21:18
511
“Vətəndaşlar tərəfindən prosesin bir qədər ağırlaşdığı düşünülsə də, qəbul edilən yeni qərar tamamilə qanunvericiliyin tələblərinə uyğundur”.
Bunu iqtisadçı ekspert Günay Hüseynova “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəlki sistemdə bir çox sahibkarlar vergidən yayınmaq məqsədilə qohum və tanış şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edərək müxtəlif adlar altında məhsul sifariş edirdilər:
“Bu isə birbaşa vergi pozuntusu olmaqla yanaşı, qanunun tələblərinin açıq şəkildə pozulması demək idi.SİMA və ya ASAN İmza ilə təsdiq mexanizmi prosesdə şəffaflığın artırılması baxımından mühüm addımdır. Lakin yeni qaydaların tətbiqi xaricdən sifariş edilən məhsulların qiymətlərində müəyyən artımlara səbəb olacaq. Prosesin tam şəffaf aparılması üçün mövcud mexanizmlər kifayət deyil.Xarici ticarət platformalarına bank kartları üzərindən edilən ödənişlərə nəzarət gücləndirilə bilər. Şəxsin rəsmi gəliri ilə alış-veriş intensivliyi arasında uyğunsuzluq olduqda, onun adından üçüncü şəxslər tərəfindən satış məqsədli sifarişlərin edilməsi ehtimalı yüksəlir.Yeni qərarın bazara və istehlakçıya təsirinə toxunan iqtisadçı bildirib ki, hər iki tərəf müəyyən itkilərlə üzləşsə də, əsas yük daha çox istehlakçının üzərinə düşür.Qaydalar sərtləşdikcə məhsulun maya dəyəri artır, bu isə satış qiymətlərinə birbaşa təsir edir və nəticədə bazarda alıcı qıtlığı yaranır. İdxal limitinin vaxtilə 1000 dollar olması və sonradan azaldılması da vergidən yayınma və sui-istifadə hallarının geniş yayılması ilə bağlı idi”.
Sonda Günay Hüseynova vətəndaşlara və sahibkarlara qeyri-qanuni üsullardan çəkinməyi tövsiyə edərək vurğulayıb ki, bu cür hallar əksər hallarda daha sərt qərarların qəbuluna və yekunda zərərin yenə onların üzərində qalmasına səbəb olur.
Günel Elxan