŞ şirkətlərinin təkrar Venesuelaya qayıdışını təmin etmək, ikinci isə AB-nin öz orbitindən çıxışını əngəlləmək. Düşünürəm ki, bunun üçün müharibəyə ehtiyac qalmayacaq. ABŞ müxtəlif təzyiq alətlərinə üstünlük verəcək.
Cavid