İranda radikal qruplar ABŞ ilə danışıqları pozmağa çalışır Gündəm

İranda radikal qruplar ABŞ ilə danışıqları pozmağa çalışır

Mümkün razılaşmaya doğru irəliləyişin olmasına baxmayaraq, İran daxilində ABŞ ilə danışıqları pozmağa çalışan sərt mühafizəkarlar qrupunun təzyiqi güclənib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin hesabatında deyilir ki, parlamentdə, dövlət mediasında və Milli Təhlükəsizlik Şurasında təmsil olunan bu qrupun nümayəndələri Vaşinqtona güzəştlərin edilməsinə qarşı çıxır və mitinqlər, media, eləcə də siyasi bəyanatlar vasitəsilə ictimai təzyiq kampaniyası aparırlar.

Bununla belə, nəşrin qeyd etdiyinə görə, İran rəhbərliyi bütövlükdə danışıqlar prosesini dəstəkləyir. Mənbələrin məlumatına görə, Prezident Məsud Pezeşkian dövlət televiziyasını danışıqları uğursuz kimi qələmə verdiyinə və daxili ixtilafları gücləndirdiyinə görə tənqid edib.

Həmçinin bildirilir ki, İranın danışıqlar qrupu daxili ziddiyyətlərə baxmayaraq, ABŞ ilə təmasları davam etdirir.

"NYT"-ın istinad etdiyi analitiklər hesab edirlər ki, sərt xətt tərəfdarları azlıq təşkil etsə də, hakimiyyətin bəzi strukturlarında və İslam Respublikası tərəfdarlarının bir hissəsi arasında öz təsirlərini qoruyub saxlayırlar.

Məryəm Quliyeva