London və Pekin Vaşinqtona qarşı birləşdi Dünya

London və Pekin Vaşinqtona qarşı birləşdi

Böyük Britaniya baş naziri Kir Starmerin Çinə səfəri ABŞ-ın İrana hərbi müdaxiləsinin və eləcə də Rusiya–Ukrayna müharibəsi fonunda qlobal miqyasda ən vacib siyasi hadisə hesab edilə bilər.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Düşünürəm ki, baş nazirin Çinə səfəri ikitərəfli münasibətlərlə paralel, məhz ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasətlə birbaşa bağlıdır. ABŞ-la əlaqəli iki əsas məsələnin masada olduğu ehtimalı var. Hərçənd ki, səfərin yekununa dair əhəmiyyətli açıqlamalar olmayacaq. Səfər öncəsi Kir Starmerin dediyi münasibətləri "aydınlaşdırmaq" publik siyasətə aid deyil" - politoloq deyib.

Onun sözlərinə görə, birincisi, ABŞ-ın İrana hərbi müdaxiləsinin gündəmdə olduğu bir zamanda Çinin İrana faktiki açıq şəkildə geniş hərbi və siyasi dəstəyi ilə bağlı ola bilər. Bütün təhdid və güc nümayişinə baxmayaraq, İran ABŞ qarşısından çəkilmir, tələbləri qəbul etmir. Söz yox ki, İranın daha cəsarətli çıxışına xüsusən Çinin mövqeyi və dəstəyi çox təsirlidir. Hərçənd ki, Rusiya da İrana kömək göstərir. Odur ki, Kir Starmerin Çinə səfərinin bir hədəfi də Çinin İrana dəstəyini dayandırmaq istəyi ola bilər. Ancaq bunun o qədər də inandırıcı versiya və nəticə verəcəyinə inam azdır. Bəllidir ki, ABŞ üçün Çin birinci rəqibdir və Çinin iqtisadi və hərbi inkişafını dayandırmaq üçün ABŞ, Çini enerji daşıyıcıları və xammalla təmin edən əsas üç ölkədən - Venesuela, Rusiya və İrandan ixracı nəzarətə götürməyi planlayır. Venesuela ilə məsələ həll edilib. Rusiya Ukraynada zəiflədilir, Çinin əsas enerji daşıyıcıları təminatçılarından olan İrana ABŞ-ın hərbi müdaxiləsi ehtimalı yüksəlir:

"Bu baxımdan, Çinin iqtisadiyyatına böyük mənfi təsir edən nəticələrə səbəb ola biləcək İranla bağlı Britaniya ilə hər hansı sövdələşməyə gedəcəyi elə də real görünmür.

İkincisi isə və daha çox inandırıcı görünən Böyük Britaniyanın ABŞ prezidenti Donald Tramp siyasətinə qarşı imkanları səfərbər etmək niyyəti ola bilər. Trampın Avropaya qarşı təhdid siyasəti və tələbləri, Rusiyaya isti münasibəti, Ukraynaya təzyiqləri, Qrenlandiya məsələsi, NATO daxili parçalanma riskləri Böyük Britaniyanı Çinlə müəyyən razılaşmalara getməyə sövq edir. Nəzərə alsaq ki, son 8 ildir ki, Britaniya və Çin arasında yüksək səviyyəli qarşılıqlı səfərlər olmayıb və səfərin baş tutmasında Britaniyanın maraqlı görünməsi də ehtimalları ağırlaşdırır".

Həmçinin, Böyük Britaniya, Türkiyə, Azərbaycan arasında müttəfiqlik münasibətləri özünü 2020-ci il Vətən müharibəsi dövründə Britaniyanın blokladığı Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı tarixi fakt sübut edir. Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasında açıq maraqlı tərəfdir və 2024-cü ildə Azərbaycan və Çin arasında strateji əməkdaşlığa aid bəyannamənin imzalanması Azərbaycan tərəfindən etibarlı müttəfiq kimi Böyük Britaniyanın maraqlarını nəzərə almamağı mümkün deyil. Zəngəzur dəhlizinin TRIPP layihəsi kimi ABŞ-ın nəzarətinə keçməsi maraqlı tərəfləri biganə qoya bilməz:

"Hesab edirəm ki, Kir Starmerin Çinə səfərinin əsas məqsədi Donald Tramp siyasətinə qarşı Çinlə müəyyən razılaşmalar əldə etmək və Çinin Avropaya çıxışının, tranzitinin təmini müqabilində Çinin həm Rusiya ilə bağlı siyasətinə təsir etməkdir. ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşdığı bir zamanda İrana faktiki açıq və geniş hərbi dəstək verən Çinə NATO və "Beş Göz" daxilində müttəfiq olan Britaniya baş naziri Kir Starmerin Pekinə səfəri mahiyyətcə ABŞ-a qarşı yox, Donald Tramp siyasətinə qarşı açıq çıxmaq deməkdir. Yəni, belə yaxınlaşma müvəqqəti xarakter daşıyır. Şübhəsiz, bu səfərin Donald Trampın siyasətinə ciddi təsiri olacaq".

Cavid