“ABŞ danışıqlardan nəticə görə bilmirsə, yeni müharibəyə girə bilər” Gündəm

“ABŞ danışıqlardan nəticə görə bilmirsə, yeni müharibəyə girə bilər”

“İndiki vəziyyət onu göstərir ki, artıq danışıqlar dalana dirənib. Yəni dəfələrlə cəhd olub, amma ya İran, ya ABŞ tərəfindən bu, pozulub. Əsasən İran tərəfindən pozulub”.

Bunu xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib.

S.Hümbətov söyləyib ki, bu da mahiyyət etibarı ilə danışıqların sıfırlanacağı anlamı daşıyır: “Çünki ABŞ qanunvericiliyinə əsasən Prezidentin səlahiyyəti əməliyyatlar keçirməsi üçün 60 gündür. Bu 60 gün də bitib. Amma nəticə əldə olunmayıb. Hələ açıqlanan rəqəmlərə görə təxminən 25 milyard dollar da ABŞ İrandakı 40 günlük müharibədə pul xərcləyib. Belə olan halda ABŞ-nin geri çəkiləcəyi, bu qədər itki ilə çıxacağı düzü inandırıcı görünmür. İkincisi, İsrail bu məsələdə ABŞ-yə ciddi basqı edir. Üçüncüsü, bir tərəfdən İran özü danışıqlardan yayınır və ya iddialar irəli sürməyə başlayıb. Açıqcası, ABŞ-nin hərbi gücü İrandan dəfələrlə çox olduğu üçün Fars körfəzində, Oman dənizində və digər ərazilərdə strateji yerləri ABŞ nəzarətə götürə bilər, buna potensialı var. Yəni söhbət İranın daxilinə nüfuz etməkdən getmir. Amma bu nəzarətə götürmənin nəticəsi nə olacaq? Bu, bir az qaranlıqdır. Lakin hər vəziyyətdə bu, İrana sərf etmir”.

O vurğulayıb ki, böyük ehtimal ki, İranı bu məsələdə bu cür təhrik edən fonda güclər var ki, onlar da əslində bir növ ABŞ-İran qarşıdurmasını özləri üçün fürsət bilirlər: “O baxımdan düşünürəm ki, əgər ABŞ Yaxın Şərqdə nüfuzunu qoruyub saxlamaq üçün danışıqlardan nəticə görə bilmirsə, böyük ehtimal ki, yeni müharibəyə girə bilər və bu da daha dağıdıcı ola bilər. Yəni ilk 2 müharibədən fərqli olaraq bu dəfə ya ABŞ Yaxın Şərqdə boğazları tamamilə nəzarətə götürəcək, ya da ki, ABŞ tamamilə Yaxın Şərqdən çəkilməlidir. Bu da ABŞ-nin strateji planlarında yoxdur. Ona görə də böyük ehtimal hərbi müdaxilə ilə həmin əraziləri, strateji nöqtələri, dəniz yollarını ələ ala bilər”.

Röya İsrafilova