"Netanyahu Trampın diplomatik xəttini gücləndirməyə çalışır" Gündəm

"Netanyahu Trampın diplomatik xəttini gücləndirməyə çalışır"

"Fikrimcə, İran üçün uranın zənginləşdirilməsi sadəcə texniki proses deyil, həm də suverenlik və milli güc simvoludur. Bu səbəbdən Tehran bu proqramdan tamamilə əl çəkmək niyyətində deyil. Uranı zənginləşdirmək həm daxili legitimlik, həm də regional güc balansında üstünlük deməkdir".

Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu “CNBC” telekanalına müsahibəsində deyib ki, ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı problemi diplomatik yollarla həll edə biləcəyinə inanır.

Ağ Ev rəhbəri ilə İran məsələsində ortaq məxrəcdə olduqlarını bildirən Netanyahu Trampın strategiyasını dəstəklədiyini vurğulayıb:

“Tramp hesab edir ki, uranın zənginləşdirilməsi problemini diplomatik təzyiq və sərt danışıqlar yolu ilə həll edə bilər. Məncə, ona şans verilməlidir”.

A.Tağıyevin fikrincə, Donald Tramp hesab edir ki, sərt diplomatik təzyiq və danışıqlar vasitəsilə İranı geri çəkilməyə məcbur etmək mümkündür. Bu, klassik kompromisdən çox, təzyiq diplomatiyası modelidir:

"Hesab edirəm mühribə və gərginliklə nəticələncək.
Burada Trampın strategiyası üç əsas amil üzəridə qurulur
1. İranı beynəlxalq aləmdə təcrid etmək,
2. İqtisadi sanksiyalarla zəiflətmək,
3. Danışıqlarda “qalibiyyət görüntüsü” yaratmaq.

İsrail Baş naziri Benyamin Netanyahu Trampın bu strategiyasını açıq şəkildə dəstəkləyir. Çünki İsrail üçün İranın nüvə proqramı birbaşa milli təhlükəsizlik təhdididir. Netanyahu “ona şans verilməlidir” deyərək, Trampın diplomatik xəttini gücləndirməyə çalışır.

Yekunda onu deyə bilərəm ki, bu üçlü münaqişə zəminində İran uran proqramını tam dayandırmaq niyyətində deyil, amma Tramp diplomatiya ilə bu prosesi məhdudlaşdırmağa çalışır. Netanyahunun dəstəyi isə ABŞ-İsrail ittifaqının İran məsələsində ortaq mövqedə olduğunu göstərir. Bu, daha çox siyasi oyun və təzyiq mexanizmidir, real tam həll deyil. Fikrimcə, hələ ki, hadisələr bu cür ziddiyətli, çözülməz şəkildə davam edcək".

Cavid