“İranın bundan sonra hansı mövqeyi tutacağı çox vacibdir” Gündəm

“İranın bundan sonra hansı mövqeyi tutacağı çox vacibdir”

“İranla Ermənistan arasında imzalanması planlaşdırılan hərtərəfli strateji əməkdaşlıq barədə sənədin necə olacağını ilk növbədə ABŞ müəyyən edəcək. Ermənistan o qədər müstəqil dövlət deyil ki, ABŞ-yə bu qədər yaxınlaşandan sonra onun əsas düşmənlərindən olan (İran açıq şəkildə ABŞ-ni əsas düşməni adlandırır) bir dövlətlə istədiyi şəkildə əməkdaşlıq sənədi imzalasın”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

A.Səmədov bildirib ki, bu sənədin mahiyyəti, eyni zamanda, İrana aviazərbələrin vurulub-vurulmamasından asılı olacaq və İranın bundan sonra hansı mövqeyi tutacağı çox vacibdir: “Bu səbəbdən hansı istiqamətlərdə razılığa gəlinəcəyini indidən söyləmək çox çətindir. İranın Ermənistandakı səfiri kommunikasiyaların açılması məsələsini xüsusi vurğulayıb. Söhbət təbiidir ki, İranın çoxdan arzuladığı Fars Körfəzi-Qara Dəniz beynəlxalq nəqliyyat dəhlizindən və onun işə salınmasından gedir ki, bu da kifayət qədər ağır məsələdir. Üstəlik, Ermənistanın maliyyə imkanları bu baxımdan çox məhduddur”.

O əlavə edib ki, həmçinin İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Ermənistandan keçməsini arzulayır: “Buna da hələ indiyədək nail ola bilməyib. Çünki burada da müəyyən maliyyə vəsaitinə ehtiyac var. Bu səbəbdən hələlik onların arasında imzalanacaq sənədin mahiyyəti barədə nəsə söyləmək çox çətindir. Bunun Azərbaycan üçün hansı strateji nəticələri olacağını müzakirələrdən və sənədin imzalanmasından sonra müəyyən etmək mümkün olacaq. Güman edirəm ki, imzalanacaq sənəd Azərbaycan-Ermənistan münasibətlərində elə bir ciddi dəyişiklik yaratmayacaq”.

Röya İsrafilova