“Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür” Gündəm

“Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür”

“Beynəlxalq münasibətlər sistemi yenidən formalaşdırılmağa çalışıldığından daşların yerinə otuzdurulması prosesi gedir. Bu mərhələdə hər nə qədər diplomatik kanallar açıq saxlanılsa da müharibədən də qaçılmır. Fərqli regionlarda müharibələr gedir, hətta sönmüş münaqişələr belə baş qaldırır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, alışdığımız qərarverici dövlətlər qədər orta güclər, hətta kiçik dövlətlər də ümumi prosesdən kənarda qalmaq istəmir, qurulacaq yeni nizamda söz sahibi olmaq, habelə resursların bölüşdürülməsi məsələsində uduzmamaq üçün var gücləri ilə çalışırlar: “Enerji resurslarına duyulan ehtiyac son dərəcə kritik mərhələyə çatıb. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən məsələlərdən biri ondan ibarətdir ki, adıkeçən resursu təzyiq müstəvisinə keçirtmir. Habelə, toqquşan, uzlaşmaz və barışmaz maraqların, rəqabətin mərkəzində balanslı, neytral mövqədə durmağı bacarır. Lakin bu, o mənaya gəlməməlidir ki, Azərbaycan konkret mövqe tutmur, qətiyyət göstərmir. Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür. Sözün konkret və məcazisi mənasında sərhədlərin harada başlayıb, harada bitdiyini düzgün müəyyənləşdirə bilir. Diplomatik kanalları heç zaman bağlamır, uzlaşmanın zəruri olduğunu göz önündə saxlayır. Diplomatiya da məhz budur. Elə bu məqamda demək yerinə düşür ki, sərhədlər bağlanarkən Azərbaycan dövlətini son dərəcə kəskin şəkildə tənqid edən tərəflər var idi. Sərhədlərin bağlı saxlanılması ilə bağlı uyğunsuz fikirlərin, hətta ittiham xarakterli açıqlamaların da şahidi idik”.

Politoloqun sözlərinə görə, bu gün özümüzdən həm şimalda, həm də cənubda gedən müharibə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyev heç bir qərarı əsassız almır: “Alınan hər bir qərarın arxasında məntiqli yanaşma, konkret məqsəd və səbəb-nəticə əlaqəsi dayanır. Bu baxımdan dövlət başçımız hər zaman bildirir ki, sərhədlər boyu təhlükəsizlik əsas amillərdən biridir. Daxildə heç bir risk yoxdur. Bütün potensial risklər xaricdəndir ki, Azərbaycan Lideri bu riskləri dəf etməyi bacarır, təhlükəsizliyi daxili olduğu qədər, xarici amil kimi zəruri bilir, bu cür də formalaşdırır. Məhz bunun nəticəsidir ki, Astara sərhədindən bu günə qədər Azərbaycana təhlükəsiz şəraitdə keçən müxtəlif dövlətlərin vətəndaşları 1161 nəfər təşkil edir. Onlar tərəfindən dövlətimizə təşəkkür ifadə olunur. Azərbaycan barış, anlaşma, uzlaşma, etimad körpüsüdür”.

O həmçinin vurğulayıb ki, ən ali səviyyələrdə Azərbaycana minnətdarlıq dilə gətirilir: “Şübhəsiz ki, bu, dövlət başçımızın hər zaman olduğu kimi yürüdüyü siyasətin, əsas və mahiyyəti etibarilə yürüdülən bu siyasətdə Azərbaycan vətəndaşlarını düşünməyin nəticəsidir. Habelə, Azərbaycan etimad göstəriləcək, söykəniləcək tərəf olduğunu bir daha sübut edir”.

Röya İsrafilova